Sabirabadda 5 polis qadının burnunu sındırıb?

img

05-08-2013 [08:16]


  Sabirabad rayonundan sensasiya sayıla biləcək məktub daxil olub.

 Sabirabad şəhərinin Natəvan küçəsində yaşayan Naibə Etibar qızı Fətullayeva prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova, ombudsman Elmira Süleymanovaya, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova və bir neçə media orqanına başına gələnlərlə bağlı şikayət məktubu yazaraq, kömək istəyib.

 N.Fətullayeva yazır ki, təxminən bir həftə qohumlarının evindən dönərkən yaşadığı ünvana yaxın ərazidə polis basqınına məruz qalıb: «İyul ayın 24-nə keçən gecə saat 2 radələrində qohumumgildən evimizə gələrkən, darvazamızın tinində 5 nəfər polis işçisi qəfildən maşınlarını saxlayaraq, heç bir söz demədən, özlərini təqdim etmədən, qollarımı burub, ağzımı əlləri ilə bağladılar. Onlar məni huşumu itirənə qədər döyərək, ağır vəziyyətdə saçımdan tutub, sürüyə-süürüyə Polis Şöbəsinin arxa qapısından bölmə rəisinin otağına gətirdilər. Günorta saat 12:00-na qədər otaqda ağzı bağlı vəziyyətdə saxlanılmışam. İki polis serjantı da günorta 14:00-a qədər yanımda oturublar. Ağrıdan həkim çağırtmalarını istəsəm də, buna da şərait yaratmadılar. Ağrılarım o dərəcədə olub ki, vaxtında da şikayət edə bilmədim. Burun çəpərim sınıb, bütün bədənim qançırmadır. 9 yaşlı uşağımla artıq yaşayışımız heçə dönüb». 

 Şikayətçi yazır ki, hadisə ilə bağlı rəsmi izahat verməyə hazırdır. Lakin ona qarşı rəzillik törədənlər buna da imkan vermir. Tam əksinə, əvvəllər ona minnətçi düşənlər, indi bunu etməmək üçün onu açıq hədələyirlər: «İndi 5 polis nəfəri özlərini və heç bir əndazəyə sığmayan hərəkətlərini sığortalamaq üçün məndən şikayət veriblər. Əvvəlcə mənə yalvar-yaxar etdilər ki, səni səhv tutmuşuq, bizdən şikayət etmə. Amma israrımı gördükdə isə «Şikayət edəcəyin halda özünü ölmüş bil», - deyə, hədələdilər. Mən bu təhdidlərə görə hal-hazırda Sabirabaddan çıxmışam. Ancaq çox xahiş edirəm ki, Bakıda bu hadisəni nəzarətə götürsünlər. Çünki inanmıram, rayonda 5 polisi qoyub, mənim haqqımı, ümumiyyətlə, ədaləti müdafiə edən, qoruyan olsun. 

 Cənab Prezident! Hörmətli nazirlər! Mən, Azərbaycan vətəndaşı, bir qadınam. Məni ölümcül döyərək, yataq xəstəsi edən polis işçiləri haqqında ciddi  tədbir görməyinizi, qadınlıq haqqımın və ləyaqətimin bərpa olunmasına, müalicə olunmağıma köməklik etməyinizi xahiş edirəm. İnanıram ki, sizin müdaxilənizlə haqq öz yerini tutacaq».

İttiham olunan polislərinn mövqeyini dinləməyə hazırıq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA