Qənirə Paşayevanın əmisi oğluna sərt ittiham: “Deputatın qohumları oğlumu zorla əlimdən alıb”

img

30-07-2013 [15:22]



"Mən düz 3 ildir övladımın üzünə həsrət qalmışam”. Bunu  Bakı şəhər sakini Emin Əkbər oğlu Əliyev deyir.

E.Əliyev bildirir ki, keçmiş həyat yoldaşı və onun valideynləri 4 yaşlı oğlu Ömər Əliyevlə görüşməsinə icazə vermir: "2008-ci ildə İlahə Şahin qızı Paşayeva ilə ailə həyatı qurduq. 2009-cu ildə oğlum Ömər dünyaya gəldi. Bundan sonra keçmiş həyat yoldaşımın ailəsinin mənə münasibəti dəyişdi. Yersiz ittihamlar, xüsusilə də İlahənin anası Təranə Paşayevanın ailəmə müdaxiləsi evimizdə narazılıq yaradırdı”.

Şikayətçi söyləyir ki, İlahə Paşayeva ilə 1 il 6 ay nikahda olub: "Doğrusu, cəmi bir ay bir yerdə yaşamışıq. Mən Tovuz rayonunda Gömrük İdarəsində işləyirdim. İlahə isə rayonda qalmaq istəmirdi, darıxırdı. Buna görə də tez-tez Bakıya, valideynlərinin yanına gedirdi”.

E.Əliyev ailəsindəki əsas narazılıq və münaqişənin keçmiş qaynatasının onun Tovuzdakı iş yerinə gəlməsindən sonra yarandığını deyir: "Artıq narazılıqlar yaranmışdı. Amma əsl problem keçmiş qaynatamın işlədiyim quruma gəlməsi ilə başladı. Mən çalışdığım kollektivin qarşısında şəxsi işlərimin müzakirəsinə icazə vermədim. Bundan narazı qalan İlahənin atası Şahin Paşayev həyat yoldaşımı və oğlumu götürərək Bakıya qayıdıb. Mən xəbərim olmadan ailəmin aparılmasına etiraz etdim. Qarşı tərəf isə müəyyən şərtləri olduğunu, yalnız bundan sonra ailəmlə görüşə icazə verəcəklərini dedi. Şərtlər sırasında isə valideynlərimdən imtina etmək də vardı”.

Oğlan evindən gedən nümayəndələrə də "yox” cavabı verilib. Qız evi E.Əliyevi oğlu ilə görüşməyə icazə verməyəcəkləri ilə hədələyib. E.Əliyev belə iddia edir: "Hətta keçmiş qaynanam direktor olduğu 153 saylı məktəbdə kollektivin qarşısında mənim haqqımda sərt və xoşagəlməz ifadələr işlədib, övladımla görüşə icazə verməyəcəklərini deyib. Hazırda dediklərini edirlər də, oğlumla görüşməyimə şərait yaratmırlar. Bu qadağalar ucbatından doğma oğlumla üç ildə cəmi iki dəfə görüşə bilmişəm. Bu ailə övladımı əlimdən zorla alıb”.

Şikayətçi 2010-cu ildə uşaqla görüş hüququnun bərpa olunmasına dair Yasamal Rayon Məhkəməsində iddia qaldırıb: "Tələbim oğlum Ömərlə həftənin cümə, şənbə və bazar günləri, o cümlədən bayramlarda görüşmək idi. Çünki mən bir ata kimi övladıma qayğı göstərmək, onun tərbiyəsi ilə məşğul olmaq istəyirəm”.

Məhkəmə iddianı qismən təmin edərək E.Əliyevin oğlu ilə həftənin bazar günü ananın iştirakı ilə görüşməsinə dair qərar çıxarıb. Amma mübahisə bununla da bitməyib. Ana onun iştirakı olmadan görüşmələrini tələb edərək məhkəmə iddiası qaldırıb: "İlahə oğlumu görüşə gətirməkdən imtina edir. Bir dəfə İlahənin bacısının iştirakı ilə oğlumla görüşdüm. Amma keçmiş baldızımın yersiz müdaxiləsi nəticəsində görüş alınmadı. İlahə Paşayeva mənimlə üz-üzə gəlmək istəməməsini ailə qurması ilə əlaqələndirir. Amma ailə qurmasına dair sənəd təqdim etmir”.

3 ildir davam edən məhkəmə çəkişmələri, qarşılıqlı ittihamlar, həmçinin bir-birlərindən hüquq-mühafizə orqanlarına şikayət etmələrinə baxmayaraq tərəflər arasında hələ də razılıq əldə olunmayıb. Şikayətçi deyir ki, keçmiş həyat yoldaşı deputat Qənirə Paşayevanın əmisi nəvəsidir: "Keçmiş qaynatam Şahin Paşayev deputat Qənirə Paşayevanın doğma əmisi oğludur. O və ailə üzvləri deputatın adından gen-bol yararlana, istədiklərini edə bilirlər. Tovuz rayon Gömrük İdarəsindəki işimdən də bu cür uzaqlaşdırıldım. İdarənin rəhbərliyi mənə açıq-aşkar etiraf etdi ki, bu addımı keçmiş qaynatamın təzyiqi altında atıb. Amma insaf naminə deyim ki, Qənirə xanım belə işlərə müdaxilə etmir. O, həmişə həqiqətin tərəfdarı olur”.

Nəhayət , E.Əliyev hələ də görüş zamanı ananın iştirakını vacib sayır, baxmayaraq ki, qarşı tərəfin bununla bağlı iddiası təmin olunub. Şikayətçi deyir ki, yalnız uşağın mənafeyini nəzərə alaraq övladı ilə görüşəndə keçmiş həyat yoldaşının orada olmasını tələb edir: "Sonuncu dəfə bu ilin mayında oğlumla görüşdüm. Lakin uşaq ağlayıb mənə yaxın gəlmədi. Bunu təsdiq edən akt da var. Uşağın psixoloji durumu mənə hər şeydən çox vacibdir. Buna görə də yaxın qohumlarının deyil, anasının orada olması, Ömərin sakitləşməsi lazımdır”.

Qeyd edək ki, Ailə Məcəlləsinin 60.1 və 60.2-ci maddələri də uşağın mənafeyinin hər şeydən üstün olduğunu deyir. Belə ki, qanuna görə, valideynlik hüquqları uşağın mənafeyinə zidd həyata keçirilə bilməz, valideynlik hüququnu həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirməməlidilər.

Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Hümayədarlıq Komissiyasının təqdim etdiyi sənəddə də Ömərin körpə olduğunu nəzərə alaraq anasının iştirakı iıə görüş verilməsini tövsiyə edir.

Ata iddia edir ki, məhkəmə çəkişmələrində əsas məqsəd onu övladından məhrum etməkdir: "Qarşı tərəf oğlumla onların evində görüşməyimi tələb edir. Bu isə mümkün deyil. Ona görə də sonadək mübarizə aparmaqda israrlıyam”.

Qeyd edək ki, İ.Paşayeva ilə əlaqə yaratmaq istəyimiz baş tutmadı. Lakin yazıda adı keçən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.  

virtual.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA