Ceyhun Bayramov müəllim, şagird və tələbələri belə təbrik etdi - Mətn

img

15-09-2018 [09:33]


 Təhsil naziri Ceyhun Bayramov "Bilik günü” münasibəti ilə müəllim, şagirdlər və tələbələri təbrik edib.

Mia.az Təhsil Nazirliyinə istinadən həmin təbrik məktubunu təqdim edir:

"Əziz müəllimlər, şagirdlər və tələbələr,

Hörmətli valideynlər,

Sizi "Bilik günü” və yeni dərs ili münasibətilə təbrik edirəm!

Hər birinizə bol enerji, öyrənmək həvəsi və bunların məntiqi nəticəsi olan nailiyyətlər arzu edirəm.

YUNESKO XXI əsri təhsil əsri adlandırmışdır. Təhsil insan şəxsiyyətini formalaşdırır, onun sosiallaşmasına və peşə səriştələrinin yaranmasına xidmət edir. Təhsilin dörd təməl daşı bilik vermək, bacarıqlar formalaşdırmaq, yaşamağı öyrətmək və başqaları ilə birlikdə yaşamağı öyrətməkdir. "Bilik günü” kimi bir bayramı qeyd etməyimiz bizim biliyə, təhsilə verdiyimiz əhəmiyyəti nümayiş etdirir.

Bu bayram məktəbli statusu almış uşaqlarımız, tələbə adını yenicə qazanmış gənclərimiz üçün xüsusilə əzizdir. "Bilik günü” şagirdlər, tələbələr, müəllimlər, inkişaf etmək əzmində olan bütün insanlar üçün planlar qurmaq, prioritetlər müəyyənləşdirmək, hədəflər seçmək üçün də əla vaxtdır.

Əziz müəllimlər, şagirdlər və tələbələr!

Təhsildə atılan hər bir uğurlu addım bizim həyat keyfiyyətimizi yüksəldir, ümumxalq firavanlığına aparır.

Elm, inkişaf, tərəqqi simvolu olan "Bilik günü”nüzü təbrik edir, hər birinizə uğurlar arzulayıram!".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA