Deputatlar və vəkil Akif Muradverdiyevdən danızdı

img

24-06-2013 [11:16]


?Şənbə-bazar günləri görüşmək imkanı olmayıb. Bazar ertəsi onunla görüşümüz planlaşdırılır. Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanma şəraiti bir qədər fərqlidir. Burada daha az sovqat buraxılır, yaxınları ilə telefon əlaqəsi yaratmaq imkanı məhduddur. Ancaq ümumi vəziyyəti yaxşıdır, düzdür, müəyyən xroniki xəstəlikləri var. Amma saxlanma şəraitindən şikayətlənməyib?. Bu sözləri Prezident Administrasiyasının sabiq işlər müdiri, hazırda həbsdə olan Akif Muradverdiyevin vəkili Fuad Ağayev bildirdi. Onun sözlərinə görə, indidən bir söz söyləmək çətindir və görüşdən sonranı gözləmək lazımdır: ?Həbsin,i təbii ki, qanunsuz sayır. Hər şey bugünkü görüşdən sonra bilinəcək?. Vəkil özü də Muradverdiyevin MTN-də saxlanmasını və həbsini qanunsuz hesab edir. Məsələyə münasibət bildirən Qərbi Azərbaycan kökənli jurnalist Şahvələd Çobanoğlu hadisə barədə çox da məlumatlı olmadığını, ancaq seçkilər ərəfəsində gerçəkləşdirilən həbsi təsadüf saymadığını deyib. O, ?Azadlıq? radiosuna bunları söyləyib: ?Məntiqi olaraq anlayıram ki, antikvar sayılacaq sikkələri açıq şəkildə sərhəddən keçirmək istəməzdi, axı həbs təhlükəsiylə üzləşərdi. Özü də bir halda ki, vəkilinin o cür informasiyaları var. Biz təcrübəmizə əsaslanaraq deyə bilərik ki, o, siyasi motivlə həbs olunub. Burada ya intiqam niyyəti var, ya da cəmiyyəti qorxutmaq niyyəti. Əli İnsanovun Milli Şuraya dəstəyindən sonra həbsin baş verməsi və Akif Muradverdiyevin Əli İnsanova yaxınlığı ehtimallarımızı gücləndirir?. Deputat Çingiz Qənizadə həbsi belə qiymətləndirib: ?Əlimdə yetərincə fakt olmadan heç kimi ittiham edə bilmərəm. Ortada rəsmi şəkildə qaçaqmalçılıq suçlaması var. Bu ittiham nə dərəcədə sübut olunacaq, görüntülər və əməliyyat çəkilişi varmı, sənədləşdirmə dolğun aparılıbmı - bütün bunlar başqa şeydir. Daha sonra danışmaq olar. Doğrudan da, Akif müəllim yaşının bu vaxtında sərhəddən nəyisə qanunsuz keçirmək istəyibsə, bu da yolverilməzdir. Hər halda, tam aydınlıq gəlmədən heç nə deyə bilmərəm?. Deputat Sabir Rüstəmxanlı Akif Muradverdiyevi uzun illərdir tanığını bildirib: ?Onu çevik, işini bilən, peşəkar sistem işçisi kimi tanımışam. Başqa fəaliyyəti haqda məlumatım olmayıb. Həbsdə olanda Zəngəzur haqda dəyərli kitabı çıxdı. Mən adamlara kitaba görə qiymət verirəm. Elə kitabı həbsxanada yazıbsa, onu həbsxanaya salmağa dəyərmiş. Bu kitabı azadlıqda yaza bilməzdi?. Xatırladaq ki, Akif Muradverdiyev iyunun 20-də Bakı hava limanında tutulub. Elə həmin gün Səbayel Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. İyunun 21-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) Akif Muradverdiyevin saxlanması barədə rəsmi məlumat yayıb. A.Muradverdiyev əvvəllər də həbs edilib. O, 2005-ci ilin oktyabrında parlament seçkiləri ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə tutulmuşdu. Həmin vaxt eyni suçlama ilə iqtisadi inkişaf naziri Fərhad Əliyevlə səhiyyə naziri Əli İnsanov da həbs edilmişdilər. Ancaq sonradan iqtisadi cinayətlərə yol verdiyinə görə 6 il həbsə məhkum olunan A.Muradverdiyev 2008-ci il yanvarın 15-də cəzası şərti sayılmaqla azadlığa buraxılmışdı(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA