Dünənki qəzanın 3 yaralısı əməliyyat olundu - 2 nəfərin vəziyyəti ağırdır

img

02-10-2018 [10:46]


Bakının Binə qəsəbəsində dünən baş vermiş ağır qəzada yaralananlardan 3 nəfəri əməliyyata götürülüb. 

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O qeyd edib ki, yaralılar Sabunçu xəstəxanasında, Klinik Tibbi Mərkəzdə, Travmatologiya İnstitutunda müalicə alırlar:

"Sabunçu xəstxanasında 12 nəfər yaralı müalicə alır. Onlardan 5 nəfəri reanimasiya şöbəsindədir, 2 nəfərin vəziyyəti ağırdır. Reanimasiyada olmayanlardan 5 nəfər böyük, 2 nəfər uşaq Travmatologiya şöbəsində müalicə alır. Həmçinin, 3 nəfərin üzərində əməliyyat icra olunub”.

S.Əhmədovanın sözlərinə görə, Klinik Tibbi Mərkəzə 6 yaralı müraciət edib:

"Onlardan 2 nəfərinə yerində yardım göstərilib, 4 nəfərin müalicəsi davam etdirilir. Qalan 4 nəfərdən 1-nin vəziyyəti ağırdır, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Digər 2 nəfərin isə vəziyyəti kafidir”.

Nazirlik rəsmisi deyib ki, Travmatologiya İnstitutuna 3 nəfər müraciət edib:

"Onlardan 1-nə ambulator yardım göstərilib və evə buraxılıb. Digər 2 nəfərdən biri kişi, biri qadındır. Kişinin çiyinlərində qırıqlar var, əməliyyat olunacaq. Qadının vəziyyəti kafidir”.


S.Əhmədova deyib ki, dünəndən etibarən həkimlər yaralıların səhhətinin normallaşdırılması üçün əllərindən gələni edirlər.

Qeyd edək ki, oktyabrın 1-də 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub.

Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib. Hadisə nəticəsində 1 nəfər azyaşlı dünyasını dəyişib, 35 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA