?Soydazlarımız Azərbaycan sərhədini çətinliklə keçirlər?

img

23-06-2013 [03:46]


Bu yaxınlarda Gürcüstan əsilli ziyalılar dövlət başçısına orada yaşayan soydaşlarımızın miqrasiya problemi ilə bağlı müraciət ediblər. Xatırladaq ki, xeyli müddətdir ki, Gürcüstan azərbaycanlılarının miqrasiya problemlərinin həlli üçün Azərbaycan hakimiyyətinə, ayrı-ayrı dövlət strukturlarına müraciətlər edilir. Məsələnin nə yerdə olmasını dəqiqləşdirmək üçün Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, əslən Borçalıdan olan Kamran Ramazanlı ilə danışdıq. K.Ramazanlı Gürcüstanlı soydaşlarımızın ənənəvi problemlərinin həll olunmamasından danışdı: ?Ümumiyyətlə Gürcüstanda hakimiyyət dəyişikliklərindən asılı olmayaraq oradakı soydaşlarımızın problemləri (təhsil, torpaq, din, kənd adlarının geri qaytarılması, dövlət idarəçiliyində təmsilçilik və s.) müxtəlif sahələr üzrə hələ də həll olunmamış qalır. Azərbaycan ictimaiyyəti də bu problemlərdən məlumatlıdır. Bu istər Şevarnadze, istər Saakaşvili, istərsə də İvanaşvili hakimiyyətləri dövründə həllini tapmayıb. Ədalət naminə qeyd etmək lazımdır ki, Saakaşvili dönəmində rüşvət aradan qaldırıldı, münasibətlərdə müəyyən irəliləyişlər oldu, ancaq sadaladığım bu problemlər yenə də həllini tapmadı. Gürcüstanda yaşayan 7 kənd var, təxminən altı minə yaxın insan yaşayır. İvanaşvili hakimiyyətə gəlməmişdən əvvəl bu torpaqların öz sahiblərinə qaytarılmasına dair vəd vermişdi. O kəndin 5200 hektara qədər torpaq sahəsi bu günə qədər də qaytarılmayıb. Bu torpaqlar İran vətəndaşı, bir də milliyyətcə erməni olan keçmiş raykom tərəfindən mənimsənilib. İvanaşvili hakimiyyətə gəldi, ancaq torpaq sahələri kəndlilərə qaytarılmadı. Saakaşvilinin dövründə bununla bağlı 41 nəfər icarədarın müraciəti olmuşdur. Təəssüflər olsun ki, bu günə qədər bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur?. Kamran Ramazanlı eyni zamanda Gürcüstanda yaşayan soydaşlarımızın dövlət idarələrində təmsilçiliyi ilə bağlı məsləyə toxundu. O, bildirdi ki, hakimiyyətə yeni gələn şəxslərin verdiyi vədlərə baxmayaraq, yenə də soydaşlarımız dövlət idarələrində təmsil olunmurlar: ?Biz maksimum çalışacağıq ki, bu məsələni həyata keçirək. Bu günə qədər də bu məsələnin belə aktual olmasına səbəb kimi azərbaycanlıların gürcü dilini bilməməsini deyirlər. Sadəcə olaraq bu, bir bəhanədir. Əksinə, orada kifayət qədər gürcü dilini bilən azərbaycanlı kadrlarımız var. Bildiyiniz kimi, azərbaycanlılar dörd rayonda kompakt yaşayırlar: Bolnisi, Marneuli, Qardabani, Başkeçid. Bu rayonlarda yaşayan əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Adicə Marneuli rayonunun doxsan faizi azərbaycanlı olmasına baxmayaraq, orada polis rəisindən tutmuş icra başçısına qədər hamısını gürcülər təşkil edir. Yəni azərbaycanlıların say üstünlüyü olan regionlarda soydaşlarımızın yüksək vəzifələrdə təmsil olunmaları bu qədərmi çətindir? Ancaq ermənilər yaşayan Samxeti bölgəsində icra başçısı da, digər dövlət orqanlarının rəhbərləri də ermənidir. Bu ikili münasibət nəyə lazımdır?? K.Ramazanlı Gürcüstan azərbaycanlılarının təhsil sahəsində yaşanan problemlərindən də danışdı. Bildirdi ki, təhsil sahəsində ən ciddi problem Azərbaycan məktəblərinin getdikcə azalmasıdır: ?Sovet dönəmində Gürcüstanda 181 Azərbaycan məktəbi fəaliyyət göstərirdi. Gürcüstan müstəqil olduqdan sonra bu rəqəm 167-ə düşdü. Bu gün isə cəmi 114 məktəbimiz qalıb. Bu məktəblərdə də pedaqoji kadrların demək olar ki, əksəriyyətini yaşlı insanlar təşkil edir?. Müsahibimiz dini sahədə olan problemlərin də olduğunu vurğuladı. O dedi ki, indi də məscidlərin qeydiyyatdan keçirilməsi prosesi, əvvəllər olduğu kimi yenə problemli olaraq qalır: ?Bir neçə il əvvəl Saakaşvili dönəmində Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) deyilən bir qurum yaradıldı. Hətta GMİ-nin təsisçiləri də dövlət məmurları idi. Biri qubernator müavini, biri Kənd Təsərrüfatı Nazirliyində müşavir idi. Yəni ki, dindən xəbəri olmayan adamlar dini idarənin təsisçiləri siyahısına daxil olundular. Əslində ermənilərin dini statuslarını daha yuxarıda tanıdılar, ancaq bizim statusumuzu QHT kimi tanıdılar. İndi də orada çox ciddi qarşıdurma var. Çünki iki tərəf bir-birini qəbul etmir?. K.Rzazadə dedi ki, ən əsas problemlərdən biri də soydaşlarımızın Gürcüstan sərhədindən asanlıqla keçməsi, ancaq Azərbaycan sərhədində onların incidilməsidir. K.Ramazanlı Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə bağlı bu günə qədər etdikləri müraciətlərin heç birinə müsbət cavab verilmədiyini dedi: ?Bizim sonuncu müraciətimiz Gürcüstanda yaşayan soydaşlarımızın miqrasiya məsələsi ilə bağlı olub. Bu günə qədər müxtəlif sahələrdə Azərbaycan prezidentinə müraciətlərimiz də olub. Həmçinin təhsil sahəsində də həm Gürcüstandakı QHT rəhbərləri, həm də Azərbaycandakı QHT rəhbərləri ilə birlikdə ölkə rəhbərliyinə müraciətimiz olub. Təəssüflər olsun ki, bizim bu müraciətimiz gah TQDK-da, gah da Təhsil Nazirliyində baxılmaz qaldı. Təhsil sahəsindəki problemləri biz yaxın beş ildə həll etməsək, Azərbaycan məktəbləri bağlanmış olacaq?. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA