Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlandı

img

03-06-2019 [09:41]


Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.

Mia.az Təhsil Nazirliyinə istinadla bildirir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. 

Elektron sənəd qəbulu iyunun 10-u saat 23:59-da başa çatacaq.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.

Müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyatdan keçərkən tələb olunan xanalarda müvafiq sənədləri yükləməlidirlər.

Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra iş yerini dəyişmək imkanı qazanan hər bir namizəd şəxsi işi ilə birlikdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinə dəvət ediləcək. Mərkəz əməkdaşları namizədlərin şəxsi məlumatlarını araşdırdıqdan sonra müvafiq qərar qəbul ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA