"Azərbaycanda yeni Vəkillər Kollegiyası yaradılsın" - İddia + Reaksiya

img

27-03-2019 [14:32]


Azərbaycanda yeni Vəkillər Kollegiyasının yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb. 

Bu haqda BBC Azərbaycan-a  açıqlamasında 2018-ci ildə Vəkillər Kollegiyasından uzaqlaşdırılan vəkil İradə Cavadova deyib. 

O, düşünür ki, alternativ vəkillər kollegiyalarının yaradılması ilə təzyiqlər də azala bilər.

"Əgər alternativ vəkillər kollegiyaları yaradılarsa, burada həm rəqabət olar, həm yaxşı işləyərlər, həm də basqı azalar. Əgər bir kollegiya varsa, vəkil məcburdur ki, o kollegiyanın üzvü olsun və peşəsini davam etsin. Bir çoxları işini itirməmək üçün səsini çıxara bilmir, ürəyində digərilərilə razıdır, amma danışa bilmir. Bu hallar olmasın deyə bir neçə kollegiya və ya regional kollegiyalar yaradıla bilər.

Bir vəkil görsə ki, digər vəkillər kollegiyasının sədri və ya rəyasət heyəti basqı göstərmir, təsir etmir, vəkilin arxasında durur, istəyəcəksə, ərizəsini yazıb çıxacaq, digər kollegiyaya keçəcək. Və yaxud məsələn, əgər bir kollegiyada üzvlük haqqı 60 manatdırsa, bəlkə digəri onu 40 manat edəcək?"

İradə Cavadova hesab edir ki, alternativ vəkillər kollegiyası məsələsi qanunvericilikdə hələ ki, öz əksini tapmayıb, amma buna müəyyən dəyişiklik etmək olar: "Hesab edirəm ki, belə bir dəyişiklik etmək olardı ki, kollegiyanın üzvləri məsələn, 1500, 1800 və ya 2000-ə çatdırıldıqda artıq digər alternativ kollegiyanın yaradılması mümkün ola bilər".

O, yaradıla biləcək kollegiyanın adının "Müstəqil Vəkillər Kollegiyası" olmasını təklif edir və düşünür ki, bu kollegiya "müstəqil vəkilləri özündə birləşdirə bilər".

Vəkillər Kollegiyasının sədri Anar Bağırov hesab edir ki, "alternativ vəkillər kollegiyasına heç bir ehtiyac yoxdur". Onun sözlərinə görə, ikinci bir qurumun yaradılması Azərbaycanda vəkilliyi zəiflədə bilər.

"Bunun nə hüququ əsası var, nə də vəkilliyin inkişafına xidmət edir. Təcrübə göstərir ki, bu kimi hallar olan ölkələrdə vəkillər yenidən birləşib bir assosiasiya yaradır"

Xatırladaq ki, son illərdə bir neçə tanınmış vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev, İradə Cavadova da var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA