"Mən heç yerdə dərs demirəm, Səlim müəllim isə..." - Heydər Əsədov danışdı

img

25-10-2018 [12:15]


Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov hazırda heç bir işlə məşğul deyil.

Bu barədə Modern.az-a açıqlama verən sabiq nazir deyib ki, yaxın müddət üçün hər hansı planı yoxdur. 

Sabiq nazir universitetdə dərs deməsilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Mən heç yerdə dərs demirəm, Səlim müəllim (eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov-red.) deyir”.

H.Əsədov hazırkı həyatında hər şeyin qaydasında olduğunu və daha geniş danışmaq, başqa suallara cavab vermək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının baş direktoru, maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri vəzifələrində çalışıb.
2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Prezidentin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib. Ölkə başçısının 2018-ci il aprelin 21-də və 23-də imzaladığı Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamla kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Ailəlidir, üç övladı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA