Sərhədçilərimiz helikopterlə "Keşikçidağ"a endi: keşişlər ərazidən uzaqlaşdırıldı - FOTOLAR

img

24-07-2019 [14:23]


Bir qrup Gürcüstan vətəndaşı tərəfindən iyul ayının 14-də Keşikçidağda Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentdən sonra Dövlət Sərhəd Xidməti ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb.

Mia.az "AzeriDefence”yə istinadla xəbər verir ki, Gürcüstan mediası bununla bağlı bəzi görüntülər paylaşıb.

Gürcüstanın "Rustavi 2” telekanalının hazırladığı reportajda bildirilir ki, ərazidə önləm alan Azərbaycan sərhədçiləri Gürcüstan tərəfindən monastr kompleksinə gələn keşişləri və ziyarətçiləri əraziyə buraxmayıblar. Ərazidə patrul xidməti həyata keçirən Azərbaycan Sərhəd Qoşunlarının əsgərləri çəkiliş qrupu ilə gələn keşişlərin monastra qalxmasına icazə verməyib. Bu zaman əraziyə gələnləri bəlli bir yerədək Gürcüstan Sərhəd Polisinin əməkdaşları müşaiyət ediblər.

Bu zaman ərazidə silahlı halda DSX-nin "Mi-17” helikopteri aşağı hündürlükdə uçuşlar həyata keçirib. Helikopterlə gələn hərbçilər monastra getmək istəyən gürcülərə oradan uzaqlaşmalarını əmr ediblər.

Təxribatçı kütləni idarə edənlərdən biri, ictimai fəal David Katsarava isə ötən gün özünün facebook səhifəsində insidentdən sonra Azərbaycan Sərhəd Qoşunlarının monastrın yaxınlığında səyyar baza yaratdığını, əraziyə çox sayda canlı qüvvə və texnika cəlb etdiyini yazıb: "Silsilə Azərbaycan sərhədçiləri ilə gücləndirilib. Bizim sərhədçilərimiz onlardan 10 qat azdır… Azərbaycan tərəfində Qareci dağının (oxu: Keşikçi dağı-red) ətəyində tikilmiş hərbi baza gördük”.

Katsarava ərazidən dron vasitəsi ilə çəkilmiş fotoları da paylaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA