AMEA-da rüzvət qalmaqalı; iddiaçılar Akif Əlizadə ilə Arif Mehdiyevə müraciət etdi

img

11-05-2013 [07:33]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində hər bir elm sahəsi üzrə Koordinasiya Şurası faliyyət göstərir. Ali Attestasiya Komissiyasının (AAK) qərarına əsasən doktorant və dissertantlar müdafiə etdikləri elmi işləri bu quruma təqdim edərkən sənədlərinin siyahısında Problem Şurasında mövzularının qeydiyyata alınması haqqında arayış da olmalıdır. İddiaçılar isə onlardan belə bir sənədin tələb edilməsini ədalətli saymır və bunun rüşvətxorluğa yol açdığını bildirirlər. Bununla bağlı bir qrup iqtisadçı-tədqiqatçı - A.Zahidov, Y.Məmmədov, S.Mirzəyev, Q.Kamilov və başqaları müxtəlif mətbu orqanlar vasitəsi ilə AMEA-nın prezidenti akademik Akif Əlizadəyə və AAK-ın sədri akademik Arif Mehdiyevə müraciət ediblər. Onlar bildirirlər ki, bu arayış elmin inkişafı üçün müəyyən mənada gərəkli olsa da, amma bundan sui-istifadə hallarına yol verilir. Belə bir arayışın tələb edilməsini istəməyən iddiaçılar, cui-istifadə hallarında hansısa səbəbdən AMEA-nın İqtisadiyyat İnstitutunun keçmiş direktoru Şahbaz Muradovun adını hallandırırlar. Müraciət müəllifləri Akif Əlizadə ilə Arif Mehdiyevin diqqətinə çatdırırlar ki, AMEA-nın Rəyasət Heyəti nəzdində iqtisadiyyat üzrə Əlaqələndirmə və problem şurasının sədri Şahbaz Muradovun hərəkətlərindən beziblər: "Biz, iqtisad elminin problemləri ilə illərlə çalışan tədqiqatçılar, artıq məcbur olub Sizə müraciət edirik. Məlumdur ki, AAK-ın Rəyasət Heyətinin qərarı ilə müdafiə olunmuş işlərin attestasiya sənədlərinin siyahısına Problem Şurasında mövzunun qeydiyyata alınması haqqında arayışın olması da aiddir. Birincisi, biz mövzuların Problem Şurasında qeydiyyatdan keçməsini dəstəkləyirik, ancaq bu prosedurun müdafiə ərəfəsində yox, iddiaçının mövzusu Elmi şuralarda təsdiq olunanda tələb edilməlidir. Heç bir məntiqə sığmır ki, iddiaçının mövzusu təsdiq olunsun və illərlə mövzu üzərində işlənilsin, çoxlu məqalələr çap edilsin, sonda isə bu arayış olmadığı üçün müdafiə etməyə buraxılmasın. Şahbaz Muradov kimi şəxslər bu qərardan çox məharətlə sui-istifadə edirlər". Müraciət edən şəxslər hər iki akademikdən xahiş edirlər ki, mövzuların qeydiyyata alınması ilə institutların Elmi şuralarında təsdiq olunma zamanı həmin Problem Şurası ilə institutların elmi katibləri bu məsələylə məşğul olsunlar: "Yəni, artıq Problem Şurasında qeydiyyatdan keçəndən sonra mövzu təsdiq olunmalıdır. Burada AAK-ın iştirakını yersiz sayırıq və fikrimizcə, AAK dissertasiyaların elmi səviyyəsinə nəzarət etsə, daha yaxşı olardı. Biz də aylarla bir arayışın alınması üçün Şahbaz Muradovun qapısına ayaq döyməzdik". Müraciət müəllifləri bildirirlər ki, həmin arayışın alınması üçün iddiaçılardan 500-1000 manat arasında rüşvət tələb edilir. Bu səbəbdən də, Problem Şurasının müvafiq arayışının attestasiya sənədlərinin siyahısından çıxarılması xahiş olunur. Məsələylə bağlı mia.az saytına açıqlama verən Ş.Muradov onun barəsində deyilənlərin əsassız olduğunu bildirib: "Əgər bir nəfər insan tapılsa ki, mənə həqiqətən də hansısa bir məsələyə görə pul verib, o zaman həyatımdan keçərəm. Mayın 15-də Problem Şurasının iclası olcaq, gəlsinlər, sübut eləsinlər ki, bir manat söhbəti olub. Həmin insanlar saxtakardır, müxtəlif yollarla gəlib müəyyən mərhələləri keçirlər. İnstitut direktorunu başa sala bilmirəm ki, gətirib İran vətəndaşlarını buraxırlar, amma heç biri yaramır". Ş.Muradov deyib ki, Problem Şurasının 27 nəfər üzvü var: "Onların hamısı respublkamızda elm sahəsində tanınan şəxslərdir. Bu şurada hər bir məsələ ilə bağlı açıq müzakirə keçirilir. Əgər bir nəfər gəlib sübut eləsə ki, mənim rəhbərlik etdiyim şurada hansısa əli-əyrilik var, mən bütün diplomlarımdan imtina edirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA