Aslan ismayılovu ?bandotdel?də döyüblər: "Qulağımın dibinə elə yumruq vurdular ki..."

img

30-05-2013 [10:30]


Tanınmış vəkil Aslan İsmayılov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (?bandotdel?) döyülüb və ölümlə təhdid edilib. Bu barədə "Azadlıq"a Aslan İsmayılovun özü məlumat verib: "Bu gün saat 17-də Nəriman Rayon Prokurorluğunda idim. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Canpolad Daanov adlı müstəntiqi mənə zəng vuraraq bildirdi ki, sizinlə təcili işim var. Mən onu tanıyaram, həmişə mənə hörmətlə yanaşıb. Xahiş etdiyinə görə getdim. İçəri daxil olanda bir nəfər yekəpər məni qarşılayıb, otağı göstərib dedi ki, keçin bura. Düşündüm ki, yəqin məni saxlayırlar. Sakitcə keçdim içəri, Canpolad da otaqda idi. Məni görən kimi başladı təhqir etməyə. Dedi, sən kimsən ki, cənab naziri, Ramil Usubovu yalan danışmaqda ittiham edirsən. Ünvanıma min bir təhqir işlətdi və qulağımın dibinə yumruq zərbəsi endirdi. Məni ölümlə təhdid edərək dedi ki, bu hələ sənə xəbərdarlıqdır. Get yaşamaq haqqında fikirləş, ağlını başına yığ. Sonra o birisi də təhqir və təhdid etməyə başladı. Mən sakit dayandım, çünki bilirəm ki, bu nə idarədir və bura nə üçündür". Aslan İsmayılov deyib ki, BMCQMİ-dən çıxandan sonra Bakı Prokurorluğuna gedib: "Prokuror burada olsa müraciət edəcəm. Bundan başqa mən ABŞ səfirliyinə müraciət etmişəm. Ümumiyyətlə bütövlükdə ictimaiyyətə müraciət edirəm. Söhbət mənim təhqir olunmağımdan getmir. Məni öldürə bilərlər. Mən şərəfimin alçalmasına yol verməyəcəm. Mən ölümdən qorxmuram. Amma biz susduqca bu azğınlıq davam edəcək. Eyni zamanda hakimiyyət bu məsələyə aydınlıq gətirməlidir. Bilək ki, biz dövlətdə yaşayırıq, ya yox. Əgər dövlətdə yaşayırqsa, o zaman mənə qarşı bu addımı atanlar cəzalandırılsın. Yox əgər bunlar banditdirlərsə, o zaman qayda-qanundan danışmaq əbəsdir, çıxaq gedək buradan". Vəkil daxili işlər naziri Ramil Usubovun da məsələyə aydınlıq gətirməsini tələb edir: "Onlar məni vuranda, təhqir və təhdid edəndə Ramil Usubovun adını çəkirdilər. İndi Ramil Usubov bu məsələyə aydınlıq gətirsin. Məni öldürmək istəyirsə, öldürsün". Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, sabah yayılmış məlumatla bağlı araşdırma aparıldıqdan sonra günün birinci yarısında məsələ ilə bağlı açıqlama veriləcək. *** Azərbaycan Xalq Cəhbəsi Partiyası Aslan İsmayılovun döyülməsi ilə bağlı bəyənat yayıb. Mia.az bəyənatı olduğu kimi təqdim edir: "Bu gün tanınmış ictimai xadim, vəkil Aslan İsmayılov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılaraq orda döyülüb, ölümlə təhdid edilib. Vəkillə bu formada-qanunsuz və tərbiyəsizcəsinə davrananlar öz əməllərini Aslan İsmaylovun son vaxtlar göstərdiyi tənqidi mövqeyə cavab kimi təqdim ediblər. Onlar Aslan İsmayılova daxili işlər naziri Ramil Usubovun tənqid etdiyi üçün zorakılıq etdiyini gizlətməyiblər də. AXCP artıq dövlət orqanlarının, xüsusi ilə də hüquq-mühafizə sisteminin fəal vətəndaşlarla terrorçu kimi davranmasını xüsusi narahatlıqla qəbul edərək, bu əməlləri qətiyyətlə pisləyir. AXCP baş verənləri hakimiyyətin bütün sərhədləri aşması, ölkədəki prosesləri zor müstəvisinə çəkmək cəhdi kimi dəyərləndirərək bəyan edir ki, artıq dövlət orqanları vətəndaşların həyatı üçün təhlükə mənbəyinə çevirilib. AXCP hakimiyyət təmsilçilərindən tələb edir ki, üzərlərinə düşən məsuliyyəti dərk etsinlər, fəal, vətəndaş mövqeyi göstərən şəxslərə qarşı qanunsuz, mənəviyyatsız əməllərdən imtina etsinlər. AXCP ölkə vətəndaşlarını da Aslan İsmayılovun başına gətirilənlərə və bu qəbildən baş verənlərə laqeyd qalmamağa, bu hadisələrin hər kəsin qürur və ləqayətinə qarşı yönələn anti-humansit addım kimi qiymətləndirərək ölkədə hüququn aliliyinin, demokratiyanın bərqərar olması üçün fəal və qətiyyətli mövqe tutmağa səsləyir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA