Hacıbala Abutalıbovdan Avropa Məhkəməsinə şikayət

img

28-07-2013 [17:18]



"73 yaşım var. Mən bu yaşda orda-burda qalmamalıydım. İndi qızımın evində yaşayıram. Mən bu hadisədə çox sarsıntı keçirdim”. Bunu  1 il əvvəl "Bayraq Meydanı”na görə evi sökülən Xalıq Bağırov deyib. 

O, Səbail rayonunda A.Quliyev küçəsində yaşayıb. Deyir ki, qeydiyyatı hələ də sökülmüş evədir. İndi "Əhmədli” metrostansiyasının yaxınlığında yaşayır. Əvvəl 3 otaqlı mənzildə yaşasa da, indi iki otaqlıda qalır. Səbail rayonunda yaşadığı yerin gözəl havası, şəhərə yaxınlığı, qazı-suyu, işığı olan bir yer kimi xatırlayır. İndiki evi şəhərdən kənar, qazı olmayan, qışı soyuq və kommunal xərcləri baha yer kimi təsvir edir: "O yeri itirməkdə çox uduzduq. Əgər orada ”Bayraq Meydanı" tikildisə, demək, gözəl yer idi. O ev söküləndə nə qədər stress keçirdik. Məhkəmələr çox uzandı, həm də bizim əleyhimizə qərar çıxardılar. Qanunu elə özləri pozdular". Bağırovlar ailəsinin 5 nəfər üzvünün qeydiyyatda olduğu evin davası Avropa Məhkəməsinə hazırlanır. Ölkə məhkəmələrində onların bütün iddiaları rədd edilib.

Xaliq Bağırov Hərbi Dəniz Qüvvələrində evlər idarəsinin rəisi işləyib. Oradan xidməti mənzil alıb. Həmin mənzili təqaüdə çıxandan sonra özəlləşdirib, evə "kupça” alıb. 1958-ci ildən Bayıl qəsəbəsində, 1988-ci ildən isə hazırda qeydiyyatda olduğu sökülən evində yaşayıb: "Burada o şəraiti qura bilməmişik. Bu mənzilə alışa bilmirəm. Evim söküləndən sonra şəkər xəstəliyinə tutuldum. Müalicə üçün dörd dəfə Irana getmişəm. Sol ayağımın barmaqlarını kəsdilər. 1 ildən çoxdur yataq xəstəsiyəm”.

X.Bağırov xanımı ilə birlikdə ümumi 315 manat təqaüd alır. Bu pulun 25 manatı hər ay kommunal xərclərə, 30-40 manatı da onun dərmanlarına gedir. Gündə şəkər əleyhinə 4 dəfə insulin vurur: "Ömür boyu hökumətə xidmət eləmişəm, axırda hökumət məni bu günə saldı”.

Həmin küçədə evi sökülən digər sakin Laləzar Quliyeva İcra Hakimiyyətinin evləri sökəndə heç kimi razı salmadığını deyir. "Üç otaqlı evim var idi. Təzə təmir elətdirmişdim. 1500 manat o evin pulu deyildi. O vaxt çox yerə şikayət etdik. Borc aldım, bəzi əşyalarımı satdım, özümə şərait düzəltdim. Onların verdiyi pulla ev almaq mümkün deyildi. Buna görə də məhkəməyə şikayət elədik”.

"Bayraq Meydanı”na görə evləri sökülən sakinlərin ayrı-ayrılıqda 3 məhkəmə işləri var. Amma onların tələbləri eynidir. Onlar evlərin söküntüsü ilə bağlı Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzaladığı 71 saylı sərəncamın ləğv edilməsini və iddiaçıların hər birinə 20 min manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb edirlər. Şikayətçilərin vəkili Şəfa Camalzadə bildirib ki, ölkə içi məhkəmlərdə sakinlərin iddiaları təmin edilməyib. O, işləri Avropa Məhkəməsinə hazırlayır. "Bu yaxınlarda Ali Məhkəmə Xalıq Bağırovun şikayətini təmin etmədi. Hazırda sənədlər Avropa Məhkəməsinə hazırlanır”.

Bakı Şəhər Icra Hakimiyyətindən deyiblər ki, hüquqşünaslar məzuniyyətdə olduqlarına görə bu məsələyə münasibət bildirməyəcəklər.

Qeyd edək ki, 2012-ci ildə Dövlət Bayraq Meydanının inşası və Bakı bulvarının ərazisinin genişləndirilməsi ilə bağlı ərazi sökülüb yerində əyləncə-istirahət məqsədli park-bağ kompleksi salınıb. Sakinlərin evləri məhkəmə qərarı olmadan uçurulub(azadliq.info).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA