Vakant dövlət qulluğu vəzifələrinə müsabiqə və müsahibə elan edilib

img

16-04-2013 [11:33]


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 82 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 575 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edib. Komissiyanın mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 380-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 162-si isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 28-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 5-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır. Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında və Azərbaycan dili üzrə bilikləri 15, qanunvericilik sahəsində bilikləri 40, informasiya texnologiyaları sahəsində bilikləri 15, məntiqi düşünmə qabiliyyəti sahəsində bilikləri isə 30 test tapşırığı ilə yoxlanacaq. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər. Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 20 gün müddətində Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər. Ən çox vakansiya mərkəzi icra hakimiyyəti orqanları üzrə Dövlət Statistika Komitəsinin (78 yer), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (73 yer), Sənaye və Energetika Nazirliyinin (60 yer), məhkəmə hakimiyyəti orqanları üzrə isə Bakı Apellyasiya Məhkəməsi (13 yer) və Şirvan Apellyasiya Məhkəməsinin (10 yer) payına düşür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA