5 ay əvvəl təyin olunan rektor rüşvət almadığına görə cəzalandırılıb?

img

01-08-2013 [14:11]


Təhsil naziri Mikayıl Cabbarov Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət verib. Buna səbəb kimi, rektorun "universitetdə imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görməməsi” göstərilir.

Gəncə Dövlət Universitetinin (GDU) iqtisadiyyat fakültəsinin məzunu "Azadlıq”a deyir ki, keçmiş rektorun dövründə daha çox rüşvət alınırdı: "Bu il bizdən dövlət imtahanına görə 400 manat aldılar. Bunu da xəlvət edirdilər. Kafedra müdirləri pul yığa bilmirlər deyə, rektoru heç istəmirlər. Rektor tapşırır ki, pul yığılmayacaq, amma kafedra müdirləri özbaşına, xəlvət pul yığırlar”.

Hazırda universitetin tələbəsi olan Pənah da deyir ki, bu il imtahanlarda pul alınmayıb. "Tələbələr təcrübə məsələlərin də pulla həll etmək istəyirdilər, amma alınmadı. Onların pulunu geri qaytardılar”.

Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyev "Azadlıq”a açıqlamasında nazirin ona verdiyi şiddətli töhmətlə bağlı danışmaq istəməyib. Tələbələrin onun pul almadığına görə töhmətlə cəzalandırılması fikrinə gəlincə, rektor suala belə cavab verib: "Tələbələrin dedikləri məni sevindirir, amma bu barədə heç nə danışmayacam” deyib.

Qeyd edək ki, Yadigar Əliyev bu il fevralın 15-də ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA