Bakıda daha bir gözlənilməz hadisə; 3 min tələbə universitetləri boykot edir

img

27-02-2013 [01:33]


Fevralın 27-də gözlənildiyi kimi tələbələr təhsil aldıqları universitetləri boykot ediblər. Onlar dərsə getməkdən imtina ediblər. Belə ki, facebook sosial şəbəkəsində yaradılmış çağırış səhifəsində göstərilib ki, tələbələrin boykot aksiyasına 3 mindən çox gənc qoşulub. Əldə etdiyimiz məlumata görə, universitet rəhbərləri tələbələrin dərsləri boykot aksiyasına ciddi reaksiya verib. Universitetlərdə dekanlar və onların köməkçiləri hər dərs başlayarkən dərs auditoriyalarına daxil olub, tələbələrin davamiyyətini yoxlayıblar. Dərslərdə iştirak etməyən tələbələrin adları götürülərək rektorluğa göndərilib. Bunları etməkdə məqsəd isə tələbələri qorxutmaqdır. Facebook-da yayılan xəbərlərdə deyilir ki, Memarlıq və İnşaat Universitetində tələbələri qovmaqla hədələyiblər. Kooperasiya Universitetinə isə Təhsil Nazirliyindən yoxlama gəldiyi qeyd olunub. Dövlət Neft Akademiyasında isə xəbərdarlıq olunub ki, dərsə gəlməyən töhmət alacaq. Boykot kampaniyası ilə bağlı yayılmış bəyanatda isə deyilir ki, təhsildə rüşvətə köklü və birdəfəlik son qoyulsun, cavan kadrlar müəllim kimi işə cəlb olunsun, tələbələrin təkcə nəzəri deyil, eyni zamanda real və effektiv praktiki biliklərə yiyələnməsinə şərait yaradılsın, onların işlə təmin olunmasına dair effektiv universitet daxili mərkəzlər istifadəyə verilsin, dövlət sifarişli qəbul yerlərinin azalması tendensiyası dayandırılsın, təhsil haqları maksimum azaldılsın. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynovzadə isə APA-ya bildirib ki, ölkənin bütün ali təhsil ocaqlarında tədris adi günlərdən biri kimi davam edir. Onun sözlərinə görə, tələblərin davamiyyətində adi günlərlə müqayisədə heç bir fərq və problem yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA