Ramil Usubovla Kəmaləddin Heydərovun vəkili danızdı: "Leyla Yunusla bağlı belə bir təcrübə var"

img

07-03-2013 [10:03]


Daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında qaldırdıqları iddia üzrə məhkəmə iclasının vaxtı bəlli oldu. Hazırlıq iclası martın 12-də saat 11.40-da Yasamal Rayon Məhkəməsində keçiriləcək. Hakim Zəfər Quliyevin sədrliyi ilə keçiriləcək iclasda hər iki iddiaçının hüquqlarını vəkil Əlirza Həbilov müdafiə edəcək. "Azadlıq"a açıqlamasında vəkil Əlirza Həbilov bildirib ki, xüsusi ittiham qaydasında şikayət vermək nazirlərin bir vətəndaş olaraq konstitusion hüququdur: "Tutduğu vəzifədən və mövqeyindən asılı olmayaraq hər hansı şəxs KİV-də onun barəsində böhtan xarakterli materialın yayıldığını hesab edirsə, məhkəməyə müraciət edə bilər. Mübahisələrin həllinin məhkəmə yolu ilə istənilməsi bütün ölkələrdə normal haldır. Yəni tutduqları mövqedən asılı olmayaraq mübahisəni məhkəmənin ixtiyarına buraxırlar. Burada yekun sözü tərəflər yox, məhkəmə deyir". Prosesin gedişində tərəflər arasında barışığın olacağını istisna etməyən vəkil artıq hüquq müdafiəçisi Leyla Yunusla bağlı belə bir təcrübənin olduğunu deyir: "Bu barədə əvvəlcədən birmənalı nəsə demək olmaz. Amma barışığın olacağı və tərəflərin anlaşacağı da istisna edilə bilməz. Barışıq ola da bilər, olmaya da. Dəfələrlə elə hallar olub ki, məhkəmə prosesi başlayan ərəfədə tərəflər arasında anlaşma yaranıb. Məhkəmənin də birinci dərəcəli vəzifəsi tərəflər arasında barışığı təmin etməkdir. Qanunvericilik də buna üstünlük verir. Mən də arzulayardım ki, mübahisə barışıq, anlaşma yolu ilə həll olunsun. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid bildirib ki, o çalışıb məhkəmə proseslərinə gələcək. Bunun özü də çox müsbət haldır". Qeyd edək ki, iddiaya bu il martın 1-də "Azadlıq" qəzetində dərc olunmuş "Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib" başlıqlı məqalə səbəb olub. Fövqəladə hallar naziri K.Heydərov baş redaktorun Cinayət Məcəlləsinin 147.2 maddəsilə, daxili işlər naziri Ramil Usubov isə həm Q.Zahidin, həm məqalə müəllifinin CM-nin 147.1 maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edir. "Cinayət Məcəlləsində diffamasiyaya görə cəza nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) madələrin Azərbaycanda artıq tətbiq olunmadığını dönə-dönə deyən, bu maddələrin, eləcə də defamasiyaya görə ağır cəzalar müəyyən edən başqa maddələrin Cinayət Məcələsindən çıxarılaçağıyla bağlı bəyanatlar verən hökumətin iki mühüm üzvünün eyni zamanda jurnalisti bu maddələrlə cəzalandırmağa qalxmaları çox təhlükəli dönüşdən xəbər verir". Bu, Media Hüququ İnstitutunun dünən yaydığı bəyanatdandır. Qurum hökumətin iki mühüm üzvünün ictimai məzmunlu yazıya görə jurnalistə cinayət cəzası istəməsini kəskin qınayır və vurğulayır ki, dövlət qurumları, onların vəzifəli şəxsləri, fəaliyyətləri daim ictimai nəzarətdə olmalıdır: "Demokratik sistemlərdə hökumətin fəaliyyəti yalnız qanunvericilik və məhkəmə hakimiyyətinin deyil, həm də mətbuat və ictimaiyyətin diqqət mərkəzində dayanmalıdır. Dövlət qurumları, onların vəzifəli şəxsləri hətta media tərəfindən əsassız iddialara məruz qaldıqları zaman dözüm göstərməlidirlər. İfadələrinə görə şəxslərə ağır cinayət cəzaları qorxusu ictimai önəmli məsələlərlə bağlı açıq, kəskin və hərtərəfli debatları əngəlləyir, ölkəni korrupsiya, qanunsuzluq, məmur özbaşınalıqları kimi təhlükəli xəstəliklərə qarşı zəruri əlaclardan məhrum edir". MHİ qeyd edir ki, nazirlərin şikayəti diffamasiyaya görə cinayət məsuliyyətinin tətbiqinin dayandırılması ilə bağlı Azərbaycan hökumətinin 2 ilə yaxındır davam edən qeyri-rəsmi moratoriumun pozulması deməkdir: "Diffamasiyaya görə cinayət cəzası tələb edənlərin nazirlər olması isə xüsusilə qorxuludur. Hökumətdə yüksək pillə tutan şəxslərin jurnalisti yazısına görə həbs etdirmək niyyəti digər məmurları tənqid edənləri bu üsulla susdurmağa həvəsləndirə bilər". MHİ nazirləri ifadə azadlığı sahəsində çox ciddi problemlərin olduğu vaxtda tanınmış tənqidçi jurnalisti həbs etdirmək niyyətindən geri çəkilməyə çağırır. Həmçinin, böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv olunması ilə bağlı götürdüyü öhdəlikləri hökumətə xatırladır, ən qısa zamanda "Diffamasiya qanunu"nu hazırlayıb qəbul etməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA