Eldar Mahmudov ?Molotov kokteyli?ndən danızdı

img

28-03-2013 [04:20]


Azərbaycan Təhlükəsizlik Orqanlarının yaranmasının 94-cü ildönümü qeyd edilib. Peşə bayramı münasibətlə general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri Xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əzəli və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin əsaslarını qoymuş, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin milli maraqların və təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan Heydər Əliyevin əziz xatirəsini yad etmiş, məzarı önünə əklil qoyublar. Bayram mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilmişdir. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Nazir Eldar Mahmudov çıxış edərək bildirib ki, Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, düşmənə qarşı informasiya mübarizəsi işi daha məqsədyönlü və müvafiq dövlət orqanları ilə əlaqəli şəkildə aparılır. Ermənistanı təcavüzkar və terrorçu dövlət kimi tanıtmaq, xüsusilə Xocalı soyqırımının dünyada tanınması üzrə digər dövlət orqanları və ictimai təşkilatlarla əlaqəli fəaliyyət ötən ildə uğurlu olub. Azərbaycanın sürətlə inkişaf etdiyini, nüfuzunun artdığını, respublikanın bir çox mötəbər tədbirlərin, eləcə də mədəniyyətlərarası dialoqların keçirildiyi mərkəzə çevrildiyini bildirən nazir Eldar Mahmudov, bütün bu nailiyyətlərin müəyyən pozucu qüvvələr və düşmən dairələr tərəfindən qısqanclıqla qarşılandığını vurğulayıb. Son dövrlər bəzi xarici dairələr tərəfindən təhdidlərin artması, anti-Azərbaycan fəaliyyətə müxtəlif pozucu elementlərin cəlb edilməsi müşahidə olunur. Son hadisələr də bu məqamı təsdiqləyir. Bəzi dövlətlərin xüsusi xidmət orqanları və dini ekstremist dairələr ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar. Destruktiv qüvvələr tərəfindən sabitliyin pozulması, ölkənin imicinə xələl gətirilməsi üçün səylər göstərilir. İctimaiyyətə məlumat verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun birgə tədbirləri nəticəsində bir qrup şəxs saxlanılıb, onların yaşadıqları ünvanlardan icazəsiz mitinqlərdə istifadə üçün butulkalarda ?Molotov kokteyli? adlanan maye aşkar edilib. Qeyd olunmalıdır ki, anti-Azərbaycan dairələr öz fəaliyyətlərini ölkəmiz üçün həssas sayılan dövrlərdə xüsusilə genişləndirməyə çalışırlar. Təhlükəsizlik və sabitlik həm normal yaşayış və fəaliyyət, həm də dövlətin inkişafı və nüfuzu üçün mühüm şərtlərdir. Ona görə də adiyyati hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təmin olunması ümdə məsələlərdəndir. Sonra təbrik sözü ilə çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının şəxsi heyətə təbriklərini çatdırıb, dövlətçiliyin, milli maraqların qorunmasında və təhlükəsizliyin təmin olunmasında Milli Təhlükəsizlik Nazirliyinin rolunun yüksək qiymətləndirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA