Rektor və prorektorun bəraət tələbi 3 dəfə təxirə salındı

img

30-07-2013 [11:55]


2010-cu ildə fəaliyyəti Təhsil Nazirliyi tərəfindən dayandırılan Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru Muğan Salahov, prorektor Ramazan Hüseynov və xəzinədar Nemət Həsənovun işi Ali Məhkəmədən geri qaytarılan işi üzrə Bakı Apellyasiya məhkəməsində keçirilən proses 8 gün ərzində 3 dəfə təxirə salınıb.

Mia.az-ın xəbərinə görə,  Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baxılan bu iş üzrə iyulun 17-dən bu günə qədər 3 dəfə proses saatı təyin olunsa da, heç birində qərar açıqlanmayıb: «Tam əksinə, nə iyulun 17-də, nə 22, nə 25-i nəzərdə tutulan iclaslar təxirə salınıb. Hakim bu dəfə iyulun 30-na iclas elan edib. Bu dəfə hansı qərar veriləcəyi isə az sonra bilinəcək».

 Xatırladaq ki, 2010-cu ildə hər üç şəxsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həbs edib. Onların barəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda özgə əmlakını ələ keçirməklə törədilən dələduzluq, mənimsəmə və israf etmə maddələri ilə aparılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

 Məlumata görə, Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 179.3.2, 193-1.3.2, 213.2.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham olunan Muğan Salahov, Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 193-1.3.2, 213.2.2 və 313-cü maddələri ilə itiham edilən Nemət Həsənov və Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 179.3.2, 193-1.3.2, 311.3.1, 311.3.2, 313-cü maddələri ilə ittiham olunan Ramazan Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalıblar: «Məsələnin ən maraqlı tərəfi budur ki, 612 şikayətçinin pulunu mənimsəməkdə və yuxarıda göstərilən digər əməlləri törətməklə 9-10 maddə ilə ittiham olunan bu şəxslərə Bakı Ağır cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə şərti iş verib. Belə ki, məhkəmənin hökmü ilə Muğan Salahov 4 il, Ramazan Hüseynov 3 il, Nemət Həsənov isə 2 il şərti azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Nə qədər qəribə görrünsə də, o zaman şikayətçilərdən bəziləri ilə yanaşı, rektor və ətrafı da bu hökmdən narazı qalıblar.  Muğan Salahov və ətrafı dəymiş zərərin böyük hissəsini ödədiklərini və səhhətlərini əsas gətirərək, cəzanın ağır olduğunu bəyan edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA