AİLƏ TƏMƏNNASIZ SEVGİNİN ƏN ETİBARLI ÜNVANI, ƏN GÜVƏNİLƏN MƏKANDIR!

img

21-02-2019 [22:18]


Vahid TAĞIYEV

***

Azərbaycanlı qədər ailəcanlı, ailəyə sadiq, ailə üçün yaşayan bir millət yoxdur, tanımıram! Hər zaman cəmiyyətin inkişafı ailənin səviyyəsi, tərbiyəsilə bağlıdır! 

Bəzi məqamlarda heç bir iş ailədən üstün olmamalıdır. Ailə üçün edə biləcəklərimizi vaxtında etməliyik ki, sonra gec olmasın, peşiman olmayaq! Ailənin xoşbəxtliyi ilk növbədə ananın xoşbəxtliyindən başlayır!.. Ailə problemlərimizi böləcəyimiz, qarşılıqsız qayğı göstərilən, təmənnasız sevgi duyulan ən doğma məkandır! Ailə ən güclü tərbiyə məktəbidir! Ailə - xarakterin, vətənə, insana sevginin, mənəvi dəyərlərin, əxlaqın, saflığın, düzlüyün, ünsiyyətin, davranış mədəniyyətinin özülü qoyulan, duyğuların formalaşdığı ilk məkan, məktəbdir! Ailədaxili münasibətlərdə illərlə qorunan bir çox xüsusiyyətlər bizim milli, mənəvi dəyərlərimizi, kimliyimizi özündə ehtiva edir. Ailə - bu günümüz və gələcəyimizdir! Bütün uğurlara gedən yol ailədən başlayır! Ailə - sağlam cəmiyyətin, güclü dövlətin özülüdür!

Hər bir insanı Allah təbiətən güclü yaradıb, bizi zəif edən yanlış fikirlərimizdir. Xoşbəxtliyi öz içində, ailədə tapmayanlar başqa yerlərdə tapa bilməyəcək!.. Başqa cür, ancaq müvəqqəti, aldadıcıdır... Uşaqların saf, səmimi, yüksək dəyərlərə malik insan kimi böyüməsi ailədaxili ünsiyyət, münasibətlə (xüsusilə ata- ana) çox bağlıdır. Yaşadığımız evi geniş mənada nurlu, rahat edən yalnız çıl-çıraq, qiymətli avadanlıqlar deyildir... 

Anlayışlı münasibətdir! Gözəl bir təbəssüm, gülüş, qaranlıq evə düşən günəş işığının şəfəqlərinə bənzəyir... Körpə qığıltısı, uşaq səsi ən möhtəşəm musiqidən də gözəldir.. 

Bu müdrik kəlam çox ibrətamizdir: "Ruhunuzu yaxşılaşdırmaq, saflaşdırmaq üçün uşaqlarla vaxt keçirin!”.
 
Ailənin ən böyük üstünlüyü, özünəməxsusluğu ondadır ki, buradakı sevgi ötəri hiss, həvəs deyil! Ölənə qədərdir! Ailə gücdür! Hər şəraitdə, zamanda səni ayaqda tutan övladların sevgisi, məsuliyyət hissin var! Onu qorumaq duyğusu var!.. Çünki, həm də ailə, övlad əsərdir!.. Hər kəsin öz yaratdığına meyilliliyi təbiidir... Ailə nəfəsdir, candır! 

"Öyrənmənin dayandığı an inkişafın dayandığı andır! Öyrənmək həyat boyu davam edir. Heç kimə heç nəyi öyrədə bilməzsiniz, içərisindəkiləri kəşf etməyi öyrətməlisiniz” (Qalile Qaliley) 

DÜŞÜNÜRƏM: Yaşından asılı olmayaraq , hər bir insan ailəsinin xoşbəxtliyini bərqərar etmək, qorumaq üçün çalışmalıdır, öyrənməlidir, mücadilə etməlidir! Müəyyən dəyərlərə, bilgiyə, düzgün yanaşmaya malik olmaq üçün öyrənməliyik! Cəmiyyətdə, ailədə daha çox qüsur axtarmaq əvəzinə dəyərləri, gözəlliyi, yaxşını, doğrunu görüb, axtarıb qiymətləndirmək ən önəmli, uğurlu bir yoldur! Ailə xoşbəxtliyi tükənməyən dəyərdir! Bu dəyəri qorumaq və yaşatmaq hər kəsin üzərinə düşən bir missiya olmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA