İcra başçıları məhkəmədə toqquşdu: Süleyman Mikayılov Zakir Fərəcovdan nəyi tələb edir?

img

31-07-2013 [15:10]


 

Bakının Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov Abşeronun icra başçısı Zakir Fərəcovu məhkəməyə verib.

 

Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, icra başçılarının məhkəmədə üz-üzə gəlməsinin səbəbi Abşeronun icra başçısı Zakir Fərəcovun sərəncamı olub. S.Mikayılov  hesab edir ki, Z.Fərəcovun "Ekspress-11” fərdi müəssisəsinə sərəncamla ayırdığı torpaq sahəsi qanunsuzdur. İddiaya görə, həmkarının üzərində sərəncam verdiyi torpaq sahəsi, əslində, Qaradağ rayonunun inzibati ərazi hüdudlarına daxildir.

 Məhkəmədən aldığımız məlumata görə, məhz buna görə də Qaradağ rayon İcra Hakimiyyəti sözügedən müəssisə ilə bərabər, Abşeron rayon İcra Hakimiyyəti və Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldırıb: «Qaradağ rayon İcra Hakimiyyəti məhkəmədən Zakir Fərəcovun sərəncamını, müəssisə ilə bağlanmış icarə müqaviləsini, şəhadətnamənin etibarsız hesab olunaraq ləğv edilməsini və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri götürülməsi kimi tələblərini təmin etməyi xahiş edib».

 Mia.az-ın məlumatına görə, artıq S.Mikayılovun iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə proses keçirilib və həmin məhkəmədən qərarı tərəfləri qane etməyib. Bu səbəbdən də yuxarı məhkəmə instansiyasına şikayət verilib: «Qaradağ Rayon İcra Hakimiyyətinin "Ekspress-11” müəssisəsinə, Abşeron rayon İcra Hakimiyyətinə, Abşeron rayon Torpaq Şöbəsinə qarşı şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Elmira Nağıyevanın sədrliyi ilə araşdırılıb. Bir neçə gün əvvəl hakim 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını qüvvədə saxlamaqla, məsələnin Ali Məhkəməyə çıxarılacağı qənaətini yaradıb».

 Məsələ ilə bağlı tərəflərin mövqeyini də dinləməyə hazırıq.            


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA