Gürcüstandakı seçkilərlə bağlı ilkin beynəlxalq rəy: "Ümid edirik ki, gürcüstanlılar ikinci turda fəal iştirak edəcək"

img

29-10-2018 [16:24]


Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərini müşahidə etmiş beynəlxalq müşahidə missiyası ilkin rəyini açıqlayıb.

Report xəbər verir ki, müşahidə missiyası qonşu ölkədəki seçkiləri azad və şəffaf qiymətləndirib.

Beynəlxalq müşahidə missiyasına ATƏT, AŞPA, NATO Parlament Assambleyası və Avropa Parlamentinin nümayəndələri daxildir. Missiyada, ümumilikdə, 40 ölkənin 400 müşahidəçisi təmsil olunub. Onların arasında uzumüddətli və qısamüddətli müşahidəçilər var.

ATƏT-in xüsusi koordinatoru Kristian Vigenin deyib ki, Gürcüstanda prezident seçkiləri azad şəkildə keçirilib:

"Seçicilər azad formada fikirlərini ifadə ediblər. Gürcüstan prezident seçkiləri ilə demokratiyaya sadiqliyini nümayiş etdirdi. Ümid edirik ki, gürcüstanlılar seçkilərin ikinci turunda fəal iştirak edəcək və nəticələr xalqın iradəsini əks etdirəcək”.

NATO PA-nın nümayəndə heyətinin rəhbəri Rasa Yuknyaviçene seçkilərlə bağlı qeydə alınan bəzi nöqsanları açıqlayıb:

"Seçkilər zamanı inzibati resurslardan istifadə, texniki namizədlərin olduğunu müşahidə etdik. Biz Gürcüstanda yeni neqativ hal izlədik ki, bu da QHT-lərə qarşı təzyiq və hücumlar oldu. Gürcüstanda ilk dəfə olaraq prezident seçkilərinin ikinci turu olacaq. Ümid edirik ki, bu nöqsanlar aradan qaldırılacaq”.

Beynəlxalq missiya Gürcüstanda seçkilərin peşəkar səviyyədə təşkil olunduğunu və ciddi nöqsanların qeydə alınmadığını vurğulayıblar. Onlar qeyd ediblər ki, Gürcüstanda seçkilərin demokratik tələblərə uyğun keçirilməsi üçün bir sıra islahatlar həyata keçirilsə də, müəyyən boşluqlar hələ də qalmaqdadır.

Missiya Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turunu da müşahidə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA