Hacı Əbdül: "Ayaz Mütəllibovu prezident görürəm"

img

07-07-2013 [06:56]


"Tövbə" Cəmiyyətinin sədri, keçmiş deputat Hacı Əbdül Əbdüləliyevin təşəbbüsü ilə yeni birlik fəaliyyətə başlayıb. Vətən Naminə Xalq Birliyi adlanan bu qurum qarşıdakı dövrdə aktiv ictimai-siyasi fəaliyyətə başlamaq niyyətindədir. Hacı Əbdüllə də söhbətə elə bu mövzudan başladıq. - Bismillahir-Rəhmanir-Rəhim! Vətən Naminə Xalq Birliyinin yaranması Azərbaycanın müstəqilliyini təhdid edən amillərin artmasının qarşısını almaq zərurətindən irəli gəldi. 20 il bundan qabaq güclə, min-bir əziyyətlə, məhrumiyyətlərlə müstəqilliyimizi əldə elədik. Amma son dövrlər baş verən hadisələr göstərir ki, Azərbaycan müstəqilliyini itirərək kiminsə, hansısa ölkənin təsiri altına düşmək təhlükəsi ilə üzləşib. Müstəqilliyimizi əldən verməmək, qoruyub-saxlamaq üçün belə bir hərakat yaratdıq. [b]- Hazırda Azərbaycanın müstəqilliyini təhdid edən nədir?[/b] - Çox şey var. Bir tərəfdən Qərb ölkələri, bir tərəfdən də Şimal qonşumuz yenidən hansısa yollarla Azərbaycanı müstəmləkələrinə çevirmək istəyirlər. Bu da bizi çox narahat edir. Ona görə çalışırıq ki, bu, baş verməsin. Daxildəki problemlərimizi özümüz həll etməliyik ki, xarici qüvvələr bura müdaxilə etməsinlər. Yəni, Azərbaycana kənardan təhdidlər var və bunun qarşısını almaq üçün hər birimiz səfərbər olmalıyıq. [b]- Hazırda Azərbaycanda hakimiyyət, o biri tərəfdə illərin siyasi, ictimai təşkilatları var. Sizcə, onların bu təhdidlərin qarşısını almağa gücü çatmadı ki, Siz ortaya çıxdınız?[/b] - Elə onların fəaliyyəti yetərli olbayıb deyə, belə bir vəziyyət yaranıb, hər tərəfdən təhdidlərlə üz-üzə qalmışıq. İqtidarın da, müxalifətin də hərəsinin öz maraqları var. Çox vaxt onların maraqları dövlətin maraqları ilə üst-üstə düşmür. Ona görə də biz, Vətən Naminə Xalq Birliyini yaratdıq ki, milli maraqlarımızı müdafiə edək. Bu birlikdəkilərin marağı, Xalqdı, Vətəndi, Müstəqillikdi, başqa maraq güdülmür. Amma digərləri maraq güdürlər. Biri vəzifə güdür, biri daha böyük qazanclar əldə etmək istəyir, digəri də başqa maraqlarını reallaşdırmağa çalışır. O vaxt hakimiyyətə gəlməkdən ötəri Qarabağı verdilər. Bu hər kəsin gözü qabağında baş verdi. Bunlar nə tez yaddan çıxdı? Hakimiyyət davası üstündə Qarabağ getdi. İndi də müstəqilliyimizi qurban vermək istəyirlər. Biz də bu cür mənfur oyunların qarşısını almaq istəyirik. [b]- Bu gün Azərbaycan dövlətinin söz sahibi hakimiyyətdir. Hakimiyyət milli maraqlarımızı kimlərə qurban verir ki?[/b] - Milli maraqlarımız hələlik qurban verilməyib, amma verilmək təhlükəsi var. Özü də bu təhlükə çox böyükdür. Ancaq elə vəziyyət yarana bilər ki, onu zorla alarlar. Ona görə də hakimiyyət, yeri gələndə ortaya iradə qoymalıdır. Bu gün müxtəlif qüvvələr var ki, maraqlarımızı qurban verməyə çalışırlar. [b]- O qüvvələr hakimiyyətin içindədir, yoxsa kənardadır?[/b] - O qüvvələr hakimiyyətdə də var, kənarda da. Məgər, sizin yadınızdan çıxıb, Ayaz Mütəllibovun hakimiyyəti vaxtında Xalq Cəbhəsinin nümayəndələri deyirdilər ki, biz hakimiyyətə gəlmək üçün doqquz ölkədən razılıq almışıq. Bu, nə demək idi? Deməli, həmin doqquz ölkənin maraqları var idi və Xalq Cəbhəsinin əliylə öz maraqlarını təmin edirdilər. Bu gün də həmin proses davam edir. Xarici səfərlər, xaricdən razılıq, dəstək gözləmələr yenə də baş verir. Elə öz xalqınızdan dəstək alın də, xarici qüvvələrdən niyə dəstək alırsız? Bizi narahat edən belə məsələlərdir. [b]- Indi müxalifətdən kimlər edir ki, bunu?[/b] - Bəyəm, AXCP ölüb ki, yenə də var... Yenə fəaliyyətdədir, yenə də öz bildiklərini edirlər, həmin ssenarini davam elətdirirlər. [b]- Əli Kərimlinin nəzərdə tutursuz? [/b] - Söhbət şəxsən Əli Kərimlidən getmir. Söhbət onların yürütdüyü siyasətdən, tutduqları kursdan gedir. Onların kursu elə əvvəlki kimidir. Əli Kərimli də, o biriləri də birlikdə hərəkət edirlər. [b]- Ümumiyyətlə, Vətən Naminə Xalq Birliyində kimlər var, hansı qüvvələr birləşib?[/b] - Biz hazırda çalışırıq ki, bu birlik genişlənsin. Bir neçə cəmiyyət, partiyalar, təşkilatlar bu birliyə qoşulublar. Ümidvarıq ki, başqa qüvvələr də qoşulsunlar. Bu birlik o məqsədlə yaranıb ki, dövlətimizin müstəqilliyini qoruyaq. İstəyirik ki, xalqımızın rifahı yaxşı olsun. Burda başqa məqsəd güdülmür. [b]- Bəs cəmiyyətdən necə, dəstək varmı?[/b] - Gələnlər yaxşı münasibət bəsləyirlər. Ümidlər də var. Hesab edirəm ki, qısa müddət ərzində sıralarımız daha da genişlənəcək. [b]- Ancaq hələlik hər hansı aktivliyinizi görmürük...[/b] - Səhviniz var. Bu birlik hələ yeni yaranıb, amma burda bir neçə partiya, ictimai təşkilat birləşib. İndi biz əlimizə avtomat alıb küçəyə çıxmalı deyilik ki, sonra da desinlər, bunlar aləmi bir-birinə qarışdırdılar. Bizim birlik xalqın birliyinə, həmrəyliyinə nail olmaq istəyir və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Ümidvaraq ki, qarşımıza qoyduğumuz məqsədə nail olaq. Biz kimik ki? Allah imkan versə, yolumuzu açsa, hər şeyə nail olmaq mümkündür. [b]- Birliyinizin qarşıdan gələn prezident seçkilərində iştirakı nəzərdə tutulurmu?[/b] - Qarşıdan gələn prezident seçkilərində namizədlər irəli sürüləndən sonra kimi məsləhət bilsək, onu da dəstəkləyəcəyik. Ancaq özümüzdən kiminsə prezidentliyə namizədliyinin irəli sürülməsi nəzərdə tutulmayıb. Bir də, bu gün ortada kim var ki, kimi də dəstəkləyəsən? Heç kəs yoxdu. Gərək çıxsınlar ortaya, görək kim-kimdir. Hər halda, Azərbaycan elə də böyük dövlət deyil ki, adam orda çaşıb qalsın. Balaca bir vilayətdir, hamı bir-birini yaxşı tanıyır. Namizədlər elan olunandan sonra biləcəyik ki, kimi dəstəkləmək lazımdır. [b]- Amma ortada bəlli namizədlər var. Hakimiyyətin namizədi İlham Əliyev, Milli Şuradan Rüstəm İbrahimbəyov, İqbal Ağazadə və digərlərinin namizəd olacağı bəllidir...[/b] - Biz çox namizəd gözləyirik. Hələlik seçki prosesi rəsmən başlamayıb, heç kimin namizədliyi qeydə alınmayıb. Rəsmi proses başlayandan sonra öz seçimimizi edəcəyik. İlham Əliyev, İqbal Ağazadə, yaxud başqasının namizəd olduğunu demək olmaz, çünki hər hansı bir rəsmi prosedur olmayıb. Ona görə də indidən nəsə demək doğru deyil. [b]- Hacı, bu günlərdə mətbuata açıqlamanızda Ayaz Mütəllibova vəzifə verilməsi təklifi ilə çıxış eləmişdiniz. Hardan belə bir fikrə düşdünüz?[/b] - Mən heç vaxt Ayaz Mütəllibova vəzifə verilməsini istəməmişəm, belə bir təklif də verməmişəm. Sadəcə, qəzet fikirlərimi təhrif edib. Sonra da Mütəllibovun köməkçisi Tofiq Əhmədov ağzına gələni danışıb ki, heç kəsin Ayaz müəllim haqqında danışmağa ixtiyarı yoxdur. Mənə sual veriblər ki, hakimiyyət Ayaz Mütəllibova vəzifə versə, necə olar? Mən də demişəm ki, yaxşı olar. Mütəllibov iqtisadçıdır, savadlı, bacarıqlı idarəçidir, alim adamdır. Nə deməliydim ki? Deməliydim ki, vəzifə verməsinlər, çıxıb ölkədən getsin? Axı, o da bu xalqın oğludur. Əgər Ayaz Mütəllibova vəzifə versələr, bundan vətən də, dövlət də, xalq da fayda görər. Amma Tofiq Əhmədov kimilərinə vəzifə-zad vermək lazım deyil. Durub deyir ki, heç kəs Ayaz Mütəllibov haqqında danışa bilməz. Deyəsən, o, cavanlıqda atdan yıxılıb, başı xarab olub. Mənə sual veriblər, mən də cavab vermişəm, sən kimsən ki, mənə qadağa qoyursan? [b]- Deyirsiniz ki, Ayaz Mütəllibov potensiallı adamdır. Bəs Siz onu hansı postda görürsünüz?[/b] - İstəyirsən ki, mən, Ayaz Mütəllibovu hansı postda gördüyümü deyim? [b]- Bəli.[/b] - Əgər səmimi fikrimi bilmək istəyirsənsə, mən Ayaz Mütəllibovu prezident görürəm. Əgər başqa vəzifə verərlərsə, onların öz işidir. Amma bu, mənim görmək istədiyimdir. [b]- Ancaq Mütəllibov özü deyir ki, artıq siyasətdən əlini birdəfəlik çəkib...[/b] - İndi o siyasətdən birdəfəlik uzaqlaşıb, evdə nəvələri ilə oynayır, özü bilər. Amma mən onu prezident kürsüsündə görmək istəyirəm. İstəyir olsun, istəmir olmasın. Ancaq mənim fikrim budur. Yəni, ürəyimdən bu keçir. - Hacı, bildiyiniz kimi, müxalifətin böyük əksəriyyəti Milli Şurada birləşib və seçkiyə gedirlər. Milli Şura barədə nə düşünürsünüz? - Milli Şurada elə bir qarışıqlıq var ki, heç ordakıların özləri bundan baş açmırlar. Milli Şura o vaxt olur ki, hamının sözü bir olur, hamı çəkici bir yerə vurur. Bunların biri yerə baxır, biri də göyə. Hərə öz marağından çıxış edir. [b]- Belə olan təqdirdə, Milli Şuranın seçkidə hər hansı bir uğur əldə etməsini gözləyirsinizmi?[/b] - Mənim fikrimcə, bunlar seçkidə heç nə əldə edə bilməyəcəklər. Mübarizələri də sıfırla nəticələnəcək. Hadisələrin gedişatı da bunu göstərir. Orda bəzilərinin potensialı var, amma əksəriyyətinin heç bir perspektivi yoxdur. O yerdə ki, Xalq Cəbhəsinin nümayəndələri var, ordan qaçmaq lazımdır. Çünki onların hakimiyyətdə olduqları vaxtı görmüşük, vuduqları yaralar hələ də sağalmayıb. [b]- Bakı və Kəndlər Birliyindən kimlərinsə Milli Şuraya qoşulması qalmaqala səbəb oldu. Birliyin MNTK sədri Məlahət Babayevanın açıqlamasından sonra isə ona hücumlar oldu. Bu barədə nə deyə bilərsiniz?[/b] - Məlahət xanım mərd, əqidəsi düz, təmiz qadındır. Belə adamlara qarşı həmişə hücuma keçirlər. Məlahət xanım nə deyirsə, düz deyir. Onun barəsində söylənən fikirlər isə şər-böhtandır. Bakı kəndləri adından kimlərisə Milli Şuraya salmaq istəyirlər. İndi yoldan keçən birini Bakı kəndləri adından hansısa quruma üzv edirlərsə, buna etiraz eləmək lazımdır. Bakı kəndlərində elə savadlı, bacarıqlı yoldaşlar var ki, onları savadsız, bacarığı olmayan adamlar təmsil edə bilməz. Niyə Bakının savadlı adamlarını ora dəvət eləmirlər? Deməli, bunlar Bakı kəndlərini nüfuzdan salmaq üçün yoldan keçəni Bakı adından ora üzv edirlər. Birindən soruşurlar ki, ağıllınız kimdir. Deyir ki, qabaqda gedən zəncirli. İndi bu adamlar da Bakı kəndlərinə qarşı bu taktikanı seçiblər...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA