Prezidentin köməkçisi: “Onlardan 150-dən çoxunun taleyi hələ də məlum deyil”

img

26-02-2019 [19:47]


"Fevralın 25-dən 26-na keçən gecə ermənilər sovet tankları və Sovet İttifaqının 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum etdilər. Xocalı şəhəri bir gecədə yer üzündən silindi, 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və yaşlılar vəhşicəsinə qətlə yetirildi. Yüzlərlə sakin əsir alındı. Onlardan 150-dən çoxunun taleyi hələ də məlum deyil. Ermənilər dinc əhalinin yaşadığı şəhərdə insanlığa sığmayan dəhşətli qətliam törətdilər. Xocalı soyqırımını törədənlər sonradan Ermənistanda illərlə baş nazir və prezident vəzifələrində ölkəni idarə etdilər. Hətta Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Xocalıdakı qətliama israrla bəraət qazandıraraq, o gecə törətdiklərini etiraf etdi”.

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənov Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.

İyirmi yeddi il əvvəl törədilən Xocalı faciəsinin ermənilərin son 200 ildə azərbaycanlılara qarşı törətdikləri soyqırımlarından biri olduğunu vurğulayan Əli Həsənov ermənilərin Qafqazda möhkəmlənmək üçün həyata keçirdikləri etnik təmizləmə siyasətinin bunun ən mühüm səbəbi olduğunu bildirib. Ermənilərin bu siyasəti havadarlarının dəstəyi ilə həyata keçirdiklərini qeyd edən prezidentin köməkçisi deyib: "Tarixi faktlar göstərir ki, azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalıb, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. "Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda soyqırımları törədiblər. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. 1915-1918-ci illərdə ermənilər Bakıda, Qubada və Azərbaycanın digər bölgələrində Xocalı qətliamından daha qanlı və insan tələfatı baxımından daha böyük soyqırımları törədiblər. Ermənilər həmin dövrdə təkcə Bakıda təxminən 20 min nəfəri qətlə yetiriblər. Daha sonra 1948-1953-cü illərdə Sovet İttifaqı tərəfindən 150 min azərbaycanlı Ermənistandan deportasiya edilib. Bununla da Ermənistanda heç bir türkün və müsəlmanın qalmaması ilə bağlı məqsədlərinə çatmaq yolunda böyük addım atılıb”.

İslam dünyasına çağırış edən Əli Həsənov deyib: "Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq platformalarda Türk-İslam dünyasının maraqlarının qorunması və mövcud problemlərin həlli üçün birlikdə hərəkət edir. Bütün dünyada müsəlmanlara qarşı təzyiqlərə ən çox sinə gərən ölkələrin Türkiyə və Azərbaycan olması inkar edilə bilməz bir həqiqətdir. İslam dünyasının mövcud problemlərinə qarşı da heç bir zaman laqeyd qalmadıq. İslam dünyasındakı dövlətlər də bizim problemlərimizə biganə qalmamalı, həm Xocalı soyqırımının tanınmasında, həm də ermənilərin qondarma soyqırımı iddialarına qarşı mübarizədə iştirak etməlidir. Unutmamalıyıq ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında həm müsəlman qırğını törədib, həm də müsəlmanların müqəddəs yerlərini dağıdıblar”/ Yenisabah

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA