Gəncənin polis rəisinin qardaşı işdən uzaqlaşdırıldı; Olayda Abbas Abbasovun adı hallanır

img

10-04-2013 [10:55]


Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov adıçəkilən idarənin Baş Cinayət Axtarış Şöbəsi rəisinin müavini işləyən qardaşı İlqar Şabanovu vəzifəsindən azad edib.

Mia.az Moderator.az-a istinadən xəbər verir ki, Faiq Şabanovun öz qardaşını işdən azad etməsi "Korrupsiyaya Qarşı Mübarizə haqqında" Qanunun tələblərindən irəli gəlib.

Ancaq mia.az-a daxil olan məlumata görə, İlqar Şabanovun Gəncədəki vəzifəsindən azad olunması baş nazirin sabiq müavini Abbas Abbasovun qohumu Qoca Quliyevlə bağlı olub. Belə ki, Qoca Quliyevin həyat yoldaşı ona işgəncə verildiyini deyərək, həbsdən əvvəl İlqar Şabanovun telefon zəngi haqqında şok faktı açıb.

Qoca Quliyevin xanımı Ilahə Quliyeva DIN-in açıqlamasına münasibət bildirərkən deyib ki, İlqar Şabanovun Qoca Quliyevlə telefon danışığı olub. O, Qoca Quliyevə bildirib ki, əgər üstündə silah varsa təhvil versin:

"Yoldaşım isə bildirib ki, məndə silah yoxdur. Bu danışıq martın 27-də olub. Ilqar Şabanovun telefon nömrəsini də saxlamışıq. Lazımdırsa, Daxili İşlər Nazirliyinə təqdim edə bilərik. İlqar Şabanovla danışığın səhəri, yəni martın 28-də yoldaşımı tutublar. Onun qabağına qumbara, narkotika, tapança qoyublar. Işgəncə veriblər ki, bunların onun üzərindən çıxdığını boynuna almalıdır. Bütün bunlar faktdır. Mən xahiş edirəm ki, bu məsələni ciddi araşdırsınlar. Mənim yoldaşım günahsız tutulub. Biz Abbas Abbasovla qohum olduğumuza görə təzyiqlərə məruz qalmışıq".

Bizə verilən məlumata görə, uzun illərdir Gəncə Baş Polis İdarəsində xidmət edən İlqar Şabanov məhz bu səbəbə işini itirib.

Xatırladaq ki, məlumatda İlqar Şabanovun Şəmkir Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat aldığı da bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA