Prezident QHT Şurasına 5 milyon pul, jurnalistə isə fərdi təqaüd ayırdı

img

01-05-2013 [07:38]


Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mia.az president.az saytına istinadən sərəncamı olduğu kimi təqdim edir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Yerli və xarici qeyri-hökumət təşkilatları tərəfindən sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanıdılması, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, ksenofobiya və islamofobiya təzahürlərinə qarşı mübarizə, insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların ictimai fəallığının artırılması, seçki prosesinin şəffaflığının təmin olunması və digər istiqamətlərdə təqdim edilən layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində bu Sərəncamla ayrılmış vəsaitin 5,0 (beş) yüz min manatını Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, ştat vahidləri sayının və işçilərinin aylıq vəzifə maaşlarının artırılmasına yönəltsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. **** Bu gün Prezident İlham Əliyev Altay Qulam oğlu Zahidova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən A. Zahidov Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə prezidentin fərdi təqaüdünə layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA