“Təkcə maaşlar deyil, xərclər də qalxacaq” - İqtisadçı alimdən xəbərdarlıq

img

09-02-2019 [11:20]


"Minimum aylıq əmək haqqı yalnız gəlirləri deyil, xərcləri də artırır”.

Mia.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib. O, bildirib ki, martın 1-dən işçisi olmayan fərdi sahibkarların, eləcə də kəndli təsərrüfatlarının, pay torpağı olanların sosial sığorta ödəmələri də artır.

"Minimum aylıq əmək haqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib. Əmək haqqı və pensiyaların artırılması istənilən halda təqdir olunur. Baxmayaraq ki, Azərbaycanda minimum aylıq əmək haqqı artandan sonra ABŞ-da 10 saatlıq ödənişə bərabər olacaq”.

Q. İbadoğlu deyir ki, əsas diqqəti buna yox minimum əmək haqqının artımının ikili təsirlərinə yönəltmək lazımdır: 

"Belə ki, minimum aylıq əmək haqqının məbləğinin martın 1-dən etibarən artımı bir tərəfdən maaşları 180 manatdan aşağı olan muzdlu işçilərə (əgər işdə qalarlarsa) ödənişlər minimum əmək haqqının yeni səviyyəsinə qaldırılacaq. Çünki, minimum əmək haqqının əsas funksiyası xüsusilə də ixtisassız işçiləri əsassız olan aşağı əmək haqqı ödənişlərindən qorumaq üçündür.

Minimum aylıq əmək haqqının məbləğinin martın 1-dən etibarən artımı digər tərəfdən də işçisi olmayan fərdi sahibkarların, eləcə də kəndli təsərrüfatlarının, torpaq mülkiyyətçilərinin sosial sığorta ödəmələrini yüksəldəcək. Məsələn, Bakıda tikinti və ticarət sektorunda VOEN-lə fəaliyyət göstərən işçisi olmayan fərdi sahibkarlar sosial müdafiə fonduna martın 1-dək minimum əmək haqqının 50 faizi qədər - 65 manat, martın 1-dən 90 manat ödəməli olacaq. Gəncə və Sumqayıtda isə martın 1-dək 58,5 manat, martın 1-dən sonra isə 81 manat olacaq.

Fərdi torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri də minimum əmək haqqının 6 faizi qədər sosial sığorta haqqı ödəməlidirlər. Məsələn, ailə kəndli təsərrüfatının üzvlərinin hər biri martın 1-dək 7.8 manat, martın 1-dən sonra sonra isə 10.8 manat ödəməli olacaqlar”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA