Jurnalist mənzillərinə çıxarış nə vaxt veriləcək? - Açıqlamalar

img

03-09-2019 [13:38]


Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 20 ünvanında yerləşən və 2017-ci il 22 iyulda təhvil verilən binada dövlət tərəfindən mənzillə təmin olunan jurnalistlər hələ də mənzilə dair çıxarış, yəni "kupça” ala bilməyiblər. 

Dəfələrlə bu barədə məlumat yayılsa da, məsələ hələ də həll edilməyib. 

Bugünlərdə yenidən həmin mənzillərə "kupça” verilməsi prosesinin ləngidildiyi barədə sosial şəbəkədə məlumatlar yayılıb. 

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu təmsil etdiyi qurum tərəfindən artıq binanın istismarına icazə verildiyini deyib: 

"İstismarla bağlı sənədlər aidiyyatı üzrə tikinti şirkəti tərəfindən ləngidilmişdi. Məhz onlar tərəfindən sənədlər gecikdirildiyi üçün binanın istismarına icazənin verilməsi ləngidi. Yəni sənədlər sifariçi tərəfindən tam təqdim olunmamışdı. Sənədlər tam təqdim olunduqdan sonra binanın istismarına icazə verilib.  Belə ki, avqustun 7-də binanın istismarına icazə verilib və müvafiq sənəd tərtib olunub”. 

Yəqin ki, yaxın zamanda jurnalistlər "kupça” ilə təmin ediləcək.

Əmlak Komitəsinin mətbuat katibi Qulu Xəlilov Mia.az-a açıqlamasında deyib ki, təmsil etdiyi  komitə jurnalistlərin mənzillərinə çıxarışların paylanmasına hazırdır: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binanın istismara qəbulu haqda akt verib, yəni bina yaşayış və digər tələblər üçün tam cavab verir. Lakin jurnalistlərə verilmiş mənzillərlə bağlı da bir sıra hüquq müəyyənedici sənədlər olmalıdır. O sənədlər hazır olan kimi, biz böyük məmnuniyyətlə, binanın həyətinə gələrək, jurnalistlərə səyyar xidmət göstərəcəyik. Yəni ƏMDK olaraq, biz üzərimizə düşən bütün işləri operativ şəkildə həll etməyə hazırıq".

Komitə sözçüsü həmin hüquq müəyyənedici sənədlərin isə ƏMDK-dən aslı olmadığını deyib. 




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA