Müharibə başlasa, Rusiya qarışacaq, Ermənistan uduzacaq - ABŞ kəşfiyyatından xəbərdarlıq

img

30-01-2019 [15:42]


Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar yenidən başlayarsa, Ermənistanın məğlubiyyət ehtimalı olduqca böyükdür.

Bunu ABŞ-ın Milli Kəşfiyyatının direktoru (Director of National Intelligence, DNI) Deniel Kouts deyib. Senatın kəşfiyyat üzrə xüsusi komitəsindəki dinləmələrdə çıxış edərkən o, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib.

"Dağlıq Qarabağ münaqişəsi səbəbindən Azərbaycanla Ermənistan arasındakı gərginlik hələ də çox yüksək səviyyədədir. Bu gərginlik Rusiyanın da müdaxiləsi ilə sonuclana biləcək genişmiqyaslı hərbi əməliyyatlara və silahlı münaqişəyə səbəb ola bilər", - sabiq respublikaçı senator, 75 yaşlı Deniel Kouts bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar yenidən başlarsa, Rusiya MDB ölkələrinin Kollektik Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiqi olan Ermənistanı dəstəkləmək üçün münaqişəyə qatılacaq.

D.Kouts hesab edir ki, Ermənistanın Dağlıq Qarabağdan və işğal altında olan digər Azərbaycan ərazilərindən qoşunlarını geri çəkməməkdə israrlı olması, Azərbaycanın silahlı qüvvələrini dayanıqlı və sürəkli şəkildə təkmilləşdirərək modernizasiya etməsi, habelə Ermənistanın Rusiyadan yeni silah və hərbi texnika alması hərbi əməliyyatlar riskini artıran önəmli amillərdir.

ABŞ-dakı 16 kəşfiyyat və əks-kəşfiyyat strukturlarının koordinatoru olan D.Kouts ötən ilin fevralın 13-də də analoji bəyanatla çıxış etmişdi.

Birləşmiş Ştatların prezidenti Donald Trampın ən yaxın adamlarından biri sayılan, təcrübəli siyasətçi olan Deniel Koutsun ötənilki ritorikasını indi də təkrarlaması təsadüfi deyil və belə də sayılmamalıdır.

Tam əksinə, rəsmi Vaşinqton bu minvalla Azərbaycanla Ermənistana yeni mesaj yollayaraq Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların arzuolunmazlığını vurğulayır. Eyni zamanda, Vaşinqton Qarabağ problematikasında Rusiyanın əlahiddə rol daşıyıcısı və hadisələrə ciddi təsir imkanlarına malik ölkə olduğunu da etiraf edir.

Savaş başlayacağı təqdirdə Rusiyanın Ermənistanı dəstəkləyəcəyi ilə bağlı D.Koutsun qəti ehtimalına gəldikdə isə, avropalı kəşfiyyat strukturlarının rəhbərləri belə düşünmürlər. Belə ki, Almaniya və Britaniyanın kəşfiyyat qurumlarının son hesabatlarına görə, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların "hər an başlaya biləcəyi" ilə bağlı ehtimallar xeyli şişirdilib.

"Deniel Koutsun bəyanatları Rusiyanın ermənilərin tərəfində hərbi əməliyyatlara qatılmasının qaçılmazlığını ehtiva etmir. Sadəcə, ABŞ hesab edir ki, Rusiya prosesə ciddi təsir, hətta təzyiq rıçaqlarına malikdir və Vaşinqton da Moskvanı bu imkanlardan məhrum etməyə çalışır", - italyan hərbi ekspert Marçello Qrimaldi hesab edir.

Onun sözlərinə görə, D.Koutsun "xəbərdarlıq"ları Rusiyanın "Dağlıq Qarabağda yenidən müharibə başlayarsa, kənarda qala bilmərik" tipli bəyanatlarına əsaslanır.

"Rusiya bu bəyanatlarla müharibədə iştirakını yox, bu müharibəyə, ümumumiyyətlə, yol verməmək niyyətini açıqlayır" - bunu isə Rusiya Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin baş analitiki Sergey Averçenko söyləyib.
S.Averçenko daha sonra bildirib ki, yeni müharibənin başlaması Ermənistanın maraqlarına əsla cavab vermir: "Rəsmi İrəvanın çoxsaylı açıqlamalarına rəğmən Ermənistan yeni savaşa nə siyasi, nə hərbi, nə də iqtisadi baxımdan hazır deyil. Rusiyadan ən müasir hərbi texnika, xüsusilə də hücum silahları almasına rəğmən Ermənistan ordusu uzunmüddətli və effektiv hərbi əməliyyatlara hazır deyil. Ermnistanın baş nazir Nikol Paşinyanla onun komandasının "müharibə ritorikası" ilk əvvəl daxili auditoriyaya hesablanıb".

Nüfuzlu "Foreign Policy" və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin "kölgə qurumu" sayılan "Stratfor"un ekspertləri də təxminən eyni fikirdədirlər.

Onların qənaətlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların alovlanmasını nə Azərbaycan, nə də Ermənistan istəmir. Doğrudur, bu savaşda Ermənistanın məğlubiyyəti qaçılmaz təsir bağışlasa da, Azərbaycan ciddi itkilər verə bilər.

Bütün bunları nəzərə alan ABŞ və Rusiyanın mövqeləri faktiki olaraq, eynidir: Vaşinqtonla Moskva yeni müharibənin olmaması üçün əllərindən gələni edirlər.

Eyni zamanda, ABŞ İrəvana ciddi xəbərdarlıq edərək Ermənistanın Rusiyadan silah və hərbi texnika almasından narazı olduğunu vurğulayıb. Belə narazılıq izharı isə sonradan bütün hallarda sanksiyalarla bitir və Nikol Paşinyan iqtidarı da bunu dərk edir.

Ermənistan münaqişəni indiki, "status-kvo" səviyyəsində saxlamağa çalışaraq "problemin dinc danışıqlar vasitəsilə həllinə tərəfdarıq" desə də, İrəvanın yalanları, boş vədləri və ən başlıcası - aqressiv ritorikası Vaşinqtonla Moskvanın səbr kasasını doldurmaqdadır.

Proses istənilən halda, Ermənistanın xeyrinə inkişaf etmədiyindən ermənilərin münaqişə zonasında yeni təxribata əl ata biləcəklərini istisna etmək olmaz.

Fəqət, bu ehtimal reallaşarsa, Ermənistanı məğlubiyyət yox, fəlakət və faciə gözləyir. İrəvan bunu anlayır...
Milli.az





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA