Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir - RSXM-dən xəbərlərə reaksiya

img

20-02-2019 [14:28]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli guya 21 fevralda Yer kürəsində 8 bal gücündə zəlzələ olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Q.Yetirmişli "Report”a açıqlamasında deyib ki, Azərbaycanda heç bir dağıdıcı zəlzələnin baş verəcəyi ehtimal olunmur: "Dünyada hər gün müxtəlif bal gücündə zəlzələlər olur. Ümumiyyətlə, il ərzində Yer kürəsində 100 min zəlzələ hadisəsi qeydə alınır. Bunların arasında dağıdıcı zəlzələlər də baş verir. Qeydə alınan zəlzələlərin əksəriyyəti 5,5-8 bal arasında özünü göstərir. Hətta yaxın keçmişə nəzər yetirsəniz, dünyanın bir çox ölkələrinin zəlzələdən əziyyət çəkdiyini görəcəksiniz”.

Baş direktorun sözlərinə görə, Azərbaycanın seysmik zonalarında davam edən afterşokların azaldığı müşahidə olunur: "Fevralın 5-dən bu günə qədər, təxminən, 600-dən çox afterşoklar qeydə alınıb. Zəlzələdən sonra afterşokların davam etməsi normaldır. Tədricən sona çatacaq. Çünki yerin altında enerji boşalması gedib. Əvvəllər gün ərzində 20-30 afterşok qeydə alınırdısa, artıq afterşokların günlük sayı 5-6-ya düşüb”.

O əlavə edib ki, dağıdıcı zəlzələlər hər zaman ola bilər: "Amma yaxın zamanda Azərbaycanda heç bir dağıdıcı zəlzələlərin baş verəcəyi ehtimal olunmur”.

Qeyd edək ki, zəlzələ mütəxəssisi Frank Hooqerbets fevralın 21-də 7 və 8 bal gücündə zəlzələlərin proqnozlaşdırıldığını iddia edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA