ƏLİYEVLƏ PAŞİNYANIN GÖRÜŞÜ: "Prosesə yeni impuls verildi" - Tərəflərdən ilk açıqlamalar + VİDEO

img

29-03-2019 [19:52]


Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək və nazirlərin iştirakı ilə keçirilən 3.5 saatlıq görüş başa çatıb. 

Mia.az bildirir ki, görüşü tərk edən Nikol Paşinyan Rusiyanın "TASS” agentliyinin əməkdaşının sualına qısa cavab verib: "Görüş normal keçdi”.

Prezident İlham Əliyev isə deyib ki, Ermənistanla danşıqlar prosesinin formatı dəyişməz olaraq qalır, danışıqlarda irəliləyiş var:

 "Danışıqlar prosesi humanitar aksiyalarla dəstəklənməlidir. Mühüm olan odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı. Danışıqlar Ermənistanla Azərbaycan arasında aparılır.  Danışıqlar prosesinə yeni impuls verilib. Biz ATƏT-in Minsk qrupunun 9 martda verdiyi bəyanatı müsbət qiymətləndirdik. Bu bəyanatda deyilir ki, danışıqların formatı yalnız iki tərəfin razılığı ilə dəyişdirilə bilər”.

İlham Əliyev əlavə edib ki, Paşinyanla danışıqlar konstruktiv keçib: 

"Danışıqlar konstruktiv şəraitdə keçdi. Bu, uzun fasilədən sonra Ermənistan və Azərbaycan rəhbərlərinin ilk rəsmi görüşü idi. Əvvəlki görüşlər tanışlıq xarakteri daşıyırdı. Danışıqlar prosesinə yeni start verilib. Görüş bu  baxımından çox mühümdür”.

Prezident İlham Əliyev deyib ki, Qarabağ üzrə danışıqlar prosesini davam etdirmək üçün Azərbaycan və Ermənistan XİN rəhbərləri yaxın zamanlarda yenidən görüşəcəklər: "Nəticə əldə edilməsinə hədəflənəcək danışıqlar prosesini davam etdirmək üçün nazirlərə yenidən görüşmək göstərişi verilib”.

***

Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev isə Prezidentlərin təkbətək görüşündən sonra  "Twitter" səhifəsində bildirib ki, görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilib.

Yeri gəlmişkən, görüşqabağı diqqətçəkən məqamlardan biri də budur ki, Prezident İlham Əliyev Paşinyanı görüş məkanında xeyli gözlədib. O, məkana Paşinyandan sonra gəlib.

Əliyevin gəlişi jurnalistlər tərəfindən daha böyük maraqla izlənilib, xeyli fotolar çəkilib. Bu, erməni jurnalistlərinin yaydığı videodan da aydın görünür.

  •  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA