Rüstəm İbrahimbəyov gəldi, İsa Qəmbər gecikdi, Mehman Əliyev qatılmadı - yenilənib

img

30-07-2013 [18:18]


Tiflisdəki müxbirimiz Aygün Muradxanlı xəbər verir ki, bu dəqiqələrdə Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumun təmsilçilərinin yığışdığı otelə gəlib. Hər kəslə salamlaşıb(musavat.com). 

Qeyd edək ki, Milli Şuranın 15-dək üzvü İbrahimbəyovla görüşmək üçün Tiflisə yola gediblər. Onlar bu dəqiqələrə kimi İbrahimbəyovun Gürcüstan paytaxtına gəlib çıxmasını gözləyirdilər.

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovu gətirən Moskva-Tiflis uçağı artıq Tiflisə çatıb. Yaxın 1 saatda Milli Şura sədrinin toplantı keçiriləcək Vere Palas otelinə gələcəyi gözlənilir. Xəbəri "Yeni Müsavat”a Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov verib.

Onun sözlərinə görə, otel rəhbərliyi ilə aparılan danışıqlardan sonra Milli Şuranın yığıncağının Vere Palasda keçirilməsi qərara alınıb. Onu da bildirək ki, Milli Şura üzvləri Tiflis toplantısını 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi zalda keçirmək istəsələr də, Gürcüstanın hökumət qurumları bunun üçün rəsmi müraciət istəyib: "İndi həmin bina muzey kimi istifadə olunur. Biz bu gün Milli Şura sədri Rüstəm İbrahimbəyovun imzası ilə gərəkli müraciəti ünvanına çatdıracağıq. Böyük ehtimalla sabah Milli Şura üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi tarixi binada toplantı keçirəcək”.

***
Tiflisin "Vera Palace” otelində Milli Şurada təmsil olunan müxalifət partiyalarının rəhbərləri və funksionerləri ilə Rüstəm İbrahimbəyovun görüşü başlayıb. Musavat.com-un müxbiri xəbər verir ki, toplantının ilk dəqiqələrində mətbuat nümayəndələrinə görüntü çəkməyə icazə verilib, hazırda iclas qapalı davam etdirilir.

***

Tiflis vaxtı ilə saat 18.00-da Milli Şura üzvləri Vere Palaced-nin toplantı zalına toplansa da, yığıncağı başlamaq mümkün olmadı. Səbəb Müsavat başqanı İsa Qəmbərin toplantı keçirilən zala gəlməməsi idi. 20 dəqiqə sonra yığıncağa qatılan İsa Qəmbər bildirdi ki, ona toplantının 18.30-da keçiriləcəyi bildirilib və o, yığıncaq zalına deyilən vaxtdan 10 dəqiqə tez gəlib. Yığıncağa gecikən şəxslər sırasında Turan İA-nın direktoru Mehman Əliyev də var. Mehman Əliyev bu saata qədər də yığıncağa qatılmayıb.

Yığıncaq başlanan zaman jurnalistlərin zaldan görüntü almasına icazə verildi. Daha sonra toplantının qapalı keçiriləcəyi bildirilərək jurnalistlər zaldan çıxarıldı. Onu da qeyd edək ki, Gürcüstandakı yerli və beynəlxalq media Azərbaycan müxalifətinin toplantısına ciddi maraq göstərir. Çoxsaylı jurnalistlər Azərbaycan media təmsilçiləri ilə bərabər yığıncağın başa çatmasını gözləyir.

Eldar Namazovun sözlərinə görə zal 2 saatlıq icarəyə götürülüb, ancaq toplantı daha tez başa çata bilər. İsa bəyin gəlişi gözlənilən zaman jurnalistlər Rüstəm İbrahimbəyova sual vermək istəsələr də o, yumşaq şəkildə cavabdan imtina etdi: "Sual verə bilərsiz, ancaq cavab olmayacaq”(musavat.com).






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA