İlham Əliyev Ağdamla bağlı üç sərəncam imzaladı - 6,5 milyon manat ayrıldı

img

05-11-2018 [18:12]


Prezident İlham Əliyev Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində (siyahı əlavə olunur) 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.


*** 
Prezident İlham Əliyev Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncam Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsi məqsədi daşıyır.

Sərəncamla Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

*** 

Prezident İlham Əliyev Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb.

Sərəncamla Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Sərəncamda həmçinin qeyd olunub ki, son illərdə Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülüb, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Qarabağ Atçılıq Kompleksi, Ağdam Rayon Mərkəzi Xəstəxanası və Uşaq Xəstəxanası, Doğum Evi, Bayraq Meydanı və Bayraq Muzeyi, Avtovağzal Kompleksi tikilib, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, xalçaçılıq müəssisəsi yaradılıb, ümumi uzunluğu 72,7 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulub, 39 ümumtəhsil məktəbi istifadəyə verilib. Bundan başqa, 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilib, qaz, elektrik, içməli su xətləri çəkilib, digər mühüm infrastruktur layihələri həyata keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA