Təzkilat rəhbərləri Təbrizdə və Ərdəbildə olublar

img

29-06-2013 [05:29]


Azad Qarabağ Uğrunda Alyansın üzvləri bu gün Təbriz və Ərdəbilə 5 günlük səfərdən qayıdıblar. Səfər Təbriz Universitetinin təşkilatçılığı ilə Qarabağ mövzusunda keçirilən konfrans çərçivəsində baş tutub. Səfərdə Alyansa daxil olan təşkilatların rəhbərləri Akif Nağı, Rövşən Əhmədli, Etimad Əsədov, Firidun Məmmədov, Jalə Cəfərova, Növrəstə İbrahimova, Növrəstə Yusifova, Məhəmmədhəsən Həsənov, Alman Abbasov, Yasəmən Sarıyeva və digərləri iştirak ediblər. Nümayəndə heyəti səfərin birinci günü Təbriz Universiteti ilə tanış olub, Bələdiyyə muzeyi və dahi şair Şəhriyarın ev muzeyini, Təbriz şairlərinin Məkanını, İmamzadə məscidini ziyarət edib, şairin oğlu Hadi bəylə söhbət ediblər. Sonra Təbrizin şəhridarı, yəni bələdiyyə rəhbəri cənab Nəvin, ondan sonra isə Təbrizin imam cüməsi cənab Şəbüstəri qonaqların şərəfinə qəbul təşkil ediblər. Hər iki görüşdə səmimi söhbət olub, Qarabağ dərdinin həm də təbrizlilərin dərdi olduğu bildirilib. Səfərin ikinci günü Qarabağ mövzusuna həsr olunmuş konfrans keçirilib, Qarabağ münaqişəsi, Qarabağın tarixi, erməni işğalçılığı və vəhşilikləri, mədəniyyət, o cümlədən dini abidələrin məhv edilməsi ilə bağlı qarşılıqlı çıxışlar olub, Bakıda və Təbrizdə seminar və dəyirmi masaların keçirilməsi, noyabr ayında isə Təbrizdə beynəlxalq konfransın keçirilməsi qərara alınıb. Bu, sırf Qarabağ münaqişəsinə həsr olunmuş ilk beynəlxalq konfrans olacaq. Sonra Təbrizin Şəhidlik məzarlığı, Rəhmət Vadisi deyilən və minlərlə şəhidin dəfn olunduğu məzarlıq ziyarət edilib, ruhlarına dualar oxunub, həmçinin Qarabağ şəhidləri yad edilib. Axşam Akif Nağı və Rövşən Əhmədli ?Səhər? telekanalında 1 saata qədər birbaşa efirdə olublar, ən müxtəlif sualları cavablandırıblar. Səfərin üçüncü günü nümayəndə heyəti Təbriz Universitetinin rektoru, doktor-professor Pərviz Ajida ilə görüşüblər. Cənab Pərviz Ajida rəhbərlik etdiyi universitetdə Qarabağla bağlı görülən işlərdən, keçirdikləri konfransın məqsədlərindən danışıb. Sonra nümayəndələr Şəhidlik muzeyini ziyarət edib, daha sonra isə Təbrizin Əlillər Cəmiyyətində (Canbazlar Şurasında) görüş keçiriblər. Həm Bakıdan, həm də Təbrizdən olan döyüşçülər xatirələrini danışıblar, Qarabağ uğrunda birgə savaşmağa hazır olduqlarını bildiriblər. Təbrizli döyüşçülərdən bir neçəsi Qarabağ müharibəsində iştirak etdiklərini deyiblər. Günün ikinci yarısında İqtisad institu və ?Aran? mərkəzində görüşlər keçirilib. Görüşdə institutun rəhbəri, doktor-professor Məhəmmədəli Mütəfəkkiri, Təbriz Universitetinin elmi işlər üzrə prorektoru, doktor-professor Məhəmmədəli Pərğu, Təbrizdən olan millət vəkilləri Şəidi, Əfqani və Nuvadi iştirak ediblər. Görüş zamanı Qarabağla əlaqədar vahid mövqe nümayiş etdirilib, bəzi fərqli baxışların vura biləcəyi ziyan qeyd olunub. Səfərin sonuncu günlərində Ərdəbil şəhərində görüşlər keçirilib. İraq müharibəsinin qəhrəmanı, ehtiyatda olan general Rəhim Viyeəqdəmlə görüş onun özünün yaratdığı Şəhidlər muzeyində baş tutub. O, 8 il İraqda, sonra isə 1,5 il ərzində Qarabağda keçdiyi döyüş yolundan danışıb, bu gün də Qarabağda müharibəyə getməyə hazır olduğunu bildirib. Sonra ehtiyatda olan digər general, Ərdəbildən millət vəkili Mənsur Həqiqətpurla görüş keçirilib. Görüş əsasən xoş əhval-ruhiyyə şəraitində keçib, bəzi fərqli baxışların zərərli cəhəti qeyd olunub. Nümayəndə heyəti həmçinin Ərdəbilin imam cüməsi Seyid Həsən Amili tərəfindən qəbul olunub. Seyid Həsən Amili Qarabağ münaqişəsinin yalnız hərbi yolla həll oluna biləcəyini və bu yolda imkanları daxilində dəstək verməyə hazır olduqlarını bildirib. Azərbaycanlı nümayəndələr hörmətli imamın bəzi fikirlərinin Azərbaycanda narahatlıq doğurduğunu, daha çox düşmənin istəklərinə yaradığını bildiriblər. Cənab Amili Azərbaycanın maraqlarına həssaslıqla yanaşdığını vurğulayıb. Səfər iştirakçıları daha sonra Şeyx Səfi abidə kompleksini, Səfəvi sülaləsinin nümayəndələrinin, o cümlədən Şah İsmayılın məzarını ziyarət ediblər, tarixi eksponatlarla tanış olublar. Bütün görüşlərdə tədbir iştirakçılarına Azərbaycan bayrağı və Qarabağ münaqişəsinə dair ?Qarabağ müharibəsi?, ?Qarabağ gündəliyi?, ?Qarabağ dünən, bu gün və sabah?, ?Quba məzarlığı-erməni cinayətlərinin qanlı izi? və digər kitablar paylanıb. Tədbir və görüşlərin uğurla keçirilməsi üçün Təbriz Universitetinin doktor-professoru Məhəmmədəli Pərğu, elmi əməkdaşlar Həsən Qədimi, Yaqub Salehi və digərləri xüsusi xidmət göstəriblər. QAT sədri Akif Nağı bildirib ki, səfər uğurlu alınıb, bir sıra müsbət nəticələr əldə olunub: ?Bu görüşlərdə məqsəd tərəflərin Qarabağ münaqişəsi, Qarabağın tarixi, mədəniyyəti, dini abidələrin işğalçılar tərəfindən məhv edilməsi, erməni işğalı və vəhşiliklərinə dair birgə araşdırmaların aparılması, vacib istiqamətlərdə birgə fəaliyyətin təmin edilməsi, işğalçı Ermənistanın regionda tədric edilməsi və təklənməsindən, haqq işimizə daha çox dəstək qazanılmasından ibarətdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA