"Diqlas"dakı yanğında zərərçəkənlərin axtardığı deputatlardan biri: 7 il əvvəl və indi + FOTO

img

30-03-2019 [19:53]


"Diqlas"dakı yanğında zərərçəkən 420 icarədarla görüşməmələrindən narazılıq edilən Nizami rayonundan millət vəkili seçilən 3 deputatdan biri - YAP rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, nəhayət, bu gün "Trend"ə danışıb.

Xatırladaq ki, yanğından zərərçəkənlər rəsmilərlə görüşdə "hanı bizim deputatlar" deyə məmurlara sual da etmişdilər.  

Mia.az bildirir ki, S. Vəliyeva Trend-ə açıqlamasında nə zərərçəkənlərlə görüşdən, nə də hadisə yerinə getməsindən söz açıb.

O deyib ki, prezident İlham Əliyev daim vətəndaşlarla ünsiyyətdədir, mütəmadi olaraq cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda səfərdə olur, insanların güzəranı ilə maraqlanır, problemlərinin həlli ilə bağlı yerində tapşırıqlar verir:

"Bütün çətin məqamlarda, o cümlədən Zaqatala, Şamaxı və Ağsuda zəlzələlər olanda xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış gördü, əlini kürəyində hiss etdi. Biz eyni münasibəti Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar proseslərdə də gördük. Prezident tez bir zamanda məsələni nəzarətə götürdü, müşavirə keçirdi, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin təmin edilməsi üçün müvafiq komissiya yaratdı. Bütün bunlar bir daha göstərdi ki, dövlət hər zaman vətəndaşın yanındadır. Azərbaycan dövləti bu dəfə də vətəndaşlarını darda qoymadı və problemlərinin ağırlıqlarını öz çiyinlərinə götürdü".

Millət vəkili vurğulayıb ki, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin verilməsi həm də həyata keçirilən sosial siyasətin tərkib hissəsidir: "Bütün deyilənlərlə yanaşı, "Diqlas” yanğını ilə əlaqədar baş vermiş hadisələrdə xalq-Prezident birliyi bu dəfə də Azərbaycan dövlətinin və xalqının düşmənlərinin planlarını pozdu. Zərər çəkmiş sahibkarların və onların ailələrinin, yaxınlarının düşdüyü çətin vəziyyətdən sui-istifadə edib mitinq keçirmək istəyən antimilli ünsürlər yenidən ifşa olundu, bir daha xalqdan ayrı olduqlarını, yalnız korporativ mənafelərini düşündüklərini və insanların taleyinin onları maraqlandırmağını ortaya qoydular".

Maraqlıdır ki, onun bu açıqlaması sosial şəbəkədə yayıldıqdan sonra istifadəçilərdən biri deputatın 7 il əvvəlki fotosunu paylaşıb. Və onu bugünkü fotosu ilə müqayisə edib:


Sədaqət VƏLİYEVA, 7 il əvvəl

Mia.az olaraq bu müqayisə diqqətimizi çəkdiyindən deputatla bağlı kiçik araşdırma apardıq.

Məlum oldu ki, deputat, eyni zamanda, işlədiyi Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserinin baş həkimi vəzifəsində ictimai əsaslarla çalışır. Bu, onun 24 aprel 2012-ci ildə "Musavat.com"a verdiyi müsahibəsində yer alıb. Yuxarıda qeyd edilən foto da elə həmin müsahibədə verilib.

Bu maraqlı məqamla yanaşı, onun tərcümeyi-halını da təqdim edirik:

Nizami Rayon İcra Hakimiyyətinin rəsmi saytında verilən məlumata görə, Sədaqət Vəliyeva 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olmuşdur.

1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib.

Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. 1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr işləməyə başlayıb.
1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995-1996-cı illərdə Suraxanı rayon Səhiyyə şöbəsinin müdiri işləyib. 1997-2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon Səhiyyə şöbəsinə rəhbərlik edib.

2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin edilib, hazırda bu vəzifədə çalışır. 

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədridir. 2010-cu və 2015-ci illərdə keçirilən dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı 25 saylı Nizami ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilib.

Evlidir. Bir qızı var.

Göründüyü kimi, deputatın əmək fəaliyyəti əsasən Suraxanı və Sabunçu rayonlarında keçib. Lakin o,  9 ilə yaxındır Nizami rayonundan deputat seçilib... 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA