Evsiz jurnalist prezidentə müraciət etdi: "Media aləmində böyük etirazlar var"

img

21-07-2013 [13:13]


Tanınmış jurnalist Aygün Muradxanlı prezident İlham Əliyevə müraciət edib. Mia.az jurnalistin müraciətini olduğu kimi təqdim edir: 

"Cənab Prezident!


Mən 1991-ci ildən bugünə qədər Aygün Muradxanlı imzası ilə Azərbaycan mediasında çalışıram. İşlədiyim illərdə hər zaman azad sözə xidmət etməyi əsas vəzifəm saymışam.

Uzun illərdir işləsəm də evim yoxdur. 1999-cu ildən bəri kirayədə yaşayıram. İki övladım var. Azərbaycanda yaşamaq imkanımız qalıbsa, bu il 8-ci və 6-cı siniflərdə təhsil alacaqlar. 8 il öncə Parlament Jurnalistlər Birliyinin üzvü kimi jurnalistlər üçün yaşayış binası tikilməsi təşəbbüsü ilə çıxış edənlərdən biri də mənəm. Aylarla Bakı şəhər İcra Hakimiyyəti ilə bu məsələ ilə bağlı danışıqlar aparmışdıq, Mətbuat Şurasını sədri Əflatun Amaşova bu məsələni hökumət qarşısında qaldırmağı üçün konkret təkliflər vermişdik.

Nəhayət illər sonra bu təşəbbüs üzrə sərəncam imzaladı. Bütün evsiz jurnalistlər kimi mən buna çox sevinmişdim. Çünki nəhayət uzun illər xidmət etdiyimiz dövlət həyatımızın ən böyük və çözülməz problemiin həll edəcəkdi. İyulun 22-də Sizin sərəncamınızla jurnalistlər üçün tikilən binadakı mənzillərdən birinə iddialı idim. Ancaq çox təəssüf, tam fərqli mənzərə ilə qarşı-qarşıyayıq. 156 mənzildən yalnız 30-35-i ehtiyacı olanlara verilib. Təsəvvür edirsinizmi, 156 mənzildən cəmi 1/5-i. Digər mənzillərin sahibləri buna qədər hətta bir neçə mənzili olan şəxslərdir. Mənzil alanlar sırasında baş redaktorların olması isə evsiz jurnalistlərin böyük təəccübünə səbəb olub. Axı, Sizin Sərəncamınızda binanın ehtiyacı olanlar üçün tikildiyi bildirilir.

Baş redaktorların çoxu paytaxtın mərkəzində lüks mənzillərin sahibidirlər. Rəhbərlik etdikləri media orqanlarında evsiz jurnalistlər olduğu halda nədən məhz onların adı mənzil siyahılarına salınıb?

Ev bölgüsündə ən qaranlıq məqam isə mənzillərdən 20-sinin bölgə TV-lərində çalışanlara, üstəlik texniki işçilərə verilməsidir. Anlaşılmır regioan TV-də çalışan montajçıya, operatora, müxbirə niyə Bakıda jurnalistlər üçün tikilən binada ev verilir? Belə məntiqsiz bölgü görəsən kimlərin və hansı maraqların məhsuludur?

Həftələrdir bu məsələ Azərbaycan mediasının gündəmindən düşmür. Təkidli tələblərimizə baxmayaraq KİVDF ev veriləcək şəxsləri sihayılarını hələ də açıqlamır. Təbii, bu "sürpriz" siyahılar açıqlanandan sonra media aləmində böyük etirazlar yaranacağını bildikləri üçündür. Xahiş edirəm, verdiyiniz səlahiyyətlərdən sui-istifadə edərək media əhlini seçki dönəmində dövlətdən narazı salan, səlahiyyətli şəxsləri - KİVDF rəhbəri Vüqar Səfərlini, Mətbuat Şurasının sədri Əflatun Amaşovu, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlini bu prosesdən kənarlaşdırasınız və mənzil siyahısına yenidən baxılmasını təmin edəsiniz.

 Evsiz jurnalistlər Sizə arxayındır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA