Elmar Vəliyevlə bağlı qalmaqal ATƏT-də müzakirə olunacaq

img

13-05-2013 [11:30]


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin "telefon terroru" ilə bağlı məsələ ATƏT-in insan ölçüsü üzrə illik toplantısında qaldırılacaq. Bu barədə məlumatı "Yeni Müsavat" qəzetinin tədbirdə iştirak etmək üçün Varşavaya yollanan baş redaktoru Rauf Arifoğlu verib. Qeyd edək ki, Varşava toplantısında KİV azadlığı üzrə müzakirələr aparılmalıdır. Toplantıda ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç də iştirak edəcək. Azərbaycanda məmurun ölkənin aparıcı KİV-inə qarşı apardığı "telefon terroru" onun da diqqətinə çatdırılacaq. Xatırladaq ki, dünən saat 21.10 radələrindən etibarən "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın mobil nömrəsinə 050 648 02 02 və 055 872 73 56 nömrələrindən zənglər gəlməyə başlayıb. Birinci nömrənin sahibi Azər Ayxana zəng edərkən deyib ki, onda Gəncə şəhəri ilə bağlı mareriallar var və onu redaksyaya təqdim etmək istəyir. Bu sözdən sonra zəng edən şəxs A.Ayxanın, o cümlədən qəzet kollektivinin ünvanına təhqiramiz söyüşlər deməyə başlayıb. Həmin şəxs bundan sonra həmin nömrədən A.Ayxanın ünvanına təhqiramiz sözlərlə dolu mesaj yazıb. 055 872 73 56 nömrədən də A.Ayxanın ünvanına hədə dolu mesajlar gəlməyə başlayıb. Daha sonra bu telefon nömrələrinə 051 540 32-32 nömrəli abionent də qoşulub. O da jurnalisti biədəb söyüşlərlə təhqir edib. A.Ayxan "musavat com"a açıqlamasında bildirib ki, onun mobil nömrəsi Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdə və onun tabeliyində olan işçilərdə var və böyük ehtimalla bu iyrənc kampaniyanın arxasında şəxsən Elmar Vəliyev dayanır. A.Ayxan həmçinin bildirdi ki, mayın 13-də bu olayla bağlı ölkənin hüquq-mühafizə orqanlarına yazılı şəkildə müraciət edəcək və həmin nömrələrin sahiblərinin tapılması üçün lazım olan addımları atacaq. Bu gün Elmar Vəliyevin köməkçisi ilə telefon əlaqəsi saxlayan baş redaktor müavini ona iradlarını bildirib, məruz qaldığı psixoloji terrora etirazı edib. İH başçısının köməkçisi jurnalistə cavab olaraq deyib ki, həmin telefon nömrələri onlara tanış deyil, ancaq ola bilsin ki, qəzetçini təhqir edənlər onların tərəfdarları, təəssübkeşləridir. "Yeni Müsavat" qəzetinin son saylarında Gəncənin icra başçısı Elmar Vəliyev haqqında silsilə yazılar dərc olunub. Həmin yazılarda E.Vəliyevin idarəçilikdə yol verdiyi bəzi qanunsuzluqlar əksini tapıb. Redaksiya rəhbərliyi bu səbəbdən baş verənlərin arxasında böyük ehtimalla şəxsən E.Vəliyevin və onun çevrəsinin dayandığını güman edir( Musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA