Isa Qəmbər: "Biz də Rüstəm ibrahimbəyovun namizədliyini məqsədəuyğun hesab edirik"

img

16-06-2013 [07:28]


Bu gün prezidentiliyə namizəd İsa Qəmbər Binəqədi sakinləri ilə görüş keçirib. Partiya qərargahında baş tutan görüşdə Müsavat başqanı Binəqədi sakinlərinin seçkilərdə hər zaman fəal iştirak etdiyini vurğulayıb: ?Ölkəmiz problemlər içərisindədir. Ən böyük problemimiz olan Dağlıq Qarabağdan tutmuş, ən adi məişət problemlərini sadalamaq olar. Milyonlarla insan çörək dalınca xaricə, Rusiyaya getmək məcburiyyətində qalıb. Ölkədə işsizlik problemi baş alıb gedir, işləyənlərin maaşı isə bərbad vəziyyətdədir. Bir müəllim, həkim ki aldığı maaşla ailəsini dolandıra bilmir hansı rifahdan, inkişafdan danışmaq olar. Məhkəmələr sifarişlə işləyir, bütün ölkədə dərəbəylikdir. Belə bir məsəl var xalq içində ki, indiki hakimiyyət yeyib doyub, gələnlər acdılar hələ. Mən həmişə demişəm, kim deyir ki, bunlar doyub? Əksinə yedikcə iştahları daha da artır. Mən əminliklə deyə bilərəm ki, ölkə əhalisinin tam yarısı ölkədə siyasi vəziyyətin dəyişməsini istəyir. Ölkədə təhsilin vəziyyəti bərbaddır. Bu il orta məktəb məzunlarının 1-ci sinif şagirdlərinin 60 faizi iki qiyməti alıb. Təsəvvür edirsiniz bu nə deməkdir. Bu, hakimiyyətin yaratdığı təhsil sisteminin durumudur. Səhiyyədə elə bir vəziyyətdir ki, imkanı olan Amerikaya, Avropaya, bir hissəsi Türkiyəyə, bir az imkanı olan isə İrana gedir. Biz 20 ildir hakimiyyətin dəyişməsinə çalışırıq, lakin hələ də bu mümkün olmayıb. Bu isə insanlarda ümidsizlik yaradıb. Əgər 20 ildə alınmayıbsa, o demək deyil ki, heç alınmayacaq. Hətta hakimiyyətin nazirləri belə yığdıqları sərvəti götürüb gedib tamamilə sakit həyat yaşamağı seçərlər. Nəinki indiki hakimiyyətin xalqın qəzəbinə tuş gələcəyi günü görməkdənsə. Əhalinin narazılığını biz son müddətdə müxtəlif bölgələrimizdə baş verən xalq üsyanlarında gördük. Artıq yeni gənc nəsil yetişib. Ziyalılar da uzun zamanın susqunluğundan sonra mübarizədə iştirak etməyə başladılar. Sənət, incəsənət adamlarından da fərqli səslər, mövqelər eşitməyə başladıq. Artıq beynəlxalq vəziyyət də dəyişib. Əvvəllər beynəlxalq birlik sabitliyə üstünlük verirdi. Demokratiyanı qurban verirdi sabitliyə. Artıq beynəlxalq birlik dərk edir ki, azadlıq, firavanlıq dünyanın ancaq bir hissəsinə aid ola bilməz. Bu cür qeyri-bərabərlik şəraitində onların da azadlıq, firavanlıqları təhlükə altına düşür. Türkiyə kimi bir ölkədə də biz bunun şahidi olduq. İranda da xalq islahatlara meylli namizədi seçdi. Biz ayağa qalxsaq, mövqeyimizi ortaya qoysaq beynəlxalq birlik bizim tərəfimizdə olacaq. Müsavat dinc yolla hakimiyyətin dəyişməsini istəyir. Əgər seçkilər saxtalaşdırılsa, o zaman xalqın etiraz etmək üçün əlində bəhanəsi olacaq?. Müsavat başqanı bu yaxınlarda rəsmən elan edilən Milli Şuranın fəaliyyətindən də danışıb. Şuranın 2 illik dövr ərzində seçəcəyi namizədin ölkədə köklü islahatlar aparacağını vurğulayıb: ?Həmin dövr ərzində prezident respublikasından parlament respublikasına keçiləcək. 2 il sonra isə parlament seçkilərində qalib gələn partiya hökuməti formalaşdıracaq. Keçid dönəmi üçün vahid namizədin partiyalara bağlı olmayan, ziyalıların içindən seçilən biri olması ideyasını dəstəkləyirik. Müsavat partiyası da Rüstəm İbrahimbəyovun namizədliyini məqsədəuyğun hesab edir?. İsa Qəmbər həmçinin dünən AXCP lideri Əli Kərimlinin İP sessiyasında səsləndirdiyi fikirlərə münasibət bildirib. O qeyd edib ki, Müsavat partiyası vahid namizədliyə iddialı olmayıb. Biz Mili Şuranın formalaşmasına yardım etdik, onu dəstəklədik, lakin hesab edirik ki, həmin şəxs partiyalara bağlı olmayan biri olmalıdır?(qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA