“Məni həbsxanaya salmaları nəyi dəyişəcək ki?”

img

27-07-2013 [13:58]



Xəbər verildiyi kimi, "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı iki yeni məhkəmə iddiası qaldırılıb. İddiaçılardan biri Q.Zahidin cinayət məsuliyyətinə cəlb edilməsini, digəri isə 50 min manat təzminat ödəməsini tələb edir.

Q.Zahid ona qarşı qaldırılmış iddialarla bağlı vəziyyəti "Bizim Yola” şərh edib: "Açığı, mənim üçün də təəccüblüdür ki, nədən son zamanlar məni məhkəmə ilə, filanla qorxutmağa çalışırlar. Bir neçə ay bundan əvvəl iki nazirin iddiasi mənə təəccüblü gəlmişdi, çünki hər iki nazir faktiki olaraq, hüquq mühafizə orqanının rəhbəri olaraq məhkəməyə təqdim ədilən materialda cinayət tərkibinin olmadığını yaxşı bilirdilər. Həqiqətən də, mən işlərimin çoxluğuna baxmayaraq, Bakıya gəlmək istəyirdim ki, bu təəccüblü məhkəmə iddiasının səbəblərini daha yaxından bilim. Amma hər iki iddiaçı iddialarını gəri çəkdilər və mən Bakıya gəlmək və orada vaxt itirmək əziyyətindən xilas oldum".

Baş redaktor indiki iddialardan birşey başa düşmədiyini dedi: "Birincisi, həbsxanada oturan bir adamın həbsxanada olmayan bir adamı həbs etdirmək iddiası ilə məhkəməyə müraciət etməsi elə həmin həbsxana qaydaları ilə bir araya sığmır. Tutaq ki, mən həmin Hüseynağa Babayevin iddiası əsasında həbs olundum və getdim oturdum həbsxanada. Allah onun qapısını açsın, amma bu adam mən həbs ediləndən sonra oralarda nə iş görəcək, onu təsəvvür ədə bilmirəm. Mənə elə gəlir ki, bu iddia həbsxanada oturan bir adamın könüllü iddiası ola bilməz. Deməli, ortalıqda nəsə başqa niyyət var. İkinci iddia ilə bağlı da anlaşılmazlıq var. Mən hamıya, iddiaçıya da, məhkəməyə də, ictimaiyyətə də xatırlatmaq istəyirəm ki, AXCP sədri Əli Kərimliyə qarşı terror aktının planlaşdırılması ilə bağlı məlumatı verən şəxs indi də həbsxanadadır və biz bu məlumatı çap edəndə həmin Təhmasib Novruzovun da mülahizələrini dərc etmişik. Yəni, istər Cinayət Məcəlləsinə görə, istərsə də KİV haqqında Qanuna görə bu iddiaların heç bir əsası yoxdur. Deməli, işin içində ciddi bir inzibati sifarişin olduğu şəksizdir. Həm də, axı, kimə aydın deyil ki, bu iddiaların arxasında bu qəbildən olan sifarişlər dayanır? Başqa tərəfdən, tam səmimi olaraq deyirəm ki, əgər bizim hüquq mühafizə orqanlarımız məni həbsxanada görmək istəyirlərsə, mən gəlib həbsxanaya girə bilərəm. Ona görə yox ki, onları sevindirmək istəyirəm. Ona görə ki, mənim həbsxanada və ya bayırda olmağım Azərbaycandakı inzibati hakimiyyətin nə təyinatını, nə də taleyini müəyyən edir. Yaxud, tutaq ki, bunlar "Azadlıq" qəzetini məhv etmək istəyirlər. Bu nəyi dəyişir ki? Bəlkə bir "İstibdad" adlı qəzət buraxaq və orada "Azadlıq"da yazılanlar yazılsın... Eyni oxucu sevgisi bircə həftəyə qazanılacaq. Amma birincisi, heç kim unutmasın ki, "Azadlıq"ı məhv ətmək istəyən hər bir qrup, element, ünsür Azərbaycan tarixinə ən murdar imzalardan biri kimi düşər. İkincisi, əgər, mənimlə bağlı bu siçan- pişik oyununu "Azərbaycan Saatı"na görə etmək istəyirlərsə, bu da lüzumsuz məsələdir. Bu ox bu yaydan çıxıb. Azərbaycan xalqı müstəqil telekanalı izləməyə başlayacaq. Bu məsələlər həll edilib bitib və mənim həbsdə olmağım da bu məsələni yarıda saxlaya bilməz, öldürülməyim də. Məncə, ən ağıllı yol, "Azərbaycan Saatı"nın prinsiplərini Azərbaycan efirinə daşımaqdır. Yəni, qadağan edilən insanların və xəbərlərin Azərbaycan tamaşaçısına təqdimatından qorxmamaq lazımdır. Üçüncüsü, bu günlərdə Azərbaycanda Mətbuat günü qeyd edildi və mən bu tədbiriəri təşkil edenlərin hamısına xor baxmaqda haqlıyam. "Azərbaycan Saatı"nı heç kim "xatırlamadı". Qorxaqlıq və ifrat ehtiyatkarlıq yaxşı xüsusiyyət deyil və həmkarlarımın hamısından xahiş edirəm ki, bir az daha cəsarətli olsunlar. Nəhayət, mən neyləməliyəm ki? Gedib həbsxanada oturmalıyam, yoxsa, Azərbaycan xalqının möhtac olduğu informasiya təminatı işləri ilə məşğul olmalıyam?” ("Bizim yol").

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA