Ehtiyatda olan polkovnik baz prokurora müraciət etdi

img

08-04-2013 [10:34]


?Ehtiyatda və istefada olan zabitlər? Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərlinin ötən həftə fiziki hücuma məruz qaldığı barədə mətbuatda məlumat verilib. Dünən zərərçəkən məsələ ilə bağlı baş prokuror Zakir Qaralova ərizə ilə müraciət edib. Surəti daxili işlər naziri Ramil Usubova, Bakı şəhər və Yasamal rayon prokurorlarına ünvanlanan müraciətdə deyilir: ?Bildirirəm ki, 2 aprel 2013-cü il tarixində saat 21.30 radələrində Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yaşadığım binanın girəcəyində 2 nəfər tanımadığım şəxsin hücumuna məruz qaldım. Hücum edənlər başıma, sifətimə və bədənimin digər nahiyyələrinə güclü zərbələr endirdilər. Nəticədə bədən xəsarəti aldım. Ətrafda olan qonşuların köməyi ilə mənə qarşı xuliqanlıq edən şəxsləri saxlamaq istədik. Onlar həmin şəxslərə də müqavimət göstərərək fiziki zərbələr endirməyə başladılar. Nəticədə onlardan biri qaçıb getdi. Digər xuliqanı isə saxlaya bildik. İkinci xuliqanı saxladıqdan sonra dərhal hadisə yerinə polis çağırdıq. Yasamal rayonu 29-cu polis bölməsinin bir neçə əməkdaşı hadisə yerinə gəldilər. Xuliqanlıq etmiş həmin şəxs və mən polis bölməsinin əməkdaşlarının müşayiəti ilə Yasamal rayon 29-cu polis bölməsinə gəldik. Bölmənin qabağına həmçinin mənim qonşularım da gəldilər. Polis bölməsində saxlanılan şəxs yoxlanılarkən üstündə soyuq silah olan bıçaq da tapıldı. Sonra mən polisə şikayət ərizəsi təqdim etdim. Ərizədən sonra hadisəyə dair məndən ətraflı izahat aldılar". Yaşar Cəfərli sonra yazır ki, ona polisdə ərizəsinin qəbul edilməsi barəsində 2 aprel 2013-cü il tarixdə, saat 23.33-də 56 saylı qəbz verilib: ?Hadisə isə hadisələr kitabında 375-ci sayla qeydə alındı. Bundan sonra mən polis bölməsindən çıxdım və polis bölməsinin qarşısında məni gözləyən qonşularla birlikdə evə qayıtdım. 3 aprel 2013-cü il tarixində səhər saat 10.00 radələrində məhkəmə-tibbi ekspertizasından keçdim. Daha sonra gün saat 13.00 radələrində polis təhqiqatçısı tərəfindən hadisə yerində mənim iştirakımla baxış keçirildi. Sonra isə səhhətim pisləşdiyi üçün Bakı şəhəri 1 saylı xəstəxanaya müraciət etdim. Müayinədən sonra mənə tibbi yardım göstərildi və ambulator müalicə olunmağım tövsiyə olundu. Elə həmin gün saat 16.00 radələrində 29-cu polis bölməsi ilə əlaqə saxladım. Mənə bildirildi ki, iş materialları və saxlanılan şəxs Yasamal rayon prokurorluğuna təhvil verilib. 4 aprel 2013-cü il tarixində Yasamal rayon prokuroru Həsrət Pirməmmədov məni şəxsən qəbul etdi. Rayon prokuroru mənə bildirdi ki, hadisə ilə əlaqədar saxlanılan şəxs hərbi qulluqçu olduğu üçün 3 aprel 2013-cü il tarixində (yəni hadisədən cəmi 19-20 saat sonra) iş materialları qanuna müvafiq surətdə Baş Prokurorluğa göndərilib və bu işə qanunla hərbi prokurorluq baxmalıdır". Zabit ərizəsində ardınca qeyd edir: ?Sifariş əsasında qatı xuliqanlıqla törədilən cinayət hadisəsindən 5 gün ötməsinə baxmayaraq indiyədək heç bir istintaq hərəkətləri aparılmaması, cinayət işi başlanmaması, mənim zərərçəkmiş kimi tanınmamam və ən əsası cinayət yerində tutulan şəxsin belə tezliklə buraxılması məndə hadisə ilə əlaqədar obyektiv araşdırma aparılması ilə əlaqədar ciddi şübhələr yaradır. Digər tərəfdən, rəsmi şəxslərə istinadən mətbuatda verilən məlumatlara görə, bu iş materialları bu günə qədər Respublika Baş Prokurorluğuna daxil olmayıb?. Sonda Yaşar Cəfərli hadisədə zərərçəkmiş olduğu üçün ona cinayət işinin gedişi barəsində məlumat verilməsini təmin eləməyi xahiş edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA