Sabiq səfirlə keçmiz həyat yoldazı arasında 741 minlik dava

img

29-03-2013 [09:35]


Martın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə Şəmsiyyə Bəylərqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirildi. Dələduzluqda təqsirli bilinən Şəmsiyyə Bəylərqızı jurnalistlərin məhkəmə zalında iştirak etməsinə etiraz etdi. O, bildirdi ki, cinayət işində ailə ilə bağlı məsələlər var və prosesin qapalı keçirilməsini hakimdən xahiş etdi. Hakim bildirdi ki, hazırda cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir və cinayət işinin detalları araşdırılmır. Onu da əlavə etdi ki, məhkəmə istintaqı zamanı prosesin qapalı keçirilməsi məsələsinə baxılacaq. Bundan sonra Ş. Bəylərqızının vəkili vəsatətlə çıxış etdi. Vəkil bildirdi ki, müvəkkilinin barəsində olan həbs qəti-imkan tədbirinin dəyişdirilməsi vacibdir. Müvəkkilinin azyaşlı uşağının olduğunu deyən vəkil bildirdi ki, həmin uşaq baxımsız qalıb. Vəkil Ş. Bəylərqızının barəsində seçilmiş həbs-qətimkan tədbirinin başqa yerə getməmək barədə qəti imkan tədbiri ilə əvəz edilməsini xahiş etdi. Vəkil həmçinin cinayət işində bəzi sübutlara xitam verilməsi barədə də vəsatət qaldırdı. Bildirdi ki, Ş.Bəylərqızı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ilə 2006-cı ildə rəsmi nigaha daxil olub. Onun sözlərinə görə, həmin nigahdan sonra Ş.Bəylərqızının 2008-ci ilin iyulun 22-də uşağı olub: ?Uşaq olandan bir neçə ay sonra Əfşar Süleymani ilə Şəmsiyyənin münasibətləri pozulub. Bundan sonra Əfşar Süleymani Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. O, şikayətində qeyd edib ki, guya Şəmsiyyə onun aldatma yolu ilə pulunu mənimsəyib. Həmin şikayət əsasında Şəmsiyyə Bəylərqızı həbs edilib. Həmin vaxt Şəmsiyyə 5 gün həbsdə saxlanılıb. Lakin araşdırmalar zamanı Əfşar Süleymaninin şikayəti sübuta yetirilməyib və işə xitam verilib?. Vəkil əlavə etdi ki, Əfşar Süleymani pulunu mənimsənilməsi ilə bağlı 2010-ci ildə təkrar olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Vəkilin sözlərinə görə, həmin şikayət araşdırılıb və cinayət tərkibinin olmadığından şikayətə xitam verilib: ?Əfşar Süleymaniyə tövsiyə edilib ki, bu mülkü məsələdir və mülki qaydada məhkəməyə müraciət edə bilər. Bundan sonra Əfşar Süleymani Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini rədd edib ?. Təqsirləndirilən şəxsin vəkili onu da əlavə etdi ki, Əfşar Süleymani üçüncü dəfə, 2012-ci ildə Şəmsiyyə Bəylərqızından Baş Prokurorluğa şikayət edib. Onun sözlərinə görə, Baş Prokurorluq şikayət üzrə əvvəlki qərarları ləğv edib və cinayət işinin başlanması barədə qərar qəbul edib: ?İstintaq orqanı məhkəmənin mülki qaydada olan rədd qərarını da cinayət işinə əlavə edib ?. Vəkil dedi ki, Ş.Bəylərqızı Ə.Süleymaniyə qarşı dələduzluq əməli etməyib və həmin hissədə cinayət işinə xitam verilməlidir. Ə. Süleymaninin vəkili Rəna Hüseynova da vəsatətlə çıxış etdi. R. Hüseynova bildirdi ki, təqsirləndirilən şəxs Ə. Süleymaniyə qarşı dələduzluq edib. Vəkil bildirdi ki, Ə. Süleymani pullarının Ş. Bəylərqızı tərəfindən mənimsənilməsi ilə bağlı iddia qaldırır. Vəkil Əfşar Süleymanin keçmiş həyat yoldaşına qarşı qaldırdığı mülki iddianı məhkəməyə təqdim etdi. Dövlət ittihamçısı Anar Tarverdiyev bildirdi ki, Şəmsiyyə Bəylərqızının barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı əsas yoxdur. O, seçilmiş həbs qəti imkan tədbirinin qüvvədə saxlanılmasını məhkəməyə təklif etdi. Vəkilin cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətin təmin edilməməsini istəyən dövlət ittihamçısı bildirdi ki, cinayət işi məhkəmə baxışına verilməlidir. Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərar qəbul etmək üçün müşavirə otağına yollandı. Müşavirədən qayıdan hakimlər təqsirləndirilən şəxsin vəkilinin vəsatətini təmin edilməməsi və zərərçəkmiş şəxsin mülki iddiasının icraata qəbul edilməsi barədə qərar açıqladılar. Məhkəmə baxışı aprelin 3-nə təyin edildi. Qeyd edək ki, Şəmsiyyə Bəylərqızı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Əfşar Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib. Həmin şikayət əsasında Şəmsiyyə Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA