"Taleh tutulandan sonra deyirdilər ki, bunu da sənin boynuna qoyacağıq..."

img

12-04-2013 [04:53]


Bir necə gün öncə həbs edilən ilahiyyatçı Taleh Bağırovun vəziyyəti hazırda normaldır. Mia.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda vəkil Anar Qasımlı danışıb. Vəkil deyib ki, tutulan zaman o, işgəncəyə məruz qalıb. Hətta o bunu "mən indi anladım ki, əsirlər nə hisslər yaşayırlar. Əsirlərlə necə davranırlarsa, mənimlə də Sabunçu polis idarəsində elə davranırdılar" şəklində ifadə etmişdi. İlk günlərdə sıxıldığı üçün barmaqları işləmirdi. Çünki tutulanda, möhkəm sıxılmışdı. İndi artıq hərəkət etdirə bilir. Vəziyyəti tədricən normallaşır. Bununla bağlı müvafiq şikayətlər hazırlanıb, məhkəməyə təqdim edilib". Vəkil polis idarəsindən fərqli olaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində T.Bağırovla normal davranıldığını bildirib. O qeyd edib ki, burada işgəncə ya döyülmə olmayıb. A.Qasımlı Bakı Şəhər İcra Hakimiyyəti və xalq artisti Zeynəb Xanlarovanın evinin yandırılmasına cəhdlərlə bağlı informasiyaya da münasibət bildirib. "Bu son hadisələr deyil. Onunla bağlı mən bir necə gün öncə açıqlama vermişdim. Taleh tutulandan sonra deyirdilər ki, bunu da sənin boynuna qoyacağıq. Hələlik bununla bağlı ittiham verilməyib". Vəkilin sözlərinə görə, müvəkkili 234.1 maddəsi ilə ittiham edilir. Narkotik ittihamı olan şəxslə bağlı ötən gün videoların yayılması isə absurdur. "Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin birgə bəyanatı da hüquqa ziddir. Bu şəxsə hələlik ittiham verilməyib. Amma deyirlər ki, bu şəxsin bu cinayəti törətməsi sübuta yetirilib. Öncə ittiham verilməlidir ki, sonra sübuta yetirilsin". Vəkil T.Bağırova qarşı yeni ittihamlar qaldırılacağını da gözlədiklərini vurğulayıb. İlahiyyatçının evində aparılan axtarış zamanı elə bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Vəkil onun evindən yalnız ərəb və fars dillərində olan 4 ədəd kitab götürüldüyünü deyib. "Sadəcə onların məzmunu aydın olmadığına görə, götürüblər. Çünki nə müstəntiq, nə mən ərəb dilində bilmirdik. Onları qadağan edilmiş ədəbiyyat olub-olmadığını yoxlamaq məqsədilə götürüblər". Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətlərinin yaydıqları birgə məlumatda qeyd edilir ki, şübhəli şəxs qismində saxlanılan Bəxtiyar Qurbanov və Röyal Əsgərov ilkin dindirmə zamanı Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər: "Təqsirləndirilən şəxslərin etirafedici ifadələri, müvafiq ekspertiza rəyləri və digər mötəbər sübutlarla Bəxtiyar Qurbanov və Röyal Əsgərovun törətdikləri cinayət əməlləri, onların bu işi məhz Taleh Bağırovun tapşırığı əsasında etdikləri tam təsdiqini tapıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA