Müsavatın Naxçıvan sədrini ölümcül döydülər; Partiya bəyanat yaydı

img

14-03-2013 [09:04]


Müsavat Partiyası Naxçıvan MR Təşkilatının sədri Sabir Vəliyevi naməlum şəxslər vurub. Bu barədə ?Azadlıq? radiosuna onun qardaşı Hidayət Vəliyev məlumat verib. Hidayət Vəliyevin dediyinə görə, qardaşını Babək qəsəbəsində, icra hakimiyyəti binasının yaxınlığında huşsuz vəziyyətdə tapıblar: ?Onu tanıyanlar evə gətirib. Dərhal həkim çağırdıq, DİN-in 102 xidmətinə məlumat verdik. Hazırda huşsuz vəziyyətdədir. Dişləri qırılıb, başı yarılıb, çənəsində və boynunda əl izləri var. Güman edirik ki, qəsdlə vurublar. Ona dəfələrlə siyasi fəaliyyətdən əl çəkməsi ilə bağlı xəbərdarlıq olunmuşdu. Özü danışa bilmədiyinə görə, ətraflı məlumatımız yoxdur. Polisdən gəldilər, adını, soyadını götürüb getdilər. Başqa heç nə demədilər?. Hidayət Vəliyev fikirləşir ki, qardaşı siyasi sifarişin qurbanı olub. Babək rayon Xəstəxanasının həkimi Elman Əliyev də Sabir Vəliyevin ikinci dərəcəli beyin silkələnməsi aldığını bildirib: ?Xəsarət yerlərindən bəlli olur ki, əllə, yumruqla vurulub. Sol çənəsindən vurulub. Başında da ağır zədə var. İkinci dərəcəli beyin silkələnməsidir. Təcili xəstəxanaya köçürülməlidir?. Babək RPİ-ni rəis müavini Novruz Rüstəmov isə bu haqda məlumatsız olduqlarını bildirib. Sabir Vəliyevi cəmi 20 gün idi ki, Müsavat Partiyası Naxçıvan təşkilatına sədr seçilmişdi. *** Müsavat Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Sabir Vəliyevin döyülməsi ilə bağlı etiraz bəyanatı yayıb. Bəyanatda deyilir: ?Martın 14-də Müsavat Partiyasının Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Sabir Vəliyev vəhşicəsinə döyülüb. Yaxınları S.Vəliyevi Babək qəsəbəsində icra hakimiyyətinin binası qarşısında huşsuz vəziyyətdə tapıblar. S.Vəliyevin dişləri qırılıb, başı yarılıb, çənəsində və boynunda əl izləri var. Babək rayon xəstəxanasından S.Vəliyevə ikinci dərəcəli beyin travması diaqnozu qoyulub. Müsavat Partiyası bildirir ki, S.Vəliyev 20 gündür partiyanın Naxçıvan Muxtar Respublikası təşkilatının sədri seçilib. Son dövrlərdə partiyanın Naxçıvan təşkilatı aktivliyi ilə seçilir. Bu səbəbdən də S.Vəliyevə siyasi fəaliyyətdən əl çəkməsinə dair xəbərdarlıq olunub. Müsavat Partiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, S. Vəliyevə qarşı təzyiqlər siyasi xarakter daşıyır. Naxçıvan kimi insanların təhdid və qorxu altında saxlandığı bir bölgədə siyasi aktivliyin artması yerli hakimiyyətin totalitar xəttinə uyğun gəlmir. Yerli hakimiyyətin yazılmamış qanunlarına tabe olmayan Naxçıvan sakinləri müxtəlif repressiyalara məruz qalır. Ötən il Naxçıvan MTN-də Turac Zeynalov işgəncə verilərək öldürülüb, onun ailə üzvlərinə təzyiqlər olunub. Jurnalistlər, daha öncəki illərdə hüquq müdafiəçilərinin döyülməsi faktlarının qeydə alındığı bu bölgənin sakinləri faktiki olaraq fövqəladə rejimdə yaşayırlar. Müsavat Partiyası S.Vəliyevə ölümcül xəsarətlərin yetirilməsini yuxarıda sadalanan repressiya faktlarının davamı kimi qiymətləndirir. Müsavat Partiyası bəyan edir ki, S.Vəliyevin döyülməsi prezident seçkiləri ilində vətəndaş aktivliyinin qarşısının alınması, insanların qorxu altında saxlanmasına xidmət edir. Müsavat Partiyası baş verən olayın diqqətlə araşdırılmasını, S.Vəliyevə xəsarət yetirən şəxslərin cəzalandırılmasını, müxalif partiya fəallarına təzyiqlərə son qoyulmasını tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA