06-07-2013 [03:40]
Bir qrup Ağcabədi rayon sakini İmişli rayonunun Vətağa stansiyasından Ağcabədiyə qədər olan dəmiryolu xəttinin fəaliyyət göstərməməsindən narahatçılıqlarını ifadə edirlər. Onlar mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş Ağcabədi dəmiryol stansiyanın bu gün işlək vəziyyətdə olmamasından narahatlıqlarını ifadə ediblər.
Məsələ ilə əlaqədar mia.az-a daha bir müraciət əslən ağcabədili olan [b]texnika elmləri namizədi, dosent, ?Şöhrət? ordenli, Prezident təqaüdçüsü Nuru Nuriyev[/b] tərəfindən göndərilib. N.Nuriyev sözügedən dəmiryolu xəttinin bünövrəsinin 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. O, dövlət başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın hər bir regionunun yüksək sürətlə inkişaf etdiyini söyləyərək, bu dəmiryol xəttinin də işlək vəziyyətə gətiriləcəyini deyib: ?Ağcabədidən İmişlinin Vətağa stansiyasına cəmi 63 kilometrdir. 2003-cü ilə qədər bu dəmiryolu ilə rayonda yerləşən pambıq zavodunun və neft bazasının yükləri daşınıb. Hətta burada ikimərtəbəli stansiya da tikilib. Stansiyanın balansında qatarların daşınması üçün paravoz da var. Amma 2003-cü ildən bu dəmiryolunun fəaliyyəti dayandırılıb. Dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət Ağcabədi rayonundan da yan keçməyib. Məhz bunun nəticəsində son illər Ağcabədi rayonunda da həm sosial, həm də iqtisadi baxımdan xeyli nailiyyətlər əldə olunub. Lakin məni bir ağcabədili ziyalı olaraq narahat edən məsələlərdən biri son dövrlər tez-tez baş verən çoxsaylı avtomobil qəzaları və bunun nəticəsində insan tələfatlarıdır. Məhz bu məqam bizi Ağcabədidə olan dəmiryol stansiyasının işə salınması məsələsini gündəmə gətirməyə vadar etdi. Əgər bu stansiya işə başlayarsa, insanların əksəriyyəti bu nəqliyyat vasitəsindən istifadə edəcək ki, bu da insan tələfatının qarşısını alacaq. Hesab edirik ki, stansiyanın işinin bərpası və sərnişin vaqonları ilə təmin olunması Ağcabədi rayon əhalisinin paytaxta rahat gediş-gəlişinin təmin edilməsi baxımından da çox vacibdir. Rayon əhalisi də bu stansiyanın açılmasının, işlək vəziyyətə gətirilməsinin birmənalı tərəfdarıdırlar. Eləcə də Milli Məclisdə Ağcabədi rayonunu təmsil edən deputatlar, rayonun ziyalıları, alimləri də bu xəttin işlək vəziyyətə gətirilməsini dəstəkləyirlər. Bu dəmiryolu xəttinin işə salınması üçün əlavə xərcə ehtiyac yoxdur. Çünki bütün xətlər hamısı stansiya hazırdır?.
N.Nuriyev, həmin stansiyanın Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansında olmadığını bildirib. Bu dəmiryolu xəttinin hazırda Kənd Təsərrüfatı Nazirliyinin balansında olduğunu deyən alim Nəqliyyat Nazirliyinin bu dəmiryolu xəttini öz balansına qəbul etməklə problemi aradan qaldıra biləcəyini də bildirib.
O, dəmiryolu xəttinin açılmasının strateji bir məsələ olduğunu da vurğulayıb: ?Ağcabədi rayonu elə bir məkanda yerləşir ki, cəbhə xətti ilə rayonu 10-15 kilometrlik bir məsafə ayırır. Bu baxımdan rayon cəbhəyanı bölgə olduğundan bu dəmiryolunun istifadəsi çox əhəmiyyətlidir. Çünki yerli əhali ilə yanaşı, burada müxtəlif hərbi hissələrdə xidmət edən, eyni zamanda hospitalda müalicə alan əsgərlərin ailələri üçün dəmiryolundan istifadə həm ucuz, həm də sərfəli ola bilər. Bu gün Ağcabədi rayonunda bir neçə ali və orta təhsil müəssisəsinin filialı fəaliyyət göstərir, rayonda ölkənin müxtəlif bölgələrindən xeyli tələbə təhsil alır. Bundan başqa təkcə Ağcabədinin 150 mindən çox əhalisi var, 50-60 min nəfər Laçın rayonundan olan məcburi köçkün də Taxta Körpü ərazisində məskunlaşıb. Həmin dəmiryolu həm də Beyləqan rayonunun aşağı tərəfindən keçir. Gələcəkdə ərazidə əlavə stansiyanın açılması ilə Beyləqan rayonunun 80 min nəfərlik əhalisinin də bu dəmiryolundan istifadəsini təmin etmək mümkündür. Mən aidiyyatı qurumların məsələyə diqqət ayıraraq, Ağcabədi dəmiryolunun işə salınmasına köməklik göstərmələrini xahiş edirəm?.
Alimin sözlərinə görə, regionların iqtisadi inkişafına xüsusi dövlət qayğısının göstərildiyi bir vaxtda bu problemin öz həllini tapması və əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuş dəmiryolu xəttinin yenidən istifadəyə verilməsi hər zaman Azərbaycan dövlətçiliyini müdafiə edən Ağcabədi rayonu əhalisi üçün xoş bir töhfə olardı. O, aidiyyatı dövlət qurumlarının məsələni diqqətə alaraq onu həll edəcəyinə ümidvar olduğunu deyib.
Əslən Ağcabədi rayonundan olan [b]tarix üzrə fəlsəfə doktoru, tanınmış rəssam Səyyar Əliyev[/b] də saytımıza açıqlamasında sözügedən dəmiryol xəttinin açılmasının zəruriliyindən danışdı. Onun sözlərinə görə, dəfələrlə bu problemin aradan qaldırılması ilə bağlı müxtəlif instansiyalara müraciətlər olunsa da məsələ öz həllini tapmayıb: ?Bunun ağcabədililərlə yanaşı digər rayonların əhalisinə də çox böyük xeyri olar. Həmin rayonu təmsil edən ziyalılar olaraq biz yenidən əlaqədar qurumların diqqətini bu məsələyə yönəltmək istəyirik. Bu dəmiryol xəttinin işləməsinin nə qədər zəruri olması ilə bağlı saytınıza ünvanlanan müraciətdə geniş bəhs olunub. Biz ölkədə fəaliyyət göstərən bütün KİV-ləri də bu məsələyə xüsusi diqqət ayırmağa cağırırıq. Hamılıqla bu problemin aradan qaldırılmasına köməklik göstərməliyik. Bu kiminsə şəxsi problemi deyil. Ümumi işə isə hamımız dəstək verməliyik?.