10-07-2013 [16:12]
Xalq artistləri İlhamə Quliyeva-Nazpəri Dostəliyeva, Aygun
Kazımova-Brilliant Dadaşova, Flora Kərimova-Faiq Ağayev qarşıdurmaları
davam etməkdədir. Şou-biznes nümayəndələrinin heç bir etik çərçivəyə
sığmayan davranışları ictimaiyyət nümayəndələrinin narahılığına səbəb
olub. Millət vəkilləri, ziyalılar, sənət adamları baş verən
xoşagəlməzliklərin dayandırılmasını tələb edirlər. İlhamə Quliyevanın
canlı efirdən səsləndirdiyi "mən yemirəm, yedizdirirəm” ifadəsi isə
xüsusi narazılığa səbəb oldu. Müğənni ona etiraz edən millət vəkili
Çingiz Qənizadəyə qarşı şantaj və hədə dolu bəyanatlar səsləndirməkdən
də çəkinmədi. Bütün bunlar ictimaiyyətin nüfuzlu şəxsləri tərəfindən
ciddi etirazla qarşılanıb.
Mia.az-ın xəbərinə görə, deputatlar və xeyli sənətkar olaya sərt münasibətlərinin açıqlayıblar:
Xalq artisti, tarzən Möhlət Müslümov
hesab edir ki, elfirdə tərbiyəsiz ifadələr işlətməyə heç kəsin ixtiyarı
yoxdur: "Xüsusilə də, xalq artisti titulunu daşıyan şəxs ifadələrində,
hərəkətlərində diqqətli olmalıdır. Biz gənc olanda xalq artistlərini
kənardan izləyirdik ki, görək necə yeriyirlər, hansı paltarı geyinirlər.
Danışıqlarına diqqətlə qulaq asırdıq. Tərbiyə götürürdük. İndikilər çox
cılızlaşıb, özlərini, sənəti və xalq artisti tutulunu ucuzlaşdırıblar.
Ümumiyyətlə, bundan sonra xalq artisti adı veriləcək şəxsin sənətilə
yanaşı, tərbiyəsinə də diqqət yetirmək lazımdır. Elələri xalq artisti
adını daşıyır ki, onların hərəkətinə, danışığına baxanda vallah
utanıram. Şou-biznes və bəzi xalq artistlərinin cılız hərəkətləri mənə
çox pis təsir göstərir, insanları musiqidən iyrəndirir, uzaqlaşdırır”.
Tanınmış kamança ustası, xalq artisti Fəxrəddin Dadaşov
bəzi sənət adamlarının hərəkətlərinə görə xəcalət çəkdiyini bildirdi:
"Onların iyrənc hərəkətlərinə görə məndə az qala sənətə nifrət hissi
yaranır. Ağıllarına və ağızlarına gələni danışırlar. Ölkə başçısı
bunlara, ad, təqaüd, ev verib, amma bu diqqətin qarşılığında yenə də
bəziləri özlərini apara bilmir. Artıq bu, tərbiyə, əxlaq problemidir.
Vallah eyibdir. Sənətkar "mən yemirəm yedizdirirəm” sözünü
işlətməməlidir. İlhamə xanım böyük sənətkardır. Amma belə sözlər
danışmamalıdır. Bizə baxan düşmənlər bu halımıza sevinirlər. Deyirlər
ki, bunlarda tərbiyə, qanacaq yoxdur. Bir sözlə, mən bəzi xalq
artistlərinin çərçivəyə sığmayan hərəkətlərinə, müştəbehliklərinə görə
bəzən sadə insanların arasına çıxmağa utanıram. Heç olmasa bizə hörmət
qoysunlar”.
Millət vəkili Jalə Əliyeva xalq artisti adını
daşıyan şəxslərin sırf sənətlə məşğul olmasını və ucuz şoudan uzaq
durmasını vacib saydı: "Azərbaycan mədəniyyətinin təəssübünü çəkən bir
insan kimi deyə bilərəm ki, yaranmış durum məni və ölkənin həyatını,
gələcəyini düşünən həmkarlarımı narahat edir: "Şou-biznes olan yerdə
sənətdən söhbət gedə bilməz. Xalq artisti adını daşıyan insanlar
şou-biznesi elə bir mərhələyə çatdırıblar ki, artıq o həyatımızın,
mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Sənət sənət üçündür, bir
ovuc, bayağılıq tərəfdarı olan insanlar üçün deyil. Bir-birilə lazımsız
polemikalar, qalmaqallar yaradaraq efirdən düşməmək hələ sənətlə məşğul
olmaq demək deyil. Bu problemlə bağlı həyacan təəbili çalan
həmkarlarımızın fikrinə qatılıram. Azərbaycanda hər bir sahədə olduğu
kimi, sənətdə də demokratik mühit mövcuddur. Amma bu o demək deyil ki,
bütün sərhədləri aşıb keçməliyik. Bir daha qeyd edirəm ki, heç kəsin,
heç bir sənəd atamının, xüsusilə də, xalq artistinin ixtiyarı yoxdur ki,
efirdə mənəvi, əxlaqa dəyərlərə sığmayan fikirlər işlətsin”.
Millət vəkili Hacı Qalib Salahzadə
hesab edir ki, şou-biznes nümayəndələrini əxlaqlı olmağa dəvət etmək
hər kəsin, o cümlədən, deputatların borcudur: "Amma bu, çətin məsələdir.
Xüsusilə də, şou-biznesadəki qadınları ipə-sapa gətirmək müşküldür.
Adamı borclu, rusvay-cahan edirlər”.
Millət vəkili, Nizami adına Ədəbiyyat İnstitutunun rəhbəri İsa Həbibbəyliyə
görə, şou-biznes nümayəndələri hədlərini bilməlidilər: "Açığı nə baş
verdiyini bilmirəm. İlhamə Quliyeva ilə Çingiz Qənizadənin arasındakı
problem barədə sizdən xəbər tuturam. Bu məsələyə münasibət bildirmək
istəməzdim. Mənim üçün şou-biznes nümayəndələri qeyri-ciddi adamlardı.
Gərək millət vəkilləri onların dediklərinə fikir verməsinlər. Onlar kim
biz kim?”
Yazıçı-publisist Mehriban Vəzirin sözlərinə
görə, sürü geri dönəndə axsaq qoyunlar qabağa düşdüyü kimi, cəmiyyətdə
də quruluşlar, sistemlər dəyişəndə dəyərlər baş-ayaq durur: "Xalq
artisti adı yüksək titul sayılır. Bu ad müğənnidə ikiqat məsuliyyət
hissi yaratmalıdır. Ucuz, səviyyəsiz şou-proqramlar ciddi verilişləri
üstələdiyi kimi, ucuz adamlar da intellektualları kölgədə qoyurlar. Bu
ölkədə kitab oxuyanla avamlar arasında heç bir fərq qoyulmur. Qanunu
bilməyənlər hüquqşünaslara ağıl öyrədirlər. İstər İlhamə Quliyeva, istər
Faiq Ağayev olsun, istərsə də digərləri, yaranmış anormal vəziyyətin
meydana çıxardığı insanlardı. Normal cəmiyyətlərdə belə insanlar yalnız
sənətlərilə tanınırlar. Bizdə isə müğənninin səsi deyil, şəxsi həyatı,
qeyri-etik ifadələri daha populyardır. Bu gün Azərbaycanda şou-biznes
intellekti küncə sığışdrıb. İntellekti olmayanlar yaltaqlıqla önə
çıxmağa çalışırlar. Kimin ki səviyyəsi, nüfuzu aşağıdır, başlayır ölkə
rəhbərliyinə yaltaqlanmağa. İnsanları şantaj edirlər. Qanunun aliliyinin
qorunduğu ölkələrdə bu, belə olmamalıdır”.
M.Vəzir düşünür ki,
telekanallar əxlaqında problemlri olan şəxsə geniş meydan
verməməlidilər: "İndi telekanallarda ictimai şuralar yaradılır. İctimai
şuralar bu kimi məsələləri tənzimləməlidir. Hər yerindən duran millət
vəkilllərini, siyasətçiləri aşağılayacaqsa, təhqiramiz ifadələr
səsləndirəcəklərsə bundan ümumilikdə cəmiyyət əziyyət çəkəcək”.