İlham Əliyevin Türkmənistana səfəri davam edir - FOTOLAR

img

21-11-2018 [19:55]


Prezident İlham Əliyev noyabrın 21-də Aşqabadda "Xalq xatirəsi” memorial kompleksini ziyarət edib. Kompleksdə 1948-ci ildə baş vermiş zəlzələ zamanı həyatlarını itirmiş və Göytəpə döyüşlərində şəhid olmuş insanların xatirəsinə abidələr ucaldılıb.

Mia.az AzərTac-a istinadən xəbər verir ki, İlham Əliyev "Əbədi şöhrət” abidəsinin önünə əklil qoyub. Sonra dövlətimizin başçısı "Vətən müqəddəsliyi” muzeyi ilə tanış olub. Muzeydə Göytəpə döyüşlərinin maketi quraşdırılıb, eyni zamanda, Göytəpə qalası, həmin döyüşlərin qəhrəmanları, döyüşlər zamanı istifadə olunan silah və libaslar, həmçinin digər eksponatlar nümayiş olunur.

Dövlətimizin başçısı 1881-ci ildə baş vermiş Göytəpə döyüşlərinin instalyasiyasına baxıb Muzeydə, eyni zamanda, İkinci Dünya müharibəsi, onun qəhrəmanları, həmçinin həmin müharibə zamanı hərbçilərin istifadə etdikləri geyimlər, silah-sursat və digər eksponatlar sərgilənir.

Muzeyin növbəti bölməsi 1948-ci ildə Aşqabadda baş verən zəlzələyə həsr olunub. Burada həmin zəlzələ zamanı dağılan binaların qalıqları təqdim edilir. Türkmənistanın inkişafına həsr olunan bölmədə müasir Aşqabadın görkəmini əks etdirən fotolar nümayiş etdirilir.

Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

***

Prezident İlham Əliyev noyabrın 21-də Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub.

2017-ci ildə Aşqabadda keçirilən qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının ən əsas idman obyektləri bu Kompleksin ərazisində yerləşir.

Ümumi ərazisi 157 hektar olan Olimpiya Kompleksində qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının açılış və bağlanış mərasimləri, bütün yarışlar, o cümlədən mükafatlandırma tədbirləri təşkil olunub. Kompleksdə ümumilikdə 30-dan çox müxtəlif təyinatlı idman qurğusu, həmçinin 45 min tamaşaçı tutumu olan Olimpiya stadionu, paralimpiya kompleksi və tibbi bərpa mərkəzi yerləşir.

Ərazidə, eyni zamanda, üzgüçülük arenası, voleybol, basketbol, futbol meydançaları, Olimpiya kəndi, qapalı velotrek, döyüş sənəti üzrə idman kompleksi, yüngül atletika arenası və tennis kortu, eləcə də idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün çoxfunksiyalı zal inşa olunub.

Aşqabad Olimpiya Kompleksində, həmçinin biznes-mərkəz, mehmanxanalar və sağlamlıq mərkəzi də fəaliyyət göstərir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA