03-03-2013 [05:52]
Ötən həftənin ən maraqlı hadisələrindən biri də ABU-nun sabiq rektoru Elşad Abdulayevin yoxa çıxmış qardaşı Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin yaradılması oldu. Bu, artıq Elşad Abdullayev cəbhəsinin öz fəaliyyətini daha da sürətləndirməsi, habelə yeni hücum taktikası kimi xarakterizə olundu. Biz də komitənin sədri, habelə E.Abdullayevin bacısı oğlu Azad Mürsəliyevlə qurumun gələcək planları, E.Abdullayev mövzusunda xeyli söhbətləşdik. Müsahibənin birinci hissəsini təqdim edirik:
[b]- Müdafiə Komitəsi yaranandan sonra Elşad Abdullayevlə kontaktınız oldumu? Nə dedi ilkin nəticə, mətbuat konfransı barədə?[/b]
- Bizim komitə yaranmazdan əvvəl də danışıqlarımız olmuşdu. Komitə yaranandan sonra ciddi danışığımız olmayıb. Xüsusi bir müzakirəyə də ehtiyac yoxdur, hər şey göz qabağındadır.
[b]- Razıdırmı komitənin tərkibindən, görülən ilkin işlərdən?[/b]
- Sözsüz ki. Bəzi insanlar bu məsələni bizim istədiyimiz kimi işıqlandırmırlar. Mətbuat konfransında deyilən sözləri, yayılan videoları Elşad Abdullayevin adına çıxırlar. Əslində bu, belə deyil. Bunların hamısını komitə həyata keçirib. Məsuliyyət komitənin boynundadır. Elşad Abdullayev sadəcə əməkdaşlıq etməyə razılıq verib. Yaxın günlərdə də bu barədə açıqlama verib. Sözsüz ki, komitənin fəaliyyəti onun da maraqlarına uyğundur. Onun da bu məsələ ilə bağlı siyasi ambisiyası yoxdur. Məqsəd birdir - Mahir Abdullayevin tapılması.
[b]- Hər halda Elşad Abdullayevin razılığı ilə yaranmış bir komitədir bu?[/b]
- Bəli, yarandığına sevinib. Hər an bizə dəstək verəcəyini də söyləyib.
[b]- Müdafiə Komitəsinin tərkibi barədə nə düşünür? Məsələn, komitənin masştabı barədə bizim daha böyük gözləntilərimiz vardı, amma mənzərə bunun əksini göstərdi. Əslində durum necə idi - sizin müraciət etdiyiniz şəxslər rədd cavabı verdilər, yoxsa özünüz çox adama müraciət etməmişdiz?[/b]
- Əvvəla, bu günə qədər mövzunu obyektiv, qeyri-obyektiv işıqlandıran bütün media mənsublarına minnətdaram. Çox sağ olsunlar ki, mövzunu gündəmdə saxlayıblar. Masştaba gəlincə, komitədə özünü təsdiq etmiş insanlar var. Mahir Abdullayevin ailəsində, qohum-əqrəbasında akademiklər, kifayət qədər tanınmış insanlar var. Amma komitə yaranan vaxt buna o qədər ciddi fikir vermədik ki, onların hamısı iştirak etsin. Amma komitənin yaranmasında təşəbbüskar Mahirin qardaşı, bacıları, yaxın qohumlarıdır. Heyətdə olan şəxslər Elşad Abdullayevlə hansısa formada kontaktı olmayan insanlardır. Bu komitənin yaranması daha öncə Mahir Abdullayevin qohum-əqrəbasının hansısa formada söhbəti zamanı üzə çıxan məsələdir. Komitəyə qoşulan insanlar da bunu könüllülük prinsipi ilə edirlər, məsləhət verirlər. Qurumun nə qədər haqq yolunda olmasını gələcək göstərəcək. Digər şəxslərin bura qatılması komitənin düzgün istiqamətdə olduğunu göstərəcək. Çox bir az vaxtda bu insanları komitədə görəcəyik.
[b]- Komitənin ilk addımlardan biri paylaşdığı video da müzakirələrə səbəb oldu. İstər burda senzuradan kənar ifadələrin səslənməsi, istərsə daha öncə aparılan xətlə müqayisədə masştabın kiçilməsi. Yəni daha öncəki videolarda nisbətən böyük fiqurların ifşası məqsədi vardı, indi planka bir az aşağı salınıb. Öncə bir şeyi dəqiqləşdirim: Elşad Abdullayevin bu videonun paylaşacağından xəbəri var idimi?[/b]
- Sözsüz...
[b]- Bəs video ilə bağlı səslənən fikirlərə nə deyirsiz? Bu video məqsədli şəkildə seçilmişdi? Üzərində niyə həssaslıqla işlənməmişdi?[/b]
- Video seçilən zaman nəyə diqqət yetirildi? Komitə üçün vacib deyildi ki, respublikada tanınan, nüfuz sahibi olan şəxslərin adı səslənsin burda. Daha öncəki videolarda bir çox adamların adı səslənib ki, onların heç Mahirin işinə aidiyyəti yoxdur. Məsələn, Təhsil Nazirliyindəki İlham Pirməmmədovun adı çəkildi. Amma bunun dayım Mahir Abdullayevin işinə nə aidiyyəti var?
[b]- Axı bu adı media çəkməyib, Elşad Abdullayev çəkib...[/b]
- Bəli. Amma bu adamın dayımın oğurlanmasında, bu hadisədə heç bir aidiyyəti yoxdur. Bu cür işlə əlaqəsi olmayan adamların adının çəkilməsi, müzakirə olunması aparılan istintaq işinə sadəcə maneçilik törədir. İctimaiyyətin diqqəti başqa hadisəyə çəkilir bu halda.
[b]- Belə başa düşdüm, sizin Elşad Abdullayevin yaydığı videolar, verdiyi bəyanatlarla bağlı mövqeyiniz fərqlidir.[/b]
- Əlbəttə, biz fərqli insanlarıq. Ayrı düşüncəmiz var. Ümumi gedişatı, Elşad Abdullayevin apardığı işləri dəstəkləyirik. Bayaq videodan danışdız. Sonuncu videonun 56 dəqiqə getməsi bəlkə də gərək deyildi. Amma daha öncəki videolar barədə ictimaiyyətdə belə fikir səslənirdi ki, videolar doğranıb, özlərinə sərf edən hissəni verirlər. Məcburən bu dəfə videonu tam, heç bir kəsinti olmadan verdik. Baxmayaraq ki, bu da bizə müəyyən qədər ziyan edən şərhlərin yaranmasına səbəb oldu. Qoy olsun - amma reallıq budur. Həmin zaman bir insanın saman çöpündən necə yapışması, ona deyilən hər bir sözə necə inamla baxması, buna görə nələr etməsi... biz bunu olduğu kimi çatdırmaq istədik. Yenə də baxırıq ki, bu hardasa effekt vermir. Gələcəkdə belə videolar olacaqsa, tam olmayacaq. Gələn dəfə daha fərqli formada təqdim edəcəyik.
[b]- Bundan sonra videoların paylaşımı necə olacaq? Elşad Abdullayev Fransadan, siz Bakıdanmı paylaşacaqsız videoları?[/b]
- Xeyr. Belə bir fikir oxudum ki, guya komitə də bundan sonra video yayacaq. Bu, doğru fikir deyil. Bəlkə heç video olmayacaq?
[b]- Hazırda konkret sizin əlinizdə video var?[/b]
- Bəli, bir-iki video var.
[b]- Bu videolar nəylə bağlıdır?[/b]
- O videolar komitə yaranmazdan əvvəl Elşad Abdullayev tərəfindən göndərilib. Mahir Abdullayevlə bağlıdır. Bəzi insanlar sonuncu videoya bir qədər qeyri-ciddi yanaşırlar. Deyirlər, burda nə var ki? Hələ əks tərəfdən münasibət də bildirilməyib. O videodakı insanlar filan təşkilatın nümayəndəsi kimi təqdim edilib. Orda adı çəkilən Yasin polis orqanlarında çalışıb. Digərləri - Səfər, Natiq, Sahib də özlərini prezidentin mühafizə xidmətinin işçiləri kimi təqdim edib. Hazırda onlar nə işlə məşğuldur, bilmirik. Əgər ictimaiyyət bunu qeyri-ciddi sayırsa, müvafiq orqanlar tərəfindən reaksiya veriləcək. Bu insanlar ictimaiyyətə məlum olandan sonra ehtiyac duyulsa, həmin epizodda digər adları çəkilən insanların videosu da yayılacaq. Son videoda Səfər Mahiri müzakirə edir, deyir, respublikadan 52 adam aparılıb. Bu sözü demək üçün gərək bazan olsun. Ona görə deyirəm ki, bu yayımlanan videolara reaksiya veriləndən sonra digər iki video da üzə çıxacaq.
[b]- Hansı intervallarla, ardıcıllıqla yayımlayacaqsız bunu?[/b]
- O videoda görünən Sahibin adını çəkdiyi şəxslərlə birgə Elşad Abdullayevlə söhbətini əks etdirən videolar olacaq. Bizim elə məqsədimiz yoxdur ki, hər həftə bir video yayımlansın. Biz istəyirik ki, yayımlanan videolarla bağlı araşdırmalar aparılsın, istintaq müvafiq addımlar atsın.
[b]- Yəni siz istintaqın addımlarına müvafiq olaraq yeni videolar yayımlayacaqsız Videoların yayımı ilə bağlı xüsusi qrafikiniz yoxdur?[/b]
- Yox. Bəlkə də heç bundan sonra video olmayacaq? Video o zaman olacaq ki, o videolara ehtiyac duyulacaq. Bəlkə insan deyəcək ki, bu video montajdır, mən heç Elşad Abdullayevin yanında olmamışam. O zaman biz ortaya digər faktları, videoları qoyacağıq. İndi isə hesab edirəm ki, ortada istintaq tərəfindən araşdırılmamış işlər var.
[b]- Yaxşı, bəs videolara hansı mərhələdə son qoyulacaq? Mahir Abdullayev tapılana qədər davam edəcək?[/b]
- Mahir Abdullayevlə bağlı bir aydınlatma olsa, evinə-eşiyinə qayıtsa, mənim ailəm videonu neynir? Bizim əziz adamımız tapılsa, o videolardakı insanlar bizim nəyimizə lazımdır? Şəxsən mən Azad olaraq deyirəm ki, Mahir Abdullayevin qayıdacağı ehtimalında bu videoların da yayımı dayandırılması üçün özüm müraciət edəcəm.
[b]- Səhv etmirəmsə, bu videolar təkcə sizin əlinizdə deyil. Bir neçə instansiyaya paylanıb. Düzdü?[/b]
- Məndə ümumiyyətlə video yoxdur. Respublikada bəzi insanlar var ki, Elşad Abdullayev vaxtilə onlara etibar edib və videoları verib.
[b]- Onlar sizin iradənizdən kənar həmin videoları yayımlaya bilərmi?[/b]
- İnanmıram. Elşad Abdullayev bu insanlara etibar edibsə, bu insanlar buna getməz. Özü də bu videoları nümayiş etdirmək məsuliyyət tələb edir. İnsanlar onsuz da qorxurlar. Hətta vaxtilə Abdullayev qardaşları ilə çörək kəsən insanların bəziləri bu ailəyə salam verməkdən də qorxurlar.
[b]- Qorxmaq demiş, heç sizdən Elşad Abdullayevlə hökumət arasında, ya da bu videoların qəhrəmanları ilə sabiq rektor arasında vasitəçilik etmənizi xahiş ediblər? Hansısa anlaşma, mesajın çatdırılması üçün? Belə bir cəhdlər olubmu?[/b]
- Nə qədər təəccüblü olsa da, yox. Bu real da olmazdı. Çünki Elşad Abdullayevin yerini hər kəs bilir. Ona söz çatdırmaq da elə çətin deyil. Şəxsən mənə çıxanlar olub. Olaylarla bağlı müzakirə aparmaq istəyən narahat insanlar olub. Amma mən görüşməmişəm. Çünki bu işin məsuliyyətini üzərimə götürüb, Elşad Abdullayevə söz deyə bilmərəm. İnsanlara heç nə söz verə bilmərəm. O, qardaşını itirmiş adamdır. Mən ona necə deyə bilərəm ki, bu videoları yay, ya yayma?
[b]- Yayılan videolarla bağlı ictimaiyyətdə də birmənalı fikir yoxdur. Yəqin sosial şəbəkələrdə, qəzet yazılarına gələn şərhlərdə görürsüz ki, insanlar Elşad Abdullayevin dələduzlar tərəfindən aldandığını deyir. Hətta hökumət rəsmiləri də açıqlamalarında deyirdilər ki, ?Elşad Abdullayev dələduzlar tərəfindən aldadılıb. Və bunun günahı hökumətdə deyil, aldadılandadır?.[/b]
- Bilirsiz, biz bu işi yox, bu iş bizi mənimsəyib. Artıq Mahir Abdullayev işi ilə yatıb-dururuq. Başqa bir işlə məşğul olmaq mümkün deyil. Bu gün respublikada ən böyük problem ictimai qınağın olmamasıdır. İnsanlar şərh yazır, danışır. Amma hadisəni düz qiymətləndirmək lazımdır. Elşad Abdullayevin telefon danışıqları, videoları var. Məsələn, bir nəfər Elşad müəllimlə razılığa gəlir ki, gedirəm Mahiri gətirməyə və respublika hüdudlarından kənara çıxır. Elşad müəllim bir gün ərzində ona 70-80 telefon zəngi açır. O adamı pulla təmin edir, yemək yeməsi üçün yer göstərir, adamlar nişan verir ki, ona yardım etsinlər. Orda acınacaqlı bir vəziyyət yaranır. Elşad Abdullayev o adama bir dəfə zəng edəndə adam deyir ki, müəllim iki dəqiqə əvvəl zəng etmişdin, qoy işimizi görək də. Elşad müəllim də ona deyir ki, ?sən mənə 8-in yarısında söz vermişdin axı. Mənim ürəyim partlayır. Mənə heç nə demə, heç olmasa mənə hərdən zəng elə, məlumat ver vəziyyətlə bağlı?. Bu insan yalvarır, adi telefon zənginə görə sakitləşir. Biri deyir, gördüm, Elşad müəllim sakitləşir. O biri deyir, yerini bilirəm, bunun ürəyi rahat olur.
[b]- İtdiyi gündən bu vaxta qədər kimsə onun görüntüləri olan kaseti görübmü?[/b]
- Mən görməmişəm. Bəlkə də ailədən kimsə görə bilər, amma danışmaz. Bəlkə Elşad Abdullayev özü görüb, amma mənə deməyib.
[b]- Bir də səs məsələsi var. Elşad Abdullayev deyirdi ki, qardaşıma işgəncə verirdilər və mən onun səsini eşidirdim. Bu nə zaman olub?[/b]
- Elə bir söhbət olub. Düzü, mənim bu barədə detallı bilgim yoxdur. Həmin vaxt mən xidməti işimlə bağlı hardasa başqa yerdə olmuşam. Amma bu söhbət mənim ailəmdə olub.
musavat.com