Gecə klubunda qalmaqal; Deputat oğlu məhkəmə sədrini vurmaq istəyib;

img

17-04-2013 [02:02]


Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən məşhur "Mamounia Lounge" adlı gecə klubu aprelin 10-da gecə vaxtı Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi tərəfindən keçirilən əməliyyat nəticəsində bağlanıb və sonra ekskovatorlarla tamamilə dağıdılıb.

39-cu polis şöbəsindən verilən açıqlamaya görə, gecə klubunun sökülməsinə səbəb klubda qeyri-qanuni olaraq qumar oyunları və fahişəxana təşkil edilməsi olub. Lakin klubun xanım inzibatçısı bunu təkzib edərək bildirib ki, burada heç bir əxlaqsız hərəkətləri baş verməyib:

"Bura imkanlı adamlar gəlib. Deyilənlərin hamısı yalandır".

Redaksiyamıza daxil olan məlumata görə, klubun bağlanmasına səbəb heç də iddia olunduğu kimi klubun əxlaqsızlıq yuvası, qumarxana kimi fəaliyyət göstərməsi deyil.

Mənbə bildirir ki, paytaxtda çoxuna məlumdur ki, bu klubun nüfuzlu bir məmura  bağlılığı var. Bu səbəbdən, o kluba nəinki hüquq-mühafizə orqanları əməkdaşları, hətta müştəri qismində sıravi vətəndaşlar da yaxın dura bilmirdi. Çünki təsadüfi adamlar klubda dava sala bilərdilər ki, bu da ora gələn samballı müştərilərin narahatçılığına səbəb olardı.

"Mamounia" klubu Nəsimi rayonunda, bulvarın yaxınlığında və prezident kortejinin keçdiyi yolun üstündədir. Klubun yerləşdiyi binanın üstündə isə Ali Məhkəmənin sədri Ramiz Rzayev yaşayır.

Mənbənin bildirdiyinə görə, Ramiz müəllim adətən axşamlar idman paltarında klubun yanından keçib üzü bulvara tərəf gəzməyə gedir. Günlərin birində isə o, həmişəki marşrutla bulvardan evə qayıdanda "Mamounia" klubunun qarşısında içində üç nəfər olan "Mercedes Gelandewagen" CİP-in sürücüsü avtomobili düz Ramiz müəllimin üstünə sürür. Bundan təəccüblənən Ramiz Rzayev avtomobili saxlatdıraraq, onlardan niyə belə hərəkət etmələrini soruşur. Ancaq avtomobildə əyləşənlər özlərindən razı şəkildə ona "yaxşı etdirik" cavabını qaytarıblar. Bundan bərk əsəbləşən Ramiz Rzayev kluba yaxınlaşaraq oranın rəhbər şəxslərindən biri ilə görüşüb, oz iradlarını bildirir.

Ancaq "Mamounia"-nın inzibataçısı da onunla qaba rəftar edib, sözündən belə çıxıb ki, maşını Ramiz Razayevin üstünə sürənlər düz hərəkət edib. Ramiz Rzayev hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırmalardan sonra məlum olub ki, "Mercedes Gelandewagen"də olanlardan biri Milli Məclisin yüksək vəzifə tutan deputatının (həmin şəxsin adı bizə məlumdur, araşdırmalarımız davam edir), digəri isə Mərdəkanda yerləşən "Qoşa Qala" restoranın müdirinin oğlu olub.

Bu aydınlaşan kimi həmin deputat dərhal Prezident Administrasiyasına çağırılıb və buna görə ona irad tutulub. Səhər tezdən isə hamıya məlum olduğu kimi Hacıbala Abutalıbovun göstərişi ilə buldozerlərlə klubu yerlə yeksan ediblər. Klubun qabağının sökülməsini görən "Mamounia" klubunun mühafizəçiləri, ekskavatorların şüşələrini sındırmağa başlayıblar. Ancaq hadisə yerinə polis qüvvələri çağırılıb və ondan sonra Hacıbala Abutalıbovun əmri yerinə yetirilib.

Mənbə bildirir ki, söküntü zamanı mühafizəçilərin hərəkətinə görə klubun faktiki sahibi də danlanıb. Hazırda həmin klubun qabağında dəmir borular basdırılıb ki, ora heç bir avtomobil daxil ola bilməsin.

Qeyd edək ki, klubun qonşuluğunda fəaliyyət göstərən "NZA klub" da "Mamounia"nın badına gedib, onun da qabağını söküblər.

Mənbənin bildirdiyinə görə, ora gələn müştərilərdən heç vaxt şikayət olmayıb. Deyilənə görə, hazırda fəaliyyət göstərən klubun müştəriləri əsasən yaşlı nəsilin numayəndələridir.

Aldığımız məlumata görə, "NZA klub"un sahibi Moskvada çalışan iş adamı, əslən Masallı rayonundan olan Hacı Gülağa adlı biznesmendir.

Bakı Şəhər İcra Hakimiyyətinin buldozerləri "Mamounia" klubunu sökəndə "NZA klubu"nun inzibatçısına kluba ziyan dəyməsin deyə, imkan verilib ki, şüşə örtükləri fəhlələr özləri çıxartsınlar.

"Bizim yol" qəzeti


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA