"Milli Şuranın "B" planından danışmağın zamanı deyil"

img

04-08-2013 [19:17]



Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Tiflisdə şura üzvləri ilə görüşündən sonra müxalif düşərgədə ruh düşkünlüyü yaranıb. Belə ki, İbrahimbəyovun ölkəyə gəlməsinin məqsədəuyğun olmaması ilə bağlı qərarın verilməsi birmənalı qarşılanmır. Milli Şuranın üzvü, Azərbaycan Liberal Partiyanın sədri Əvəz Temirxan isə Tiflis görüşündən razıdır: 

 - Milli Şuranın Tiflis görüşünü müsbət qiymətləndirmək olar. Ən azından Milli Şuranın həmin toplantıda iştirak edən üzvləri və onların vasitəsilə şuranın digər təmsilçiləri vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirdilər. Vəziyyət isə o yerdədir ki, Rüstəm İbrahimbəyov doğrudan da sənədlərini qaydaya salmadan Azərbaycana gəlsə, onun Azərbaycandan qayıdaraq, sənədlərinin Rusiyada tərtib edilməsinə problem yarada bilərlər. Yəni, onun Azərbaycandan çıxmasına mane olarlar.

 - Əvəz bəy, bu məsələlər Sizə əvvəlcədən bəlli deyildi ki, belə bir problemi olan şəxsin vahid namizədliyini irəli sürdünüz? 

 - Açığı, məsələnin bu həddə çatacağını təsəvvür etmirdim. Amma, bir neçə ay bundan əvvəl lazımi şəxslərə Rüstəm bəyin vətəndaşlıq məsələsinin həll edilməsi ilə bağlı tədbir görülməsini təklif etmişdim.

 - Amma Rüstəm İbrahimbəyovun vahid namizəd olmasında ən çox israrı da Siz edirdiz? 

 - Bəli. Bunun nəyi pisdi ki? Milli Şura Rüstəm İbrahimbəyovun vahid namizədliyi ideyasının əsasında yaranıb. Yadınızdadırsa, mənim bir statusumu Putinə müraciət kimi qələmə vermişdilər. Əslində, indiki vəziyyət onu göstərir ki, həqiqətən də o zaman Putinə müraciət etməyə gərək var imiş. 

 - Azərbaycan Rusiyanın müstəmləkəsi deyil ki, onun problemlərini Putin həll eləsin. Məncə, bu yanaşmanızda məntiq yoxdur... 

- Əlbəttə, Azərbaycan müstəqil dövlətdir. Bu, Sovet İttifaqından qalmış bir məsələdir. Hamımız Sovet İttifaqının vətəndaşı olmuşuq, Rüstəm bəy də SSRİ vətəndaşı kimi Moskvada qeydiyyatda olub. Əslində, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşı deyil. Rusiya prezidentinin 6 fevral 1992-ci il tarixli fərmanı ilə Rusiyada pasport qeydiyyatında olan SSRİ vətəndşları Rusiya vətəndaşları elan ediliblər. 2002-ci ildə də yeni bir qanun çıxıb ki, əgər kimsə Rusiyada pasport qeydiyyatında olubsa və ondan sonra Rusiya və-təndaşı olmaq üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməyibsə, o, müvafiq icra hakimiyyəti orqanlarından Rusiya vətəndaşı olmadığı haqqında sadələşdirilmiş qaydada, yəni dərin yoxlamalar keçmədən arayış ala bilər. İndi Rüstəm bəyin hüquqi statusu ondan ibarətdir ki, o, Rusiya ərazisində yaşamış Sovet İttifaqı vətəndaşı olub, Rusiya vətəndaşlığını qəbul etməyib. Hazırda isə məsələyə aydınlıq gətirilməsi üçün sadə bir arayış lazımdır. 

- İndi həmin o sadə arayış verilməsə, Milli Şura başsız qalacaq? 

 - Xeyr. Mən hesab edirəm, əgər o sadə arayış verilməsə, onda Azərbaycan hakimiyyəti sübut etməlidir ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Bir də yaxşı olar ki, tələsməyək. Arayış niyə verilməsin ki? Biz çalışmalıyıq ki, o arayış verilsin və bütün söz-söhbətə son qoyulsun. Başa düşmürəm, biz nəyə görə, indidən Rüstəm bəyin namizədliyini kölgə altına salmalıyıq? Hələ böyük ümid var. Şəxsən mən ümid edirəm ki, Rusiya prezidenti Vladimir Putin Rüstəm İbrahimbəyovun vətəndaşlıq problemini tezliklə həll edəcək.

 - MSK seçkilərin oktyabrın 9-da keçiriləcəyini bəyan etdi. Bu isə o deməkdir ki, bir neçə gündən sonra seçki prosesi rəsmən başlayır, amma Milli Şuranın namizədi ölkədə deyil. Sizcə, gecikmirsiniz?

 - Xeyr, hələ gecikmirik. Çünki Milli Şura üçün 46 min imza toplamaq iki günün işidir. Bu səbəbdən də narahat olmağa dəyməz. Bütün mərhələləri lazımi qaydada keçmək üçün vaxtımız olacaq. 

 - Əvəz bəy, Tiflis görüşündən sonra Bakıya dönən Müsavat başqanı İsa Qəmbərin ilk açıqlamalarından biri o oldu ki, R.İbrahimbəyov Bakıya qayıtmalı idi. İ.Qəmbərin bu iradını haqlı sayırsınız?

 - Həmin iclasda Rüstəm İbrahimbəyovun indi Bakıya gəlməsinin məqsədəuyğun olmadığı barədə fikirlər səsləndirilib və yekun qərar da buna əsasən verilib. Çünki İbrahimbəyov indi Bakıya gələrsə, hakimiyyət tərəfindən onun barəsində saxta bir ittiham irəli sürə bilərlər. Eyni zamanda, onun haqqında əsassız, qanunsuz həbs-qətimkan tədbirinin seçilməsi və yaxud Azərbaycandan çıxmamaq haqqında qərarın verilməsi də mümkündür. Bununla da onun vətəndaşlıqla bağlı sənədlərini qaydaya salmaq üçün Moskvaya qayıdışının qarşısını ala bilərlər. Nəticədə Azərbaycan xalqının, Demokratik Qüvvələrin Milli Şurasının vahid namizəd ideyası iflasa uğrayar. Bax, bu səbəbdən də Tiflis müşavirəsində iştirakçıların əksəriyyəti indiki mərhələdə İbrahimbəyovun Azərbaycana gəlməsini məqsədəuyğun hesab etməyib. Mən, İsa Qəmbərin Rüstəm İbrahimbəyovun sənədləri ilə bağlı və vahid namizəd kimi qeydiyyatdan keçməsi ilə əlaqədar narahatlığını başa düşürəm. Amma, mən düşünürəm ki, yaxın zamanda həm İsa bəyin, həm Milli Şuranın, həm də bütövlükdə Azərbaycan xalqının Rüstəm bəyin ikili vətəndaşlığı ilə bağlı narahatlığı aradan götürüləcək.

- Prezident seçiləri ciddi prosesdir. Sizcə, buna hazırlaşarkən Milli Şuranın "B" planı olmalı deyildimi? 

- "B" planı haqqında "A" planı baş tutmadıqda danışmaq olar. İndi isə "A" planı reallaşmaqdadır. Gəlin, tələsməyək. Milli Şuranın "B" planından danışmağın zamanı deyil. Çünki belə bir müzakirə Azərbaycan xalqını ruhdan salır. Biz Rüstəm İbrahimbəyovun vahid namizədliyi üzərində təsadüfən dayanmamışıq. Rüstəm İbrahimbəyov görkəmli ziyalıdır, "Oskar" mükafatı laureatıdır, bütün dünyada tanınmış intellektualdır. O, bütün dünyada qəbul oluna biləcək şəxsiyyətdir. Məsələn, Qarabağ probleminin sülh yolu ilə Azərbaycanın xeyrinə həll olunmasında İbrahimbəyovun özünün şəxsiyyəti müsbət rol oynaya bilər. Ona görə də Rüstəm İbrahimbəyovun vahid namizədliyinin üzərindən xətt çəkilməsi barədə danışmağı doğru saymıram. Şəxsən mən bu barədə müzakirə aparılmasının qəbul etmirəm.

- Axı, R.İbrahimbəyov vahid namizəd olmayacaqsa, başqa birinin namizədliyi üzərində dayanmaq da vaxt aparacaq. 

 - Əgər ehtiyat namizəd məsələsini müzakirəyə çıxarsaq Rüstəm İbrahimbəyovun namizədliyinin üzərindən xətt çəkmiş olarıq. Ona görə də bu barədə danışmaq istəmirəm. Şəxsən mənim üçün vahid namizəd də, ehtiyat namizəd də, əsas namizəd də Rüstəm İbrahimbəyovdur. Eyni zamanda, Müsavat Partiyasının funksionerləri də, İsa bəy də başqa fikir söyləyirlərsə, onların da mövqe hüququnu tanımaq və hörmətlə yanaşmaq lazımdır.

 - Əvəz bəy, Milli Şurada başqa bir məsələ ilə bağlı da fikir ayrılığı var. Bir qrup - burada əsas tərəf AXCP-dir ki, vahid namizəd olmayacağı təqdirdə seçkilərin boykot edilməsinin tərəfdarı kimi çıxış edir, digər tərəf - Müsavat isə bu halda özü seçkiyə qatılacağını bəyan edir. Siz, hansı tərəfdəsiz?

- Liberal Partiya hesab edir ki, Milli Şura vahid namizədi Rüstəm İbrahimbəyovla seçkilərə gedəcək və qalib gələcək. Ondan sonra Rüstəm bəyin prezidentliyi dövründə demokratik islahatlar keçirəcəyik. Yəni, bizim mövqeyimiz bundan ibarətdir. Hazırda nə boykot, nə də təkbaşına seçkiyə qatılmaq barədə düşünmürük. Hesab edirəm ki, Milli Şurada təmsil olunan bütün qüvvələr Rüstəm İbrahimbəyovun vahid namizədliyi ilə seçkiyə getməyə köklənməlidir. İnanıram ki, Rüstəm İbrahimbəyov yaxın günlərdə bütün problemlərini həll edib Azərbaycana gələcək.

 - Sizcə, Milli Şura Rüstəm İbrahimbəyovla seçkiyə getsə, seçkinin nəticələrini necə ola bilər?

- Tam əminliklə deyə bilərəm ki, seçicilərin ən azı 70-75 faizi Milli Şuranın namizədi Rüstəm İbrahimbəyova səs verəcək.

 - Rüstəm İbrahimbəyov hələ ölkəyə gəlməyib, bir nəfər seçici ilə görüşməyib. Bu şişirldilmiş qənaət Sizdə hardandır?

 - Sağ olsun, AzTV və iqtidarın digər televiziya və radio kanallarını! Hətta uzaq dağ kəndlərində belə Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi olduğunu bilirlər və bu iqtidara dəstək vermirlər. Bu məsələdə hakimiyyətin nəzarətində olan bütün telekanalların rolu çox böyük olub. Xalq da bilir ki, kim bu iqtidarın əleyhinədirsə, deməli, o, xalqın tərəfindədir. Yəni, iqtidar Rüstəm İbrahimbəyovla bağlı əks-təbliğat aparmaqla onu çox yaxşı təbliğ edir.

  - Hakimiyyət də seçkiyə əliboş getmir. Seçki ərəfəsində iqtisadi artım, yeni obyektlərin açılışı və digər təbliğat kampaniyaları indidən başlayıb...

 - Hakimiyyət nümayəndələri iqtisadi artım deyəndə, seçicinin, vətəndaşın, sıravi insanların iqtisadi durumunun yaxşılaşdırılması, ölkə iqtisadiyyatının inkişafı kimi yox, bu məmurların xalqdan qopardığı, var-dövlətin, rüşvətin həcminin artdığını nəzərdə tuturlar. Xalqın damarından sümürüb milyarda çevirdikləri qanı artım kimi qəbul edən bu iqtidarın namizədinə heç bir normal adam səs verməz. Bunu əsas tutaraq deyirəm ki, xalq bu iqtidara səs verməyəcək. Çox təəssüf edirəm ki, bu iqtidar Rüstəm İbrahimbəyovun vahid namizəd olmasının qarşısını almaq üçün əlindən gələni edir. Ancaq hakimiyyət narahat olmasın, Milli Şura seçkilərdə qalib gələcək. Əslində, bu iqtidar Milli Şuranın vahd namizədi kimi Rüstəm İbrahimbəyovla danışıqlara getməlidir, özünün şəxsi, hüquqi, maliyyə təhlükəsizliyinə zəmanət almalıdır. Başqa namizəd bu zəmanəti verməyə də bilər, amma Rüstəm İbrahimbəyov bu zəmanəti verər. Ona görə də bu iqtidar özünün gələcəyinə zəmanət almaq üçün İbrahimbəyovun vahid namizəd kimi seçkiyə qatılmasına mane olmamalıdır.

reytinqinfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA