Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə - Xəbərdarlıq

img

14-03-2019 [14:54]


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Novruz bayramı ərəfəsində yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Mia.az-a verilən məlumata görə, qarşıdan gələn Novruz bayramı ilə əlaqədar tətil günlərində respublikanın bölgələrinə səfər edən, istirahət zonalarına üz tutan insanların sayının artacağı və bununla da ümumi istifadədə olan avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin artacağı gözlənilir

"Bayram günlərində yol hərəkəti təhlükəsizliyinin təmin olunması və baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının vaxtında alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqət yetirməli olduqları məqamları ənənəvi olaraq bir daha xatırladır. Qeyd olunub ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə xüsusi diqqət ayrılmalı və aşkarlanan nasazlıqlar təxirə salınmadan aradan qaldırmalıdır. Hərəkət zamanı təhlükəsizlik kəmərlərinin təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Təhlükəsizlik kəmərlərinin bağlanılmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil tormozlama və ya hər hansı toqquşma zamanı sürücülərin və sərnişinlərin həyat və sağlamlıqlarına təhlükə riskini artırır. Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.

Uzaq məsafələrə səfərlər zamanı yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz. Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün hesablayın, arxayın olmadığınız, yanlış qərar verməyin.

Unutmayın, qaydalara riayət etməklə Siz, həm özünüz, həm də əzizləriniz üçün bayram günlərinin xoş keçməsinə zəmin yaratmış olacaqsınız!”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA